
2026-cı il iyulun 31-də Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında yeni səhifə açmaqla yanaşı, iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini də nümayiş etdirdi. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və qəbul olunan qərarlar göstərdi ki, Bakı ilə Bişkek arasında əməkdaşlıq artıq yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda real iqtisadi layihələr, investisiyalar, sənaye kooperasiyası və regional inteqrasiyaya söykənən strateji tərəfdaşlıq modelinə çevrilir.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin mətbuata bəyanatında xüsusi vurğuladığı məsələlərdən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi oldu. Dövlət başçısı bildirdi ki, Fondun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə razılıq əldə olunub. Bu qərar təkcə maliyyə göstəricisinin artırılması deyil, eyni zamanda iki ölkənin iqtisadi əməkdaşlığının gələcəyinə olan qarşılıqlı etimadın göstəricisidir.
"İnvestisiya fondları müasir iqtisadi münasibətlərdə uzunmüddətli əməkdaşlığın əsas alətlərindən biri hesab olunur. Onlar biznes layihələrinin maliyyələşdirilməsinə, yeni istehsal sahələrinin yaradılmasına, innovativ texnologiyaların tətbiqinə və özəl sektorun inkişafına imkan yaradır. Azərbaycan ilə Qırğızıstan arasında yaradılmış birgə Fond da məhz bu məqsədlərə xidmət edir. Fondun kapitalının artırılması isə onu göstərir ki, artıq ilkin mərhələdə əldə olunan nəticələr yeni layihələrin maliyyələşdirilməsi üçün əlavə resursların ayrılmasını zəruri edib" - deputat vurğulayıb.
O, qeyd edib ki, Azərbaycan son illərdə xarici investisiya siyasətində yeni yanaşma formalaşdırıb. Əgər əvvəlki dövrlərdə əsas diqqət ölkəyə xarici sərmayənin cəlb edilməsinə yönəlirdisə, hazırda Azərbaycan özü region ölkələrinə investisiya yatıran və iqtisadi inkişaf layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bu yanaşma Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi diplomatiyanın mühüm istiqamətlərindən biridir:
"Qırğızıstan bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri olan Qırğız Respublikası geniş təbii ehtiyatlara, kənd təsərrüfatı potensialına, turizm imkanlarına və əlverişli coğrafi mövqeyə malikdir. Azərbaycan isə enerji, logistika, nəqliyyat, maliyyə və sənaye sahələrində zəngin təcrübəyə sahibdir. Bu üstünlüklərin birləşdirilməsi hər iki ölkə üçün qarşılıqlı fayda yaradır".
Ş Seyidzadə deyib ki, səfər zamanı diqqət çəkən mühüm hadisələrdən biri İssık-Kul gölünün sahilində yerləşən "Baku Resort & Spa" hotel kompleksinin açılışı oldu. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən bu müasir turizm obyektinin "Bakı" adını daşıması təsadüfi deyil. Bu layihə Azərbaycan investisiyasının Qırğızıstan iqtisadiyyatında artıq konkret nəticələr verdiyini nümayiş etdirən uğurlu nümunələrdən biridir:
"Azərbaycan–Qırğızıstan iqtisadi əməkdaşlığının digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Müasir dövrdə beynəlxalq ticarətin əsas dayaqlarından biri etibarlı nəqliyyat marşrutlarıdır. Bu baxımdan Azərbaycan Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biri kimi çıxış edir.
Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları və Xəzər dənizi üzərindən yükdaşımaların genişləndirilməsi Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Qırğızıstan üçün də bu marşrutlar dünya bazarlarına daha sürətli və təhlükəsiz çıxış baxımından mühüm əhəmiyyət kəsb edir".
Deputat vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əlaqələrinin genişləndirilməsi ölkənin xarici iqtisadi strategiyasının mühüm istiqamətlərindən biridir. Son illər Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə həyata keçirilən birgə layihələr regionun iqtisadi xəritəsində yeni əməkdaşlıq modeli formalaşdırır.
Bu model yalnız dövlətlərarası münasibətlərə deyil, biznes dairələrinin əməkdaşlığına da əsaslanır. Birgə investisiya fondlarının yaradılması, sahibkarlar forumlarının keçirilməsi, sənaye kooperasiyası və innovativ layihələrin dəstəklənməsi özəl sektorun fəallığını artırır.
Cavid