“Gürcüstan hakimiyyətinin bu siyasəti ölkəmizin təhlükəsizliyinə qarşı yönəlib” Siyasət

“Gürcüstan hakimiyyətinin bu siyasəti ölkəmizin təhlükəsizliyinə qarşı yönəlib”

Məhəmməd Əsədullazadə: "Rəsmi Tiflis işğalçı Ermənistanın hərbiləşməsinə şərait yaradır"


"Gürcüstan hakimiyyətdə olan Bidzina İvanaşvilinin kölgəsində "Gürcü Arzusu" partiyası Ermənistanla Rusiya arasında quru yolla dəhlizin açılmasına icazə verir". Bunu Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə bildirib: "Qeyd edim ki, bu dəhliz Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiya ərazisindən keçir. Gürcüstan hakimiyyəti Rusiya ilə Cenevrədə apardığı danışıqlardan sonra belə bir qərara gəlib. Rusiya Gürcüstan hakimiyyətinə Ermənistana hərbi yüklərin daşınması və Gümrüdəki "102-ci " hərbi bazasının logistik imkanlarını genişləndirmək üçün dəfələrlə təzyiq edərək, quru yolun açılmasını tələb edib". Politoloq deyib ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verməsi, Ermənistanla Rusiya arasında quru hərbi əlaqələrin bərpası deməkdir: "Burada qeyd edilir ki, Ermənistandan Rusiyaya gedən yüklərin daşınması nəzərdə tutulur. Amma, əsas məqsəd isə, Rusiyadan Ermənistana daşınan hərbi yüklərin çatdırılmasından gedir". Politoloqun sözlərinə görə, son aylar rəsmi Tbilisi separatçı Abxaziya və Cənubi Osetiyanın rəhbərliyi ilə danışıqlara getmək üçün müəyyən siyasi yollar axtarır: "Görünür, bu quru dəhlizi açmaqla Rusiyaya jest edir və düşünür ki, Abxaziya və Cənubi Osetiya ilə normal əlaqələr nəticəsində Gürcüstanın ərazi bütövlüyü təmin ediləcək. Faktiki olaraq 2008-ci ildən Gürcüstanın bu separatçı regionları Rusiya tərəfindən nəzarətə alınıb. Vurğulamaq lazımdır ki, Kreml Tiflisə təzyiq etmək üçün bu regionların işğalını davam etdirəcək və, nə vaxtsa bu ərazilərin Gürcüstanın tabeçiliyinə verilməsi real görünmür. Gürcüstanın avrointeqrasiya kursu, NATO ilə genişlənən əlaqələr fonunda Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın nəzarətinə verməyəcək. Rəsmi Tbilisi Moskva ilə əlaqələri bərpa etmək üçün separatçı ərazilərdən Ermənistana quru yolu istifadəyə imkan verməklə, regionda silahlanmanın artmasına və regionun ağrılı problemi olan Qarabağ münaqişəsinin həllini uzadacaq. Çünki, Rusiya bu quru yolla Ermənistana silah və zirehli texnikanı daşımaqla, bu ölkənin silahlanmasını sürətləndirəcək. Göründüyü kimi, Moskva və İrəvan Tiflislə anlaşaraq bu dəhlizin açılmasına nail olur. Gürcüstan hakimiyyətinin bu siyasəti, Azərbaycanla strateji tərəfdaşlığa ziddir və ölkəmizin təhlükəsizliyinə qarşı yönəlib. Gürcüstana Azərbaycanın investisiya yatırması və iqtisadi dəstəyinə baxmayaraq, rəsmi Tiflis işğalçı Ermənistanın hərbiləşməsinə şərait yaradır".