Hindistan Ermənistana radarlar və artilleriya mərmiləri satacaq Siyasət

Hindistan Ermənistana radarlar və artilleriya mərmiləri satacaq

Hindistan Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Myanma və Ermənistanla radarlar, helikopterlər, raketlər və tankların tədarükü ilə bağlı danışıqlar aparan Müdafiə Nazirliyi sayəsində 2018-ci ildə silah-sursat ixracında böyük sıçrayış əldə edəcək.
Cənub Blokuna yaxın mənbələr bu ölkələrlə müdafiə nazirliyi arasında yüksək səviyyəli nümayəndələr vasitəsilə dərin hərbi əlaqələrin qurulduğunu təsdiq edib.
İlk dəfədir ki, Səudiyyə Ərəbistanı 10 vətəndaşını gələn il Hindistan Milli Müdafiə Akademiyasında zabitlik təlimlərinə göndərəcək.
Dünyanın ən böyük silah idxalatçısı olan Hindistanın qlobal silah ixracatçıları siyahısında yer almaması bu əlaqələri daha da önəmli edir.
Hökumətə yaxın mənbələr Səudiyyə Ərəbistanında birgə silah və sursat emalı üzrə təşəbbüs üçün ortaq komitənin iki görüş keçirdiyini də təsdiqləyib.
Ehtimal edilir ki, BƏƏ də DRDO istehsalı 70 kilometr mənzilli "Astra" hava-hava raketlərini almaqda maraqlıdır. Çox yüksək atış məsafəsindən əlavə, bu raketlərin yaxınlarda Hindistan Hərbi Hava Qüvvələrinin Su-30 MKİ qırıcıları vasitəsilə uğurla sınaqdan keçirildiyi də qeyd edilməlidir.
Myanma isə Hindistandan özünün T-72 əsas döyüş tanklarını gücləndirməyini istəyir. Tankların öncəki versiyaları Ukrayanadan alınıb. İordaniya isə Hindistan və Rusiyanın birgə istehsal etdiyi Kamov 226 T çoxməqsədli helikopterlərini almağı düşünür.
Məlumatda ən maraqlı məqam, Ermənistanın Hindistandan hərbi məqsədlər üçün DRDO istehsalı olan radarlar və uzaq məsafəli artilleriya mərmiləri almağı planlaşdırmasıdır. Ermənistan müdafiə sənayesi bu barədə indiyədək heç bir açıqlama verməyib.