“İnformasiya təhlükəsizliyinin təminatında, kütləvi informasiya vasitələrinin rolu böyükdür” Siyasət

“İnformasiya təhlükəsizliyinin təminatında, kütləvi informasiya vasitələrinin rolu böyükdür”

Hikmət Məmmədov: "Bu səbəbdən kütləvi informasiya vasitələrinə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac var"



2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin daha 5 komitəsinin – İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Regional məsələlər, Gənclər və idman komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
Müzakirələrdə adıçəkilən komitənin sədrləri və üzvləri ilə yanaşı, İnsan hüquqları üzrə müvəkkil ( Ombudsman) Elmira Süleymanova, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak ediblər.
Komitələrin birgə iclasına Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edib.
Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur.
Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir.
Parlamentin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, 33 rayon və şəhər büdcəsinin formalaşmasını öz gəlirləri hesabına həyata keçirir: "Bu əldə olunmuş ən böyük nailiyyətlərdəndir". O bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Həmçinin bu layihəni ölkəmizin beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirəm. Büdcə zərfində gəlirlərin və xərclərinin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim".
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova diqqətə çatdırıb ki, 2018-ci ildə Azərbaycanın turizm sektorunun 6,6% , daha sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırlır. Nazir müavini bildirib ki, artım İKT sektorunda da gözlənilir: "Belə ki, İKT sektorunda gələn il 5,1%, növbəti illərdə 6%-dən çox artım nəzərdə tutulur. Həmçinin gələn il ölkə iqtisadiyyatına 15,9 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır". S.Həsənova qeyd edib ki, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemili tədbirlər davam etdiriləcək.


İcra hakimiyyətləri bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, dotasiya ilə bərabarər bələdiyyələrə subvensiya verilməlidir: "Mən keçən dəfə də bu məsələni qaldırdım. Amma heç bir nəticə yoxdur. Mən başa düşmürəm bu laqeydlikdir yoxsa özlərini çətinliyə vermək istəmirlər?"
Deputat bildirib ki, yerli icra hakimiyyətləri bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır: "Bu il bələdiyyələrə subvensiya ayrılması məsələsi hələ də öz həllini tapmayıb. Bələdiyyələrin fəaliyyəti üçün büdcədən bu sahəyə 5, 2 milyon manat pul ayrılıb. Olmazdımı ki, bunun bir hissəsini subvensiya kimi verilsin? İnanmıram ki, hansısa sahəyə ayrılmış puldan kəsilib başqa sahəyə yönəldilsin. Ancaq burada xərclənən vəsaitə, görülən işlərə nəzarət etmək lazımdır. Çox xahiş edirəm ki, mənim bu suallarıma Milli Məclisin plenar iclasında büdcə müzakirəsi zamanı cavab verilsin. Elə olmasın ki, burada dediyim, burada da qalsın".
Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov vurğulayıb ki, Azərbaycan son dərəcədə mühüm günlərin axarında, astanasında yaşayır: "Bu səbəbdən büdcəmiz də İstiqlalımızın, Müstəqil dövlətimizin yüz illiyinə hesablanıb. Bu sənəddə mümkün risklər nəzərə alınıb, onu qənaətbəxş saymaq olar". Deputat sədri qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı çox sürətlə inkişaf edir, uğurlar göz önündədir: "Azərbaycanda hərbi-sənaye kompleksi, sənayesi uğurla inkişaf edir. Amma Azərbaycan kənd təsərrüfatı ölkəsi deyil. Azərbaycan geniş hərbi-sənaye ölkəsi də deyil. Azərbaycan mədəniyyəti ilə dünyaya səs salan bir ölkədir, Azərbaycanı dünyaya onun mədəniyyəti tanıdıb. Ona görə mədəniyyət sahəsinə daha çox diqqət göstərilməlidir. Büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir. Cüzi artımlar deyil, böyük artımlar nəzərdə tutulmalıdır".
O bildirib ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət quruculuğu siyasətində mədəniyyət sahəsi çox mühüm yer tutur: "Ölkə başçısı daim bu sahəni öz diqqət mərkəzində saxlayır. O, Azərbaycan mədəniyyətinin böyük dostudur. Bu baxımdan, mədəniyyət sahəsinə diqqət büdcə zərfində də öz əksini tapmaladır, büdcəni hazırlayan, formalaşdıran iqtisadi qurumlar bunu mütləq nəzərə almalıdırlar. Büdcədə bu məsələyə o qədər də ciddi diqqət ayrılmayıb. Biz bununla böyük inkişafa doğru gedə bilmərik. Odur ki, kino sahəsinə büdcədə daha ciddi diqqət yetirilməlidir, ayrılan vəsaitin həcmi artırılmalıdır. Bölgələrdəki kitabxanları dirçəltməliyik. Onları mədəniyyət mərkəzlərinə çevirməliyik. Amma bugünkü durumla uzğa gedə, keçmiş ənənələrimizi yaşada bilmərik".


