“ABŞ İranın bölgədə daha da güclənməsindən narahatdır” Siyasət

“ABŞ İranın bölgədə daha da güclənməsindən narahatdır”

"ABŞ Kərkük döyüşlərindən sonra İranın bölgədə daha da güclənməsindən narahatdır və onun ənənəvi düşməni Səudiyyə Ərəbistanı ilə birgə mübarizə planlarını müzakirə edib".
Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Səudiyyə Ərəbistanına səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildrirərkən deyib. O bildirib ki, İraq terrorla mübarizə başa çatan kimi faktiki olaraq separatçı referendumdan dərhal sonra vətəndaş müharibəsi mərhələsinə daxil oldu: "Ölkədə İraq ordusundan başqa dövlətin rəsmi strukturları hesab edilən peşmərgə və Həşdi Şabi qüvvələri mövcuddur və döyüşlər məhz etnik, məzhəb fərqləri əsasında formalaşmış bu qüvvələr arasında gedir. Təsadüfi deyil ki, İraq Baş naziri Abadi də bu günlərdə Bağdada səfər edən, Həşdi Şabinin mövcudluğundan narahat olan ABŞ Dövlət katibi Tillersona bildirib ki, konstitusiyamız ölkə ərazisində xarici silahlı birləşmələrin olmasına icazə vermir. Abadi bunu Tillersonun "başda İranın dəstəklədiyi şiəyönümlü qüvvələr olmaqla, bütün xarici silahlılar öz vətənlərinə geri dönməlidir" bəyanatına cavab olaraq verib. Çünki ABŞ İranın dəstəklədiyi Həşdi Şabi güclərinin Kərkükü peşmərgədən azad etməsindən çox narahatdır. Bu, həm də İranın İraq üzərində təsirinin daha da artacağı təhlükəsi yaradır və amerikalıların planlarına uyğun gəlmir. Prezident Trampın İranı yenə dən küncə sıxışdırmaq, bu ölkə ilə olan nüvə razılaşmasını birtərəfli qaydada ləğv etmək istədiyi bir dövrdə İranın Yaxın Şərqdə mövqelərini gücləndirməsi narahatlıq yaradır".
Politoloq qeyd edib ki, bu gün Yaxın Şərqdə, konkret desək, İraqın özündə böyük güclərin maraq qarşıdurması yaranır:
"ABŞ İraq-Turkiyə, İraq-İran sərhədində, kürdlərin yayıldığı ərazilərdə öz hərbi bazalarını yerləşdirmək istəyir. Eyni zamanda, Mosul və Kərkükün nəzarətdə saxlanılması vacibdir. Kürd peşmərgələri ABŞ-ın etimadını doğrulda bilmədilər. İran onları öz nəzarətində olan Həşdi Şabi vasitəsilə Kərkükdən sıxışdırıb çıxardı. Eyni zamanda, İran İslam Respublikasının rəsmi silahlı qüvvələri olan İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Alayının generalı Süleymaninin Kərkükdə İraq ordusu ilə birgə peşmərgəyə qarşı vuruşması ABŞ-ın və Bərzaninin planlarını puç etdi. Burada təkcə Həşdi Şabi yox, Hizbullah da şiə dəstələrinə yardım göstərmişdir. Ümumiyyətlə, Süleymani çox təcrübəli strateqdir və Kərkükün peşmərgədən təmizlənməsində onun iştirakı İranın buraya böyük önəm verdiyini göstərir. Burada həm də böyük güclərin enerji maraqlarının da toqquşması sirr deyil. Tillerson özü də dövlət katibi olmazdan əvvəl "Ekxon Mobil" şirkətinin rəhbəri olub və ABŞ-ın siyasi elitasındakı butun şəxslər kimi siyasi xadimdən əvvəl bir biznesmendir".
Politoloq vurğulayıb ki, enerji ilə zəngin Kərkük ABŞ-ın yüz illik planlarına daxildir və bu gün onun hansı qüvvənin əlində olması çox önəmlidir: "Kərkük peşmərgənin, nəticə etibarilə ABŞ-ın əlinə keçərdisə, bu həm də zəngin neft quyularından gələn milyonlarla dolların İraqın nəzarətindən çıxması demək olacaqdı. ABŞ faktiki olaraq İraqda siyasi, enerji anklavı yarada bilər ki, bu, birbaşa İraq, İran, Türkiyənin maraqlarına ziddir. Tillersonun təcili Səudiyyə Ərəbistanı və İraqa səfər etməsi bunu deməyə əsas verir. Eyni zamanda, protokolda nəzərdə tutulmadığı halda Əfqanıstana baş çəkməsi ABŞ-ın İranla həmsərhəd olan bu ölkədə mövqeyini gücləndirmək planlarının olduğundan xəbər verir".
Qeyd edək ki, Tillerson Səudiyyədə səfərdə olarkən regional problemlərin və terrorizmlə mübarizənin gündəmdə olan məsələlərdən olduğunu vurğulamışdı.