“İpək yolu layihəsi üzrə ən yaxşı variant seçiləcək“ Siyasət

“İpək yolu layihəsi üzrə ən yaxşı variant seçiləcək“

"İpək yolu" layihəsi çərçivəsində dəmiryolu magistralı marşrutu hələlik müzakirə olunur. Ən yaxşı variant seçiləcək".
Bunu Rusiya prezidenti Vladimir Putin Çində keçirilən BRİKS sammitinin yekununa dair keçirilən mətbuat konfransında bildirib.
"Biz Şimal dənizi yolu üzrə birgə işi fəal müzakirə edirik. Biz digər marşrutları da öyrənirik. Məsələn, "Şimal-Cənub" marşrutunu. Biz Hindistanın baş naziri ilə qeyd etmişik ki, konteynerlərin birinci partiyası İran və Azərbaycandan keçməklə artıq Sankt-Peterburqa çatıb və geri qayıdıb. Bütün bunlar praktik planda öyrənilir. Hansı daha effektiv olacaq? Test sınaqlarına baxacağıq və ən optimal qərarı seçəcəyik", - deyə V. Putin qeyd edib.
Rusiya prezidentinin sözlərinə görə, ölkəsinin xüsusi idarə və şirkətləri, eləcə də digər ölkələrdən tərəfdaşlar "İpək yolu"nun çəkilməsi məsələsini öyrənirlər: "Qazaxıstandan avtomobil yolu praktik olaraq çəkilib. Biz işimizin özümüzə aid hissəsini vaxtında yerinə yetirməliyik. Çindən də yol gedir. Dəmir yolu marşrutlarına gəldikdə burada müxtəlif variantlar ola bilər: Qazaxıstandan keçməklə sonra bir qədər şərqə və cənuba, İrana doğru, ya da Rusiya ərazisindən keçməklə".
V.Putin Çin hökumətinin Moskva-Kazan yüksəksürətli dəmir yolunun inşasında iştirak etməyi planlaşdırdığını da söyləyib: "Rusiya ərazisindən keçməklə yüksəksürətli sərnişin-yük dəmir yolunun mümkünlüyü müzakirə edilir. Əgər bu layihə reallaşdırılarsa, onda qatarların 200 km/saat sürətlə hərəkəti mümkün ola bilər. Bu o deməkdir ki, 3-4 günə yük Çindən Almaniyaya çatdırılacaq. Bunlar çox maraqlı, perspektivli, lakin dəqiqləşdirilməsi tələb olunan layihələrdir".