“Cənub Qaz Dəhlizi” Azərbaycanın növbəti uğurudur Siyasət

“Cənub Qaz Dəhlizi” Azərbaycanın növbəti uğurudur

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.
Energetika naziri Pərviz Şahbazov Baronessa Emma Nikolsonun "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirakını Böyük Britaniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi diqqətinin göstəricisi kimi qiymətləndirib.
Baronessa Emma Nikolson isə bildirib ki, "Cənub Qaz Dəhlizi" layihələrinin reallığa çevrilməsi Azərbaycanın enerji sahəsində növbəti uğurudur.
Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb, BP-nin iştirakı ilə həyata keçirilən qlobal enerji layihələrinin əhəmiyyəti, eləcə də "Cənub Qaz Dəhlizi"nin enerji təhlükəsizliyinin təminatında rolundan bəhs edilib. Neft-qaz ilə yanaşı gələcəkdə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Davamlı enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Azərbaycanın gördüyü işlər və planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.