Vatikan Azərbaycanın nümunəvi tolerantlıq mühiti barəsində məlumatlıdır Siyasət

Vatikan Azərbaycanın nümunəvi tolerantlıq mühiti barəsində məlumatlıdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda tolerant və multikultural mühitdən söhbət açan Mübariz Qurbanlı tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları və dərin tarixi-mədəni köklərinin mövcud olduğunu, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmadığını bildirib.
Dövlət Komitəsinin sədri nəzərə çatdırıb ki, ölkədə rəsmi olaraq 28-i qeyri-islam təmayüllü olmaqla, 793 dini qurum qeydiyyatdan keçib, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Eyni zamanda mütəmadi olaraq dini ibadətgahlar inşa və bərpa edilir, dini icmalara maliyyə yardımları ayrılır. Prezident İlham Əliyev tərəfindən ötən il isə Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib, bu çağırış İslamla digər səmavi dinlər arasında dialoq və əməkdaşlığı, harmoniyanı ehtiva edib. Ölkəmizdə qılınan vəhdət namazı barədə də danışan Dövlət Komitəsinin sədri dünyada dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin yayıldığı bir vaxtda Azərbaycan təcrübəsindən yararlanmağın müsbət nəticə verəcəyinə ümidvar olduğunu söyləyib. Mübariz Qurbanlı Roma Papası II Pavelin, Papa Fransiskin Azərbaycana səfərlərinin əlaqələrin inkişafına, ikitərəfli əlaqələrin isə Azərbaycandakı katolik icmasına münasibətdə özünü göstərdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Dövlət Komitəsinin sədri xalqımızın ermənilərlə etnik-dini baxımdan heç bir probleminin olmadığını, Bakının mərkəzində erməni kilsəsinin qorunub-saxlanıldığını qeyd edib. Dövlət Komitəsinin sədri bu tolerantlığın müqabilində Ermənistan tərəfinin işğal altındakı torpaqlarımızda mədəniyyət abidələrimizi, o cümlədən məscidlərimizi dağıtdıqlarını xatırladıb.
Ölkəmizə ilk dəfədir səfər etdiyini bildirən Paul Riçard Gallager Müqəddəs Taxt-Tacın Azərbaycanın nümunəvi tolerantlıq mühiti barəsində məlumatlı olduğunu,bu səfər zamanı bu modelin əyani şahidi olduğunu diqqətə çatdırıb. Eyni zamanda son 20 ildə Azərbaycan dövlətinin katolik icmasına göstərdiyi qayğını, insanların mənəvi ehtiyaclarının ödənilməsinə yaradılan şəraiti yüksək qiymətləndirib. Azərbaycandakı katolik icmasının başçısı Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin katolik icmasının inkişafına göstərilən qayğıdan və qarşılıqlı əməkdaşlığa verilən dəyərdən irəli gəldiyini vurğulayıb. Humanitar sahədə əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rolunun olduğunu bildirib.
Görüşdə ikitərəfli münasibətlərin qorunub-saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi ölkəmizdəki dini tolerantlıq mühitindən və erməni vandalizmindən bəhs edən kitablar qonaqlara təqdim edilib.