Lavrov vəziyyəti son həddə çatdırıb Siyasət

Lavrov vəziyyəti son həddə çatdırıb

Tofiq Zülfüqarov: "Rusiyanın izolyasiyaya düşməsinin əsas səbəbkarlarından biri də nazir Lavrovdur"

Sabiq xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarov Teleqrafa regionda baş verən proseslər, Qarabağ konfliktinə dair danışıqlar prosesinin durumu, ABŞ-Rusiya qarşıdurmasının Azərbaycana mümkün təsirləri, Ermənistanın cəbhədə həyata keçirdiyi təxribatların əsas məqsədi və digər mövzularda fikirlərini bölüşüb.
Müsahibəni oxucularımıza təqdim edirik:

- Tofiq müəllim, erməni tərəfi cəbhə zonasında mülkü əhalini atəşə tutur. Ötən gün Tovuz istiqamətində bir azyaşlı yaralanıb, dünən isə düşmən cəbhədə diversiya həyata keçirməyə cəhd göstərib. Cəbhədə yaranan durumu necə qiymətləndirirsiniz?
- Ermənilərin aktivliyi onunla bağlıdır ki, cəbhədə hərbi əməliyyatların bərpa olunmasına nail olsunlar. Beləcə, Rusiyanı seçim qarşısında qoysunlar ki, Rusiya bəzi dairələrin onlara vəd verdiyi kimi köməklik edəcək, ya yox. Məqsəd bundan ibarətdir. Erməni tərəfi başa düşür ki, gələn il həm Rusiyada, həm də Ermənistanda dəyişiklik ola bilər. Çünki gələn il Rusiyada seçkilər keçiriləcək, mümkündür ki, hökumətin tərkibində dəyişikliklər baş versin. Ermənistanda da seçki olacaq, son referendumda qəbul edilən qanunlar qüvvəyə minəcək, indiki prezidentin səlahiyyətlərini faktiki itirəcək. Yeni dəyişikliklərə əsasən, parlament çərçivəsində baş nazir seçiləcək. Təbbi ki, bu siyasi hadisələr üçün erməni tərəfi siyasi dividentlər əldə etməyə çalışır. Onlar bilir ki, təklikdə hərbi baxımdan Azərbaycanın qarşısında tab gətirə bilməz. Odur ki, erməni tərəfinin hərbi və siyasi rezervi olan Rusiya ilə münasibətləri indidən aydınlaşdırmağa çalışır. Şübhəsiz ki, Rusiyanın bəzi dairələri ermənilərə dəstək verməkdə davam edir. Ancaq Rusiya rəhbərliyi istəmir ki, hadisələr bu şəkildə baş versin.
Azərbaycan da öz tərəfindən indiki mərhələdə ictimai rəyə diqqət edir. Təbii ki, ictimai rəy istəyir ki, erməni təxribatlarına son qoyulsun. Çünki bir müddət əvvəl ermənilər cəbəhədə mülkü əhalini atəşə tutdu, bir azyaşlı həlak oldu. Bu, ictimaiyyətdə ciddi rezonans yaratdı. Ötən gün erməni tərəfi bizim yaşayış məntəqəsini atəşə tutub, nəticədə bir uşaq yaralanıb. Erməni tərəfi hesab edir ki, mülkü əhalini atəşə tutmaqla və mülkü əhaliyə xəsarət yetirməklə Azərbaycanda ictimai rəyi daha sərt məcraya yönəldəcək. Bu cür siyasi oyunlar gedir. Məncə, erməni tərəfinin bu məqsədi bizim hakimiyyət dairələrinə bəllidir. Eyni zamanda istisna etmirəm ki, Soçidə görüş zamanı müzakirə edilən məsələlərdən biri də bu olub. Nəzərə alın ki, rus politoloqlar üçüncü qüvvələrin fəal olduğunu və Rusiya-Azərbaycan münasibətlərinə təsir etmək üçün çalışdıqlarını qeyd etdilər. Biz başa düşürük ki, söhbət Rusiyada olan erməni diasporundan, hakimiyyətdə olan erməni mənşəli insanlardan gedir. Onlar bunda maraqlıdır. Məncə, çox təhlükəli dövrdür. Ümidverici hal ondan ibarətdir ki, həm Azərbaycan rəhbərliyi, həm də Putinin bu planlardan xəbərləri var. Mən vəziyyəti bu cür görürəm. Təbii ki, informasiya azlığı səbəbindən konkret hansısa məsələləri demək çətindir.
- İşğal edilən ərazilərimizlə bağlı danışıqlar prosesinin indiki durumu barədə düşüncəniz nədir?
