Tehran, Bakı və Ankara arasında əməkdaşlıq amili Siyasət

Tehran, Bakı və Ankara arasında əməkdaşlıq amili

Region ölkələri arasında son vaxtlar intensiv xarakter almış üçtərəfli görüşlər hərtərəfli uduş diplomatiyasına, yəni region ölkələrinin qarşılıqlı maraqlarına hörmət əsasında keçirilərsə, həm İranla region ölkələri arasında ikitərəfli əlaqələrin inkişafına təkan verəcək, həm də bu ölkələrin birgə maraqlarını təmin edəcək.
"WorldMedia" yazır ki, İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin "Etemad"da Tehran, Bakı və Ankara arasında əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.
Diplomat yazır ki, İran, Azərbaycan və Türkiyənin ümumi maraqları 2 hissədən ibarətdir. Birinci hissə iqtisadi sektordur. Bunun özü də tranzit, ticarət və enerji sahələrindən ibarət olmaqla 3 hissəyə bölünür. 3 ölkənin bu 3 sahədə əməkdaşlıq etmək üçün böyük potensialı var. İran Şimali Qafqazı Fars körfəzi və Hind okeanı ilə birləşdirən körpüdürsə, Azərbaycan İranı Avropa və Qara dənizə birləşdirən qovşaq. Türkiyə isə həm İran, həm də Azərbaycan üçün Avropanın qapısı rolunu oynayır.
Nəticə etibarı ilə, 3 ölkə arasında nəqliyyat sahəsindəki əlaqələr və onların bir-birinin mallarının daşınması, xüsusilə gömrük və nəqliyyat tarifləri üçün müəyyən etdikləri güzəştlər tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə yardım edə bilər. Ticarətdə, gəlirlərin artırılmasında tranzit əhəmiyyətli rol oynayır. Həm Tehran, həm Bakı, həm də Ankaranın bir sıra çağırışlarla üzləşmələri iqtisadi əməkdaşlıq, gəlir mənbələrinin şaxələndirilməsi yolu ilə milli iqtisadiyyatlarının gücləndirilməsi zərurətini yaradır. Bununla yanaşı, İranla Azərbaycan həm də neftdən asılılığı azaltmaq niyyətindədir.
Tranzit həm dəmir həm də quru yolu vasitəsilə hər üç ölkənin gəlirlərinin artmasında mühüm rol oynaya bilər. Ticarət sahəsində isə rüsumların azaldılmasına dair sazişlərin imzalanması, sahibkarlarların, iş adamlarının təşviqi, sərgilərin təşkili, əməkdaşlıq üçün yeni yolların tapılması üçün konfransların keçirilməsi səmərəlidir. Konkret enerji sektorundan danışsaq, 3 ölkə həm neft-qaz, həm də elektrik enerjisinin nəqli sahəsində yeni əməkdaşlığa başlaya bilər.
Bu ölkələrin hər biri üçün daha bir gəlir mənbəyinə çevriləcək sektor turizmdir. Onlar bu sahədə müəyyən güzəştlər yarada bilər. Məsələn, İran bir neçə ildir ki, Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib. Bir müddət əvvəl Azərbaycan hökuməti də İran vətəndaşlarına viza verilişini sadələşdirib. Türkiyə öz növbəsində, hər iki ölkə vətəndaşları üçün vizasız rejimə keçib. Bir sözlə, turizm sahəsində əməkdaşlıq ölkələri maraqlandıran məsələlərdən biri ola bilər.
İqtisadi-ticari sahədə əməkdaşlıq məsələləri İran xarici işlər naziri Məhəməd Cavad Zərifin Azərbaycana son səfəri zamanı da müzakirə edilib. İndi, bu məsələyə 3 ölkənin iqtisadiyyat nazirləri tərəfindən birgə komissiyalarda baxılması nəzərdə tutulur.
Regional təhlükəsizlik, bölgədə sabitliyin möhkəmləndirilməsi, terrorçuluq və radikal qruplaşmalarla mübarizədə əməkdaşlıq, İŞİD, "Al-Qaida" kimi terror təşkilatlarının əsasını təşkil edən vəhhabiliklə mübarizə də üçtərəfli əməkdaşlığın bir aspektidir.
İŞİD artıq Suriyada və İraqda hakimiyyətini itirsə də, onun radikal təfəkkürü qalmaqdadır. Qruplaşma məqsədlərinə digər ölkələrdə çatmaq istəyir. Onun Cənubi Qafqaz ölkələrində, Azərbaycanda, Çimali Qafqazda və hətta Türkiyədə belə, gələcəklə bağlı müəyyən məqsədlərin olması mümkündür. Odur ki, hər üç ölkə bu zərərin qarşısını almaq üçün təhlükəsizlik, kəşfiyyat və təhsil sahəsində əməkdaşlıq etməlidir.
Səfər çərçivəsində Dağlıq Qarabağ böhranının həlli üçün səylərin göstərilməsi məsələsi də müzakirə olunub. Bu, olduqca önəmli məsələdir. Əgər münaqişə öz həllini tapmazsa, o, bölgədə təhlükəsizliyə risk olacaq. Odur ki, region ölkələri münaqişənin sülh yolu ilə həllinə çalışmalı, onun böyük bir müharibəyə çevrilməsinə imkan verməməlidir. İranla Türkiyə münaqişənin həllinə yardım etmək istəyir. Xüsusən həm Azərbaycan, həm də Ermənistanla əlaqələri olan İran bu imkandan istifadə edə bilər. Regional səylər, o cümlədən üç ölkə – İran, Azərbaycan və Rusiyanın birgə səyləri də Dağlıq Qarabağ böhranının həlli yolunun tapılmasına yardım edərdi.
Ümumiyyətlə, üçtərəfli görüşlər istər ikitərəfli, istərsə də üçtərəfli əlaqələrin möhkəmlənməsini, ortaq tarixi, dini və mədəni cəhətlərə malik 3 ölkənin xalqları arasında həmrəyliyi, əməkdaşlığı təmin edəcək. Bununla yanaşı, üçtərəfli görüşlər heç də daha geniş regional, həmçinin beynəlxalq təşkilatlar arasında əməkdaşlığın zəifləməsinə səbəb olmayacaq. Ölkələr arasında ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq nə qədər çox olarsa, əldə edilən anlaşmalar ümumilikdə regional əməkdaşlığa o qədər müsbət təsir göstərər. Məsələn, Tehran, Bakı və Ankara İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) nə qədər çox anlaşma əldə edərlərsə bu, regional əməkdaşlıq üçün o qədər səmərəli olar.
İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü onların daha böyük regional təşkilatlar və qurumlar çərçivəsində əməkdaşlığına zidd deyil. Əksinə, anoloji koordinasiya və əməkdaşlıq daha böyük regional təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, inkişafına xidmət edir.