"Siyasi partiyaların büdcəsinə yenidən baxılmalıdır"


Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki. Azərbaycanda məşğulluq idarələri mövcuddur: "Amma mən konkret olaraq bilmirəm ki, məşğulluq idarələrinin funksiyaları nədir? Mən gələn plenar iclasda məşğulluq idarələri ilə bağlı xüsusi yanaşmamı ortaya qoyacam. Bu gün biz bu idarələrdən eyni cavablar alırıq".
Komitə sədri bildirib ki, çox müsbət haldır ki, büdcədə sosial evlərlər və ipoteka ilə bağlı artımlar var: "İnşaat sektoru sadəcə hansısa bir binanın tikintisi demək deyil. İnsanlar bu obyektlərdə işləyirlər, vergi ödəyirlər. Yəni yeni iş yerləri yaradılır. İnsanların gəlir yerləri artır. İpoteka ilə bağlı artım isə onu özündə ehtiva edir ki, insanlar güzəştli ipoteka şərtləri ilə yeni mənzillərə sahib ola biləcəklər".
F.Muradov qeyd edib ki, bütün dünyada ali qanunvericilik orqanlarında təmsil olunan siyasi partiyaların büdcələri kifayət qədərdir: "Düşünürəm ki, siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə baxılmalıdır. Bu gün Azərbaycanın əleyhinə işləyən qurumlar, qeyri-hökumət təşkilatları var ki, onların büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur. Biz siyasi islahatların aparılmasını istəyiriksə, siyasi partiyaların büdcəsinə yenidən baxılmalıdır".
Komitə sədri bildirib ki, regionlar öz büdcələrinin formalaşdırılmasında fəal olmalıdırlar və investisiyalar cəlb etməlidirlər: "Bu gün Azərbaycanın büdcəsi ona imkan verir ki, bəzi bölgələrə dotasiyalar ayıraq. Amma yerli icra strukturlarının təkmilləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır". Deputatın sözlərinə görə, rəhbərlik etdiyi komitəyə ünavanlanan müraciətlərdən biri də tələbələrin təhsil haqqı ilə bağlıdır: "Bizə ünvanlanan müraciətlərdən görünür ki, insanlar təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Təhsil isə millətin gələcəyidir. Biz bununla bağlı Təhsil Nazirliyi və parlamentin Elm və təhsil komitəsi ilə birgə də ictimai dinləmələr aparacağıq".
Azərbaycan Respublikasının İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı çox danışılıb: "Amma heç bir irəliləyiş yoxdur. Belə olsa, onlar üçün də yaxşı olar. Məsələn, aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər".
Ombudsman bir sıra təkliflərlə çıxış edib: "Şəhid ailələrinə verilən sığortaların ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmçinin, regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır. Bu həm insanların öz hüquqlarını müdafiə etmək, həm də bəzi məmurların özbaşınalığının qarşısını almaq üçün dəyərli olardı".


