Avropa İttifaqından Azərbaycana dəstək Siyasət

Avropa İttifaqından Azərbaycana dəstək

Ümid edirəm ki, Avropa İttifaqıilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə bitəcək".
Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ötən il Azərbaycan prezidentinin Brüsselə səfəri bu istiqamətdə vacib məqamı vurğulayıb: "Bu razılaşma əməkdaşlığımızı daha da uğurlu edəcək".
Federika Mogerini bəyan edib ki, Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Mogerini bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır: "Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın ikitərəfli aspektlərini müzakirə etdik".
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin çox ciddi çağırış olduğunu bildirib.
O deyib ki, danışıqların Vyana, Sankt-Peterburq və Cenevrədə yenilənməsi çox vacib irəliləyişdir: "Biz tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətdəki razılaşmaları yerinə yetirməsini istəyirik. Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq qanuna uyğun olaraq siyasi yolla həll olunmalıdır. Avropa İttifaqıATƏT-in Minsk qrupun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir. O cümlədən bu dəstəyi region üzrə xüsusi nümayəndə və etimad tədbirləri vasitəsi ilə həyata keçirir".
Federika Mogerini deyib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.
O bildirib ki, Azərnaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 46,5 faizdir: "Həmçinin Avropa İttifaqının Azərbaycanda ən böyük birbaşa xarici investordur. Azərbaycan hazırda öz iqtisadiyyatının diversifikasiya etmək istəyir. Həmçinin biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını sürətləndirməsini istəyirik. Cənub Qaz Dəhlizi bizim enerji sahəsində strateji əməkdaşlığımıza nümunələrdən biridir. Bu layihə həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. Ötən il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı Avropa İttifaqın ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya nəqliyyatını birləşdirmək istiqamətində addımdır".
Federika Mogerini Elmar Məmmədyarovla görüşdə demokratiya, qanunun aliliyi və insan haqları məsələlərini də müzakirə etdiklərini bildirib.
O qeyd ki, Aİ bu məsələni qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin bir hissəsi hesab edir: "Bu istiqamətdə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlilikləri yerinə yetirməsi bizim üçün vacibdir. Buraya beynəlxalq standartlara uyğun olaraq qanuni seçkilər, sərbəst toplaşmaq və media ilə bağlı tövsiyələr daxildir.
Bu, Azərbaycanın hazırda olduğu seçki öncəsi şəraitdə xüsusilə vacibdir. Avropa İttifaqı hər zaman fundamental azadlıqlar və insan haqlarına hörmətin vacibliyini vurğulayır. Biz inanırıq ki, vətəndaş cəmiyyəti hər zaman demokratiya üçün vacibdir və biz bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik".
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı ( Aİ) arasında yeni saziş üzrə intensiv danışıqlar aparılır.
O bildirib ki, yeni saziş Azərbaycan və Aİ arasındakı əlaqələrdə yeni mərhələ açır: "İşlər davam etdirilir, asan deyil. Məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Hazırda bu məsələnin həlli ilə bağlı yol axtarırıq".
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir həmsədrlərlə bu günlərdə keçirilən görüşü xatırladıb və bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT qətnamələri əsasında həll edilməlidir: "Hər şey qətnamələrdə yazılıb".
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında aviasiya sahəsi üzrə imzalanacaq saziş Azərbaycanda turizmin inkişafına daha da təkan verəcək.
Elmar Məmmədyarovun sözlərinə görə, sazişlə bağlı danışıqlar hazırda davam etdirilir. Nazir Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində də dialoqlara ehtiyac olduğunu bildirib: "İnanıram ki, həm enerji, həm də nəqliyyat sahəsində əlaqələr gələcək inkişaf üçün vacibdir".
Elmar Məmmədyarov deyib ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır: "Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin 46 faizi Avropa İttifaqınin payına düşür. Avropa İttifaqı Azərbaycanın ən böyük investorudur və son 10 ildə üzv ölkələr tərəfindən iqtisadiyyatımızın həm neft, həm də qeyri-neft sektoruna 20 milyard dollardan artıq sərmayə qoyulub".
Nazir bildirib ki, enerji əməkdaşlığı ikitərəfli gündəlikdə mühüm yer tutur: "Biz enerji mənbələri və marşrutlarını diversifikasiya etmək və birbaşa enerji-nəqliyyat əlaqələri qurmaq kimi Avropa İttifaqı ilə Azərbaycan arasında birgə məqsədlərə cavab verən Cənub Qaz Dəhlizinin təşviqi və həyata keçirilməsi yolu ilə enerji sahəsində strateji tərəfdaşlığımızı davam etdiririk. Mobillik və insanlar arasında əlaqələrin təşviqi Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin əsas hissəsini təşkil edir. Biz hesab edirik ki, readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə sazişlərin uğurla həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında viza liberallaşdırılmasına dair dialoqa başlamaq üçün yol açmalıdır".