“Türkiyə əslində ABŞ-ın planına qarşı mübarizə aparır” Siyasət

“Türkiyə əslində ABŞ-ın planına qarşı mübarizə aparır”

Natiq Miri: "Bu plan şərçivəsində Ağ Dənizə çıxa biləcək terror dəhlizinin yaranmasını birdəfəlik əngəlləyir"


"Suriyadakı savaş birbaşa Türkiyə ilə müharibə aparmaq üçün yaradılmayıb. "Ərəb baharı" çərçivəsində baş verən hadisələrin tərkib hissəsidir. Sadəcə, digər ərəb ölkələrinə nisbətdə Suriyada bu hadisə daha qanlı və uzunmüddətli oldu. Təbii ki, bu savaşın dolayısı ilə hədəflərindən biri həm də Türkiyə idi. Çünki Suriyanın və İraqın parçalanması konteksində ABŞ-ın İsraillə birgə planlaşdırdığı Böyük Yaxın Şərq layihəsinin gerçəkləşməsini nəzərdə tutulurdu. Bu konteksdə rahatlıqla idarə oluna bilən, regionda Türkiyə, İran və İraqla həmsərhəd olan cırtdan dövlətlər yaratmaqla əslində İsrailin mövqelərini gücləndirmək hədəflənirdi. Bu isə təbii ki, Türkiyə kimi güclü dövlət tərəfindən qəbul edilə bilməzdi. Məhz buna görə də Türkiyə hərəkətə keçməli oldu". Bu fikirləri politoloq Natiq Miri səsləndirib. O diqqətə çatdırıb ki, "Zeytun budağı" əməliyyatı şərçivəsində Türkiyə əslində ABŞ-ın planına qarşı mübarizə aparır: "Bu konteksdə də ABŞ-ın dəstəkləiyi terrorçular zərərsizləşdirilir. Bu plan şərçivəsində Ağ Dənizə çıxa biləcək terror dəhlizinin yaranmasını birdəfəlik əngəlləyir.
Bu mübarizəni Türkiyə-ABŞ mübarizəsi kimi də xarakterizə etmək mümkündür. İndiki şəraitdə Türkiyəyə qarşı qoyulan savaşın arxasında ABŞ dayanır. Çünki bu gün Türkiyə əsgərinə, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun hərbçilərinə atılan hər bir güllə və raket ABŞ-ın terrorçulara verdiyi güllə və raketlərdir. Ona görə də bu silah və raket yardımları edilən zaman hədəf olaraq həm də Türkiyə dövləti nəzərdə tutulub. Türkiyə rəhbərliyi açıqlama verərəkən bu terror və onun arxasında kimlərin durmasından asılı olmayaraq, əməliyyatların sona qədər davam etdiriləcəyini, hətta lazım gələrsə Fərat çayının şərqinə doğru irəliləyəcəklərini bildirdi. Bu isə o deməkdir ki, ABŞ-ın dəstəklədiyi terror qruplarını bütövlükdə Suriyanın şimalından təmizləyəcəklər. ABŞ-ı da birdəfəlik Suriyadan qovacaqlar. Çünki bu terror qruplarının yerləşdiyi məkanlar tamamilə alınıb onun yerli sakinlərinə təhvil veriləndən sonra artıq ABŞ əsgərlərinin yerləşə biləcəyi məkan qalmayacaq.
Bu gün Suriyanın şimalında bir PKK-Türkiyə deyil, ABŞ-Türkiyə mübarizəsi gedir. Bu yöndə bir açıqlama da İranın xarici işlər nazirliyinin rəhbərliyi səviyyəsində verildi. Həmin açılamada qeyd olunurdu ki, bu gün Suriyada Türkiyə ABŞ və İsrailə qarşı böyük bir savaş verir. Hesab edirəm ki, bu, gerçəyi özündə əks etdirən bir açılamadır".
Politoloq diqqətə çatdırıb ki, Türkiyə "Zeytun budağı" hərəkatını başladanda o qədər yüksək səviyyəli əməliyyat planı hazırlayıb ki, bu əməliyyat planının nəzərdə tutulduğu müddət ərzində yüksək nəticə ilə başa çatacağındna əminəm: "Buna hər kəs əmin ola bilər. Suriyanın şimalından Türkiyənin bəzi əraziləri vurulurdu ki, artıq bu istiqamətdə də qabaqlayıcı tədbirlər görülməyə başlayıb.
Türkiyə yerli istehsal olan havadan müdafiə sisteminə - Qorqud sistemlərinə malikdir. Bu sistemlərin Türkiyənin sərhəd boyu ərazilərində yerləşdirilməsi nəzərdə tutulur. Bu gün Afrin əməliyyatında iştirak edən bütün zirehli texnikalar, eləcə də tanklar xüsusi bir sistem tərəfindən qorunur. Bu sistemin tezliklə bütün tanklara tətbiq ediləcəyi gözlənilir. Bu sistemin tətbiqindən sonra Trükiyənin bütün tankları 360 dərəcədə tamamilə qorunacaq. ABŞ-ın anti-tank raketləri belə tanka bəlli bir məsafəyə çatanda həmin sistem tərəfindən məhv ediləcək.
Bu təhlükəsizlik tədbirləri başa çatandan sonra Türkiyənin itkiləri minimuma enəcək.
Bu əməliyyat çərçivəsində belə Türkiyənin verdiyi itkilər inanın ki, bu gün də minimum səviyyəsindədir. Heç bir NATO üzvü, yaxud Rusiya bu çətin əməliyyatları bu qədər az itki ilə həyata keçirə bilməzdi. Onlar buna bənzər əməliyyatlar zamanı bundan qat-qat çox itki veriblər.
Türkiyə mülki insanların hərbi əməliyyatlardan zərər görməməsi üçün böyük həssaslıq və peşəkarlıq sərgiləyir. Mülki insanların hərbi əməliyyatlar zamanı bu qədər diqqətlə qorunması dünya hərb tarixində olmayıb. Ona görə də bu, bütün dünya güclərini sözün əsl mənasında qıcıqlandırır. Türkiyənin fəlsəfəsində hər şeyin bir əxlaqı olduğu kimi, gücün də bir əxlaqı mövcuddur. Türkiyə terrorçuların məhvi prosesində qeyri-terrorçuların da zərər görməsinə imkan vermir. Bu, yalnız türkün bacardığı bir işdir və Türkiyə bundan sonrakı əməliyyatlar zamanı da bu praktikaya sadiq qalacaq".