"Ayrılan vəsait yetərincə deyil"


Deputat Hikmət Məmmədov söyləyib ki, informasiya təhlükəsizliyinin təminatında, kütləvi informasiya vasitələrinin rolu böyükdür: "Bu səbəbdən kütləvi informasiya vasitələrinə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac var". Deputat bildirib ki, Azərbaycanda çap mediasının saxlanmasına, bu sahənin inkişaf etdirilməsinə görə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna dövlət tərəfindən maliyyə vəsaiti ayrılır: "Hesab edirəm ki, ayrılan vəsait yetərincə deyil. Ölkə mediasının daha da inkişaf etdirilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılmalıdır".
Deputat ali təhsil müəssisələrində təhsil alan fiziki qüsurlu şəxslərin övladlarının təhsil haqqından azad edilməsi və ya digər güzəştlərin tətbiqini də təklif edib. H.Məmmədov Azərbaycanda aztəminatlı ailələrin, müharibə veteranlarının və valideynləri sağ olan qaçqın usaqların təhsil haqqından azad edilməsinə ehtiyac olduğunu qeyd edib: "Onsuz da belə insanların sayı azlıq təşkil edir".
Deputat Tahir Kərimli bildirib ki, hər il bir sıra sahələrə 10-20 faiz artım olur: "Amma 10 ildən çoxdur ki, Azərbaycanda siyasi partiyalara ayrılan vəsait artırılmır. "Siyasi partiyalar haqqında" qanunun 17-1-ci maddəsində göstərilib ki, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır.
Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir. Milli Məclisdə təmsil olunan siyasi partiyaya il ərzində 100 minə yaxın vəsait ayrılır. Bu da aya, təxminən, 8 min manat edir. Respublikanın 80-dan çox rayonu varsa və həmin siyasi partiyaların bölgələrdə strukturları olmalıdırsa, onda 8 min pulla bunları necə saxlamaq olar? Hesab edirəm ki, bu məsələyə baxılmalıdır".
Deputat Fazil Mustafa diqqətə çatdırıb ki, hər zaman hansısa bankın sağlamlaşdırılmasından söhbət gedir: "Bəs vətəndaşın sağlamlaşdırılması istiqamətində büdcədən nə qədər vəsait ayrılır? Rəqəm çox azdır. Hər hansı bankın ziyan etməsi vətəndaşın günahı deyil. Vətəndaş neyləsin ki, hər hansı bank büdcəyə ziyan vurub?" .
Deputatın sözlərinə görə, vətəndaşın sağlamlaşdırılması üçün büdcədə addımlar atılmalıdır: "İnsanların sosial şərtlər altında əzilməməsi üçün işlər görülməlidir. Bu yaxınlarda prezident təqaüdçüsü olan aktyor Rasim Balayev iki dərmandan birini ala bilir. Bu artıq vətəndaşın sağlamlaşdırılması baxımından vəziyyəti izah edir. Kino pul gətirən sahədir. Kinoya ayrılan 1 milyon yarım vəsaitlə büdcəyə hansı gəlir gətirmək olar? Gürcüstan bu gün büdcəsini turizmdən və kinodan qazanır. Onkoloji xəstələrin sayı çoxdur. Baxsanız, hamısı yoxsul ailələrdir. Onların müalicəsinə kömək edilməlidir. Əgər bu gün prezident təqaüdçüsü özünə dərman ala bilmirsə, deməli, bu haqda ciddi düşünmək lazımdır".
Deputat həmçinin büdcəyə pul gətirən sahələrin inkişafına vəsait ayrılmasının vacibliyini qeyd edib: "Kinematoqrafiyaya, turizmə ayrılan vəsait gələcəkdə büdcəyə gəlir gətirə bilər".
Büdcə müzakirələri ilə bağlı komitələrin birgə iclasları başa çatıb. "2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli məclisin plenar iclasına tövsiyə olunub. Noyabrın 21, 22, 23-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.


Əli