“Bu hadisədən sonra gərginlik artacaq” Gündəm

“Bu hadisədən sonra gərginlik artacaq”

“Qara dənizdə baş verən bu hadisə, yəni Ukraynanın Türkiyə gəmisini vurması bir daha göstərir ki, Rusiya-Ukrayna müharibəsinin coğrafiyası təkcə hərbi əməliyyatlarla məhdudlaşmır, eyni zamanda, beynəlxalq dəniz daşımaları və mülki logistika zəncirlərinə də təsir göstərir. Əgər hadisənin təfərrüatları rəsmi araşdırmalarla təsdiqlənərsə, bu, bölgədə təhlükəsizlik risklərinin artdığını və mülki gəmiçiliyin daha mürəkkəb şəraitdə fəaliyyət göstərdiyini göstərən növbəti nümunə kimi qiymətləndirilə bilər. Bununla belə, mövcud mərhələdə emosional və ya tələsik nəticələr çıxarmaq doğru olmazdı. İlk növbədə insidentin bütün detallarının, o cümlədən hücumun xarakterinin, hüquqi qiymətləndirilməsinin və beynəlxalq dəniz hüququ baxımından nəticələrinin aydınlaşdırılması vacibdir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, geosiyasi baxımdan isə hadisə Qara dənizin təhlükəsizlik mühitinin daha da mürəkkəbləşdiyini göstərir: “Son dövrdə dəniz nəqliyyatı marşrutları, liman infrastrukturu və logistika xətləri tərəflərin strateji hesablamalarında mühüm yer tutur. Belə şəraitdə mülki gəmilərin təhlükəsizliyinin təmin edilməsi təkcə müharibə tərəflərinin deyil, beynəlxalq dəniz ticarətində maraqlı olan bütün dövlətlərin diqqət mərkəzində qalacaq. Bu hadisədən sonra regionda gərginliyin müəyyən dərəcədə artması ehtimalı istisna deyil. Lakin bunun daha geniş eskalasiyaya çevriləcəyini indidən söyləmək çətindir. Hadisənin gələcək təsiri əsasən tərəflərin verəcəyi siyasi və diplomatik reaksiyalardan, həmçinin beynəlxalq ictimaiyyətin məsələyə münasibətindən asılı olacaq. Hazırkı mərhələdə ən doğru yanaşma hadisəni təsdiqlənmiş faktlar əsasında qiymətləndirmək və vəziyyətin inkişafını diqqətlə izləməkdir”.

Röya İsrafilova