- İlin əvvəlindən mən və digər araşdırma aparan mütəxəssislər qənaətə gəliblər ki, Ermənistan tərəfi və təəssüflər olsun ki, danışıqların həvalə edildiyi Rusiya Xarici İşlər Nazirliyi, eləcə də ermənipərəst mövqeyini daima nümayiş etdirən Lavrov vəziyyəti son həddə çatdırıb. Danışıqların mənası və perspektivi görünmür. Bu qənaət ilin əvvəlindən ifadə edilirdi. Fikrimcə, danışıqlar prosesi bu xətlə davam edəcəksə, onun heç bir perspektivi olmayacaq. Çünki Rusiyada olan siyasi dairələr, erməni diasporu ssenarini bu şəkildə qurublar. Onlar istəyirlər ki, provakasiya etsinlər, Rusiya seçim qarşısında qalsın. Ondan sonra bu qüvvələr açıq şantaja keçərək Rusiyaya deyə bilərlər ki, siz bizə köməklik etmədiniz, biz Qərb istiqamətli siyasət aparacağıq. Bu baxımdan Ermənistanın təxribatları təkcə cəbhə xəttində deyil, həm də danışıqlar ətrafında olan həmsədr ölkələrdə də baş verir.
- Rusiyanın mövqeyini izah etdiniz, digər həmsədr olan Fransa və ABŞ-ın fəaliyyətinin sıfır ətrafında olmasına səbəb nədir?
- Digər həmsədrlərlə bağlı "sıfır ətrafında olan fəallıq" ifadəsini işlətməkdə tamamilə haqlısınız. Sıfır ətrafında olan fəallığı Angela Merkelin məşhur bəyanatı ilə əlaqələndirmək daha yaxşı olardı. Merkel bəyan etmişdi ki, Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinə dair vasitəçiliyini dəstəkləyirik. Demək olar ki, Qərb imkan verib ki, Rusiya burada fəallıq göstərsin. Lakin görünən odur ki, bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyində cəmləşən vasitəçilik iflasa uğrayıb. Bu, Rusiya üçün bəllidir. Mən digər həmsədr ölkələrin vasitəçilik edərək bu xətti poza biləcəklərini görmürəm. İstisna etmirəm ki, Rusiya daxilində digər qüvvələr bu ssenarinin qarşısını almaq üçün fəallıq göstərsin və Putin də bu dairələrə müəyyən qədər dəstək versin. Təbii ki, Rusiyada Ermənistanın maraqlarını müdafiə edən dairələr mövcuddur, amma istisna etmirəm ki, bu ölkədə real siyasətin tərəfdarları Azərbaycanı bir partnyor kimi itirməyin Rusiyanın xeyrinə olmayacağını anlayırlar. Bu baxımdan seçim qarşısında qalan Rusiya rəhbərliyi Azərbaycan-Rusiya əlaqələrinin inkişafını istəyən dairələrə dəstək verəcək. Əslində, bu prosesin baş verdiyini də qeyd etmək olar. Hazırda Rusiyada müəyyən proseslər müşahidə edilir və maliyyə-bank sektorunda olan erməni mənşəli insanlar səhnədən kənarlaşdırılır. Bu yaxınlarda Rusiyada Banklar Birliyinin rəhbəri olan erməni postundan kənarlaşdırıldı. Bu, ciddi prosesdir. Çünki erməni diasporunun əlində olan bu instrumenti bir növ ermənilərin əlindən alıblar. Əslində, gözəgörünməyən digər proseslərin də baş verdiyini istisna etmirəm.
- Siz, hansı prosesləri nəzərdə tutursunuz?
- Mənə elə gəlir ki, ABŞ-ın Rusiyaya sanksiyaları şimal qonşumuzun iqtisadiyyatı üçün ciddi zərbədir. Təbii ki, buna görə, daxili iradlar həm də Rusiya Xarici İşlər Nazirliyinə olub. Çünki aparılan xarici siyasətin nəticəsində Rusiya izolyasiya edilib. Təbii, hamı anlayır ki, Rusiyanın düşdüyü vəziyyətə görə ancaq Xarici İşlər Nazirliyi günahkar deyil, amma burada xarici siyasətin formalaşmasında, onun icrasında iştirak edən Xarici İşlər Nazirliyinin də ciddi payı var. Adətən nazirlik səfirlərdən, digər mənbələrdən gələn informasiyanı analiz edərək addımlar atır. Bu mənada Rusiyanın izolyasiyası həm də onun nəticəsidir ki, dövlət başçısına qeyri-peşəkar analizlər təqdim edilib. Bu mənada Rusiyanın izolyasiyaya düşməsinin əsas səbəbkarlarından biri də nazir Lavrovdur. Hesab edirəm ki, Rusiya rəhbərliyi daxilində belə kritik analizlər gedir. Və Lavrovun rolu bizim konfliktlə bağlı mənfi olduğu kimi, digər məsələdə də gündəmə gəlməkdədir. Baxaq görək, hadisələr hansı istiqamətdə inkişaf edəcək.
