
“Sağlam həyata qayıdış narkotik maddədən imtina etməklə məhdudlaşmır. Bu, fiziki, psixoloji və sosial amillərin vəhdət təşkil etdiyi uzunmüddətli bərpa prosesidir. İnsanların yaşadığı mühit, gündəlik həyat tərzi və hətta hava şəraiti də reabilitasiya prosesinin gedişinə əhəmiyyətli təsir göstərə bilər. Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, iqlim dəyişiklikləri və kəskin hava şəraiti asılılıqdan müalicə alan insanların həm emosional vəziyyətinə, həm də ümumi sağlamlığına təsirsiz ötüşmür. Xüsusilə yay aylarında yüksək temperatur orqanizmdə maye itkisini artırır, yuxu rejimini poza və stress səviyyəsinin yüksəlməsinə səbəb ola bilir. Bu dəyişikliklər reabilitasiya mərhələsində olan şəxslərdə narahatlıq, əsəbilik və emosional gərginliyi artıraraq yenidən narkotik istifadəsinə meyli gücləndirə bilər. Bundan əlavə, bəzi stimullaşdırıcı narkotik maddələr bədən temperaturunu yüksəltdiyi üçün isti hava onların yaratdığı riskləri daha da artırır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı-ekspert Məhbubə Mehdiyeva söyləyib.
M.Mehdiyeva qeyd edib ki, qış mövsümündə isə günəş işığının azalması, uzun müddət qapalı məkanlarda qalmaq, fiziki aktivliyin zəifləməsi və sosial təmasların azalması depressiv əhvalın və tənhalıq hissinin yaranmasına şərait yaradır: “Bu hallar relaps, yəni yenidən narkotik istifadəsinə qayıtma riskini artıran əsas amillərdən hesab olunur. Bununla yanaşı, sağalma prosesində hava şəraitindən daha mühüm rol oynayan amil insanın yaşadığı sosial mühitdir. Ailədaxili gərginlik, davamlı stress, narkotik istifadə olunan çevrə və mənfi sosial təsirlər reabilitasiyanın nəticələrinə mənfi təsir göstərə bilər. Əksinə, ailənin dəstəyi, sağlam ünsiyyət, təhlükəsiz sosial mühit və nizamlı həyat tərzi insanın bərpa prosesini sürətləndirən vacib amillərdəndir”.
Ekspertin sözlərinə görə, reabilitasiya dövründə açıq havada gəzmək, park və yaşıllıq ərazilərində vaxt keçirmək, yüngül fiziki aktivliklə məşğul olmaq faydalıdır: “Yay aylarında kifayət qədər su qəbul etmək, günün ən isti saatlarında uzun müddət günəş altında qalmamaq və orqanizmi susuzlaşdırmamaq xüsusi əhəmiyyət daşıyır. Mövsümi meyvə və tərəvəzlər, göyərtilər, süd məhsulları, balıq, yumurta və yağsız ət orqanizmin bərpasına müsbət təsir göstərir. Qarpız, yemiş, xiyar və pomidor kimi su ilə zəngin məhsullar isə yay aylarında maye balansının qorunmasına kömək edir. Asılılıqdan sağalma uzunmüddətli və mərhələli bir prosesdir. Bu yolda tibbi müalicə ilə yanaşı, sağlam mühit, düzgün qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və ailə dəstəyi insanın yenidən sağlam həyata qayıtmasına və əldə olunan nəticələrin davamlı olmasına mühüm töhfə verir”.
Röya İsrafilova