Sankt-Peterburqda dinlərarası dialoq mövzusunda beynəlxalq konfrans keçirilib Siyasət

Sankt-Peterburqda dinlərarası dialoq mövzusunda beynəlxalq konfrans keçirilib

Sankt-Peterburq şəhərində "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir Azərbaycan Rusiyadakı səfirliyinin dəstəyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq və Rusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsi tərəfindən təşkil edilib.
"İslam həmrəyliyi ili" çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutan konfransda QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclis üzvləri, Rusiya və Azərbaycan Elmlər Akademiyasının institut rəhbərləri, tanınmış elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti iştirak edib.
Konfrans "Qurani-Kərim"dən ayə oxunması ilə başlayıb.
Konfransı giriş sözü ilə Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu müsəlmanları Ruhani İdarəsinin sədri Ravil-Həzrət Pançeyev açıb. O, MDB məkanında müsəlman xalqlar arasında mehriban dostluq əlaqələrinin olduğunu söyləyib: "MDB məkanında müsəlman və digər dinlərə məxsus xalqlar arasında tarixi bağlılığın möhkəm əsası var. Bu gün Peterburqun Tavriçeski sarayında belə bir tədbirin keçirilməsi də MDB məkanında dinlərarası dialoqun mövcudluğunu göstərir".
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb, tolerantlıq və multikulturalizmin Azərbaycanda dövlət strategiyası olduğunu söyləyib: "Bu gün Azərbaycan prezidenti İlham Əliyevqlobal səviyyədə ümumbəşəri və dini dəyərləri müdafiəçisi kimi çıxış edir. İnanclı insanlar Azərbaycan prezidentinin 2017-ci ili "İslam həmrəyliyi ili" elan etməsini yüksək qiymətləndirirlər. Ksenofobiyanın, islamofobiyanın dərinləşməsi fonunda belə səylər bizə, din xadimlərinə dini dəyərlərin qorunması işində güclü stimul verir. "İslam həmrəyliyi ili" çərçivəsində Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada keçirilmiş və bu gün Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslar bu ideyaların qlobal əhəmiyyət daşıdığını göstərir".
Peterqof Arxiyepiskopu Amvrosiy Moskva və bütün Rusiyanın patriarxı Kirillin konfrans iştirakçılarına müraciətini, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov isə Federasiya Şurasının sədri Valentina Matviyenkonun konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Səfir Polad Bülbüloğlu isə çıxışında tədbir təşkilatçılarına təşəkkürünü bildirib. Bu tədbirin bu gün üçün böyük əhəmiyyət daşıdığını vurğulayan diplomat bir müddət əvvəl Moskvada keçirilən dini liderlərin görüşünü xatırladıb: "Biz 70 il kommunist rejimində yaşamışıq. Məktəbdə bizə Allahın olmadığını öyrədirdilər. Lakin bu rejimin süqutundan sonra insanlarımız tez bir zamanda dinə qayıtdılar. Bu gün Rusiyanın şimal paytaxtında keçirilən bu beynəlxalq konfrans xalqlarımız və ölkələrimiz arasında mehriban dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir".
Sonra konfrans işini plenar iclasla davam etdirib. İclasda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Mübariz QurbanlıAzərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və əmin-əmanlıq şəraitində yaşadığını söyləyib: "Bu gün Azərbaycan öz tarixininin ən maraqlı səhifələrindən birini yaşayır. Tarixən bizim ölkəmizdə müxtəlif xalqlar, millətlər və dinlərdən olan insanlar sülh şəraitində yaşayıblar, onlar arasında qarşılıqlı nifrətə yer olmayıb. Azərbaycanda mövcud olan dini tolerantlığın kökü əsrlər bundan öncəyə gedib çıxır".
M. Qurbanlı Azərbaycanda 28 qeyri-islam dini icmasının fəaliyyət göstərdiyini qeyd edib: "Onlardan 17-si xristian dini icmasıdır, hansılar ki, xristianlığın fərqli cərəyanlarına aiddir. Ən böyük qeyri-islam dini təşkilatı Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır. Azərbaycan eyni zamanda qədim kilsələrdən birinin - Alban Kilsəsinin vətənidir. Bu, şərqi pravoslavlığa aiddir. Alban udinləri tarixi Qafqaz Albaniyasının nəslindəndir. Udinlər bu günə kimi bizim ölkəmizdə yaşayırlar. Azərbaycanda tarixən formalaşan tolerant adət-ənənələr sayəsində udinlər müsəlmanlar arasında öz doğma dillərini, dini xüsusiyyətlərini qoruyub saxlaya biliblər".
Plenar iclasda "Rusiya-İslam Dünyası" strateji baxış Qrupunun koordinatoru Veniamin Popov, Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, müfti İsmayıl Verdiyev, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitunun direktoru Vitali Naumkin, REA-nın Əlyazmalar İnstitunun direktoru İrina Popova və AMEA-nın Əlyazmalar institunun direktoru Teymur Kərimli çıxış ediblər.
Konfransın sonunda Sankt-Peterburq və Rusiya Şimal-Qərb regionu müsəlmanları Ruhani İdarəsi ilə QMİ arasında əməkdaşlıq haqqında saziş imzalanıb.