11:23
399
Azərbaycanın Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku strateji inteqrasiya olunmuş aktiv kimi yeni mərhələyə qədəm qoyub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, Azərbaycanda AÇG yataqlar blokunda artıq sərbəst təbii qazın kommersiya hasilatına başlanılıb.
Bildirilir ki, təxminən 30 ilə yaxındır neft hasil olunan AÇG yatağında sərbəst qaz ehtiyatları 115 milyard kubmetr (4 trilyon kubfut) həcmində qiymətləndirilir və bu göstəricinin 6 trilyon kubfuta qədər artmaq potensialı mövcuddur.
“İlk quyu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən mövcud Qərbi Çıraq platformasından qazılıb. Bununla da AÇG neft və qaz hasilatını birləşdirən strateji inteqrasiya olunmuş aktiv kimi yeni mərhələyə qədəm qoyub”, - hesabatda vurğulanır.
Qeyd edək ki, AÇG tərəfdaşlarının STQ layihəsindəki iştirak payları AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında sazişdə olduğu kimidir: bp – operator (30,37%), SOCAR (35,3%), MOL (9,57%), INPEX (9,31%), “ExxonMobil” (6,79%), “TPAO” (5,73%), “ONGC Videsh” (2,92%).