“Azərbaycan İraqla əməkdaşlığın inkişafında maraqlıdır” Siyasət

“Azərbaycan İraqla əməkdaşlığın inkişafında maraqlıdır”

Qənirə Paşayeva: "Azərbaycanı İraqla 3 milyon türkman soydaşımız daha da möhkəm tellərlə bağlayır"

Millət vəkili Qənirə Paşayeva İraqda 10-dan artıq TV kanalına,bir çox radiolara,agentlik və qəzetlərə Qarabağ həqiqətlərindən danışıb.
İraqda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva İraqın dövlət televiziyasına, El İrakiya, El Reşid, El Hura İrak , Al Mashrik, Al İrakiye, Al Turkmaniye televiziya kanallarına, bir sıra radio kanallarına, qəzet və xəbər agentliklərinə müsahibəsində və Al İraqiye Al Turkmaniye dövlət televiziyasının canlı yayımında Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə danışıb.
O, bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur.
Deputat Azərbaycanın iqtisadi inkişafı, turizm potensialı, zəngin mədəniyyəti, ölkəmizdəki multikultural və tolerant mühitdən də söhbət açıb və İraqlıları ölkəmizə dəvət edib. Azərbaycan-İraq münasibətləri ilə bağlı geniş fikirlərini söyləyən millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan bütün istiqamətlərdə İraqla əməkdaşlığın inkişafında maraqlıdır və əlaqələr getdikcə daha da genişlənir.
Millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycanı İraqla bu ölkədə yaşayan 3 milyon Türkman soydaşımız daha da möhkəm tellərlə bağlayır. İraq Türkmanları barədə də geniş fikirlərini söyləyən millət vəkili Q.Paşayeva "onlar mutlu olanda biz də yaxşı oluruq, onlar üzüləndə biz də üzülürük" deyərək bu istiqamətdə də bir sıra ciddi mesajlar verib. Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu vurğulayan millət vəkili Q.Paşayeva terrorla mübarizədə dünyada ikili standartlar olmamalıdır və biz bu ikili standartlardan əziyyət çəkən bir xalq olaraq terrorla mübarizədə İraqı dəstəkləyirik və eyni yanaşmanı da hər kəsdən özümüzə qarşı gözləyirik deyib.