- Hazırda Rusiya-ABŞ arasında "soyuq müharibə"nin təzahürləri açıq hiss olunur. Çox böyük ehtimalla Avropa və Fransa da bu müharibədə Vaşinqtonun yanında yer alacaq. Bu geosiyasi mübarizənin təzahürləri Gürcüstanda, Ukraynada özünü göstərir. Nəzərə alsaq ki, bu qarşıdurmanın tərəfləri həm də Minsk Qrupunun vasitəçiləridir, o halda bu qarşıdurma Qarabağ münaqişəsinə hansı təsirlər göstərə bilər?
- Mən istəməzdim ki, qarşıdurma Qarabağ konfliktində özünü göstərsin. Bəziləri düşünür ki, guya Qərb-Rusiya qarşıdurmasında biz Qarabağ məsələsində nəsə uduş əldə edə bilərik. Ancaq bilmək lazımdır ki, belə qarşıdurmalarda ilk zərər çəkənlər elə problemini həll etmək istəyən həmin kiçik dövlətlər olub. Bu baxımdan hesab edirəm, Azərbaycanın siyasəti ondan ibarət olmalıdır ki, bu qarşıdurma başqa nöqtələrdə yaşansın və bizdən uzaq olsun. Artıq Ermənistan bu qarşıdurmadan istifadə etmək siyasətini aparır. Onların Rusiyanı şantaj etməsinin bir istiqaməti də odur ki, əgər Rusiya bizə köməklik etməsə, biz qərbyönlü siyasət aparacağıq. Bu avantürist siyasətdir. Biz belə siyasətdən çəkinməli, addım atanda 10 dəfə düşünməliyik. Baxaq görək qarşıdurma harada özünü göstərəcək. Baxın, Koreyada belə bir qarşıdurma olmuşdu. Ancaq bundan nə Amerika, nə də SSRİ ciddi əziyyət çəkdi. Əvəzində Koreya xalqı hər iki tərəfdən böyük itkilərə məruz qaldı. Eləcə də misal kimi Əfqanıstanı, Veytnamı, Liviyanı və Suriyanı göstərə bilərik. Sanki ağalar dava edirlər, amma kasıblar ölür. Hazırda Ermənistanın avantürist siyasəti bu istiqamətdədir. Biz bundan kənarda olmalıyıq.
- Prezident Putinin Abxaziya səfəri MDB məkanında mövcud olan münaqişələrə hansı təsir göstərəcək?
- Gəlin açıq danışaq, Rusiyaya sanksiyaların qəbul olunmasının səbəbləri var. Bu səbəblərdən biri Rusiyanın postsovet məkanında siyasətinin getdikcə açıq formada üzə çıxmasıdır. Məsələn, Rusiyanın Gürcüstan siyasəti ilkin mərhələli idi, amma o qədər büruzə vermirdi. Lakin Ukrayna ilə bağlı siyasəti açıq qarşıdurmaya gətirdi. Yəni Rusiyanın postsovet məkanında olan siyasəti bu sanksiyaların əsas səbəblərindədir. Putinin Abxaziyaya səfərini isə Rusiyanın bu siyasətinin davamı kimi görürəm. Rusiya göstərmək istəyir ki, bu siyasəti davam etdirəcəyik. Yəni bizim maraqların əsas sferasıdır və bundan imtina etməyəcəyik. Siz Gürcüstanı NATO üzvü edəcəksiniz, yoxsa etməyəcəksiniz, biz bütün hallarda bu siyasətimizi davam etdirəcəyik. Mənə elə gəlir ki, bu addımlar inersiya xarakteri daşıyır. Amma istər-istəməz tərəflərin hansı gücə malik olmasının nisbəti sözsüz ki, Qərbin tərəfindədir. İqtisadi baxımdan Rusiya bu qarşıdurmaya tab gətirə bilməz. Məncə, hansısa bir mərhələdə Rusiya bu siyasətinin korreksiyasına gedəcək, bu siyasətdən çəkilməli olacaq. Baxaq görək gələcəkdə proseslər necə olacaq. Amma qarşıdan gələn əsas proseslərin əsas oyunçusu olmamaq üçün Azərbaycan ehtiyatlı siyasət aparmalıdır.