“ABŞ-ın sanksiyaları Ermənistanın manevr meydanını daraldıb” Siyasət

“ABŞ-ın sanksiyaları Ermənistanın manevr meydanını daraldıb”

Ermənistanın xarici işlər nazirinin keçmiş müavini, fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan hesab edir ki, "ABŞ-ın yeni antirusiya sanksiyaları zərfi tətbiq ediləndən sonra Ermənistanın Amerika və Rusiya arasında geopolitik manevr deşiyi daha da daralıb".
Səfir mətbuat konfranslında qeyd edib: Rusiya-Amerika münasibətlərinin pisləşməsi Qafqazarxası ölkələrə, xüsusən Ermənistana da təsir edəcək. Rusiya iqtisadi baxımdan Ermənistan sənaye məhsullarının əsas satış bazarı, həmçinin bu respublikanın əsas "transfert donor"udur.
Diplomatın sözlərinə görə, bununla bağlı Rusiya iqtisadiyyatındakı durumun mümkün pisləşməsi Ermənistan iqtisadiyyatı üçün ifrat dərəcədə əlverişsiz ssenaridir: "Söhbət birinci növbədə sözügedən transfertlərdən gedir. Rusiyadan Ermənistana hər il özəl pul köçürmələri həcmi 1,3-1,5 milyard dollar təşkil edir. Bu, Ermənistanın illik büdcəsinin, demək olar, yarısıdır və əsasən, idxalat və ixracat arasındakı çatı bağlamağa yönəldilir. Ermənistanda idxalat ixracatın həcmini, təxminən, iki dəfə üstələyir".
Lakin sanksiyaların siyasi yönü də az önəmli deyil. Navasardyanın hesab etdiyi kimi, ABŞ Putinin beynəlxalq və Rusiya siyasətində, o cümlədən postsovet məkanında mövqeyinin zəifləməsi üçün vəzifələr qoyur.
Diplomatın dediyinə görə, ABŞ-ın antirusiya siyasəti təkcə Rusiyanı iqtisadiyyatca boğmaq cəhdlərində deyil, Putin siyasətinin Rusiyada və qonşu ölkələrdə nüfuzdan salınmasında ifadə olunur.
Navasardyan yekun vurub: "Bu cür tendensiyalar Ermənistanın bəzi siyasi və ekspert dairələri və KİV-lərdə aydın şəkildə gözə dəyir. Bu arada isə Putinin siyasi Olimpdən gedişinin nəticələri o cümlədən Ermənistan üçün də acınacaqlı olacaq. Putin amili istər Türkiyə ilə münasibətlər, istərsə də Qarabağ münaqişəsi olsun, bir sıra həssas məsələlərdə önləyici amildir. Hesab etmək yanlışdır ki, Moskvada istisnasız olaraq Ermənistanyönlü siyasətçilər oturub. Orada Türkiyə və Azərbaycan maraqlarının lobbiçiləri çoxdur".