Hikmət Hacıyev: Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarıldıqdan sonra yekun sülh müqaviləsi üçün problem qalmır Siyasət

Hikmət Hacıyev: Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarıldıqdan sonra yekun sülh müqaviləsi üçün problem qalmır

Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəanın çıxarılmasını gözləyirik.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib.

“Ermənistanda tezliklə yeni konstitusiyanın qəbul edilməsi üzrə proses başlayacaq. Bu xüsusda aldığımız siqnallar bundan ibarətdir. Ola bilsin ki, referendum keçirilsin. Preambulada Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasından çıxarıldıqdan sonra biz yekun sülh müqaviləsinin imzalanması üçün bir problem görmürük”, - Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, bununla belə, bölgədə de-fakto sülh var.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.