“Ermənistanda baş verənlər bu ölkənin Rusiya ilə münasibətlərini gərginləşdirəcək” Siyasət

“Ermənistanda baş verənlər bu ölkənin Rusiya ilə münasibətlərini gərginləşdirəcək”

"Ermənistanda baş verənlər bu ölkənin Rusiya ilə münasibətlərini gərginləşdirəcək". Bunu politoloq Qabil Hüseynli deyib. Politoloq vurğulayıb ki, deputat Nikol Paşinyan Ermənistanda yeni hərəkət başlatsa da, daxildə siyasi qüvvələr arasında qarşıdurma meyilləri güclənib: "Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artıb. Bu baxımdan, Rusiya-Ermənistan münasibətlərinin qarşıdurma səviyyəsinə qalxacağını düşünürəm. Bu fonda Rusiyanın Azərbaycanla münasibətləri daha da yaxşılaşacaq. Çünki bölgədə yeganə dövlət Azərbaycandır ki, Rusiya ilə çoxşaxəli əlaqələrə və dostluq münasibətlərinə malikdir, Rusiyanın etimadını qazanıb.
Əgər Ermənistan-Rusiya münasibətləri qırılan xətt üzrə inkişaf etsə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün o qədər də çətinlik çəkməyəcək. Hesab edirəm ki, hazırkı vəziyyətdə müharibə başlasa, Rusiya Ermənistana kömək etməyəcək. Təkbətək savaşda isə Azərbaycan Ermənistan ordusunu işğal edilmiş ərazilərdən çıxarmaq gücündədir. Hələlik regionda gedən proseslərin inkişaf istiqaməti bu formada görünür. Əgər Ermənistanda Rusiyanın maraqlarına cavab verən siyasi qüvvələr hakimiyyətə gəlməsə, Azərbaycana münaqişəni həll etmək üçün ideal fürsət yaranacaq. Azərbaycan bundan öz ərazi bütövlüyünü bərpa etmək üçün istifadə edə bilər".