“Aprel döyüşləri 5-ci nəsil texnologiya ilə 3-cü nəsil texnologiya arasında baş verdi” Siyasət

“Aprel döyüşləri 5-ci nəsil texnologiya ilə 3-cü nəsil texnologiya arasında baş verdi”

Rəşad Süleymanov: "Biz bu sahədə önə çıxdıq"


"Azərbaycan İsrail əlaqələri də 2000-ci illərin əvvəlindən başlayıb. Yaranan hərbi əlaqələrdə Azərbaycan İsraildən müxtəlif reaktiv atəş sistemləri, tank əleyhinə raket kompleksləri, pilotsuz uçuş aparatları, rabitə və optik vasitələr, atıcı silahlar, gəmilər aldı". Bu fikirləri "Azeri Defence" jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov səsləndirib. Onun fikrincə, bunlara "Lynx LAR-160" YARS kompleksini, "Extra" uzaqmənzilli raket komplekslərini, "Cardom" və "Spear Mk.2" minaatanları, "Tavor TAR-21" avtomatlarını, "Negev" pulemyotlarını, müxtəlif markalı PUA-ları, "Shaldag" və "Saar-62" gəmiləri və s. məhsulları misal göstərmək olar: "2008-ci ildə Azərbaycan və İsrailin "Elbit Systems" şirkəti arasında T-72 tanklarının SİM-1 "Aslan" səviyyəsinə yüksəldilməsinə dair ilk kontrakt imzalandı. Bu gün həmin modernizasiya nəticəsində bizim tanklarımızda xeyli üstünlüklər var. Aprel döyüşlərində ermənilər elə bilirdilər ki, Azərbaycan T-90 tanklarından istifadə edib. Amma istifadə edilənlər T-72 tankları idi. İlk illərdə Azərbaycan İsraildən "Aerostar" taktik və "Orbiter-2" tipli mini pilotsuz uçuş aparatları almışdı. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkəti arasında birgə müəssisə yaradıldı. Bu gün orada "Aerostar", "Orbiter-2", "Orbiter-3", "Orbiter-4" və "Zərbə" tipli pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir.
Bu günlərdə ölkə başçısının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə bölmələrinə səfəri zamanı İsraildən yeni alınmış bir sıra sistemlər də nümayiş olundu. Dövlət Sərhəd Xidməti"Hermes-900" pilotsuz uçuş aparatını və "Harop" zərbə PUA-nı ilk dəfə əyani formada nümayiş etdirdi. Eləcə də maşınların üzərində İsrailin istehsalı olan elektro-optik müşahidə sistemləri var idi. Bu müşahidə sistemləri 30 kilometr radius ərazidə gecə-gündüz, istənilən hava şəraitində müşahidə aparmağa imkan verir".
Hərbi ekspertin fikrincə, həmin elektrooptik müşahidə sistemindən biri Amerika Birləşmiş Ştatları Ordusunun silahlanmasında, bir də Azərbaycanda var: "Nümayiş etdirilən "Hermes-900" aparatının üzərində geniş sahə müşahidə sistemi mövcuddur. Bu sistem 40 kvadrat kilometr ərazini, eyni zamanda 100-dən artıq hədəfi müşahidə etməyə imkan verir. Bu, o deməkdir ki, texnika havaya qalxdığı zaman düşmənin 100-dən artıq texnikasını və ya canlı qüvvəsini müşahidə edə bilərsən. Bu sistem uçduğu ərazidə düşmənin radarlarına qarşı tədbirlər həyata keçirməyi də bacarır. "Harop"lara gəlincə, Azərbaycan Ordusu tərəfindən 2016-cı ilin aprel döyüşlərində istifadə olunub. Bu, "Harop"un ilk döyüş tətbiqi idi və nəticəsi çox effektiv oldu. Həmçinin "Spike" TƏİR-lərini nümunə göstərmək olar. Aprel döyüşlərində "Spike" ilə düşmənin 30-dan artıq texnikası vurulmuşdu. Bu gün İsrail dünyada müasir hərbi texnologiyalara malikdir. Azərbaycanın İsraildən əldə etdiyi elə texnikalar var ki, Cənubi-Şərqi Avropada, MDB ölkələrinin bir çox dövlətləri istəyər ki, onları öz silahlanmasında görsün. Onlar həm bahalı, həm də çox dəqiqdirlər. Onlar döyüşün taleyin həll edə bilir. Elə dediyimiz "Harop" və "Spike" buna sübutdur. Onlar görünməyən hədəfi belə vurmağa qadirdilər".
R.Süleymanov vurğulayıb ki, aprel döyüşləri 5-ci nəsil texnologiya ilə 3-cü nəsil texnologiya arasında bir döyüş oldu: "Biz bu sahədə önə çıxdıq. Nə qədər insan amili rol oynasa da döyüşlərdə, texnologiyanın yeniliyi də qaçılmazdır. Azərbaycanın əsas hərbi-texniki tərəfdaşlarından biri də Türkiyədir. Türkiyə Azərbaycana müstəqilliyin ilk illərindən hərbi dəstək göstərib. Bu gün ordumuzda Türkiyə istehsalı olan həm rabitə avadanlıqları, həm də elektrooptik sistemlər istifadə olunur. Cəbhə xəttində "Aselsan" şirktinin "Şahingözü" elektrooptik sistemlərindən istifadə edilir. Bu, böyük bir sahəni gündüz-gecə müşahidə etməyə imkan verir. Ordumuzun təminat və təchizatında Türkiyə məhsullarına üstünlük verilir. Əsgər çəkməsindən tutmuş raket sistemlərinin tədarükünə qədər demək olar. "Roketsan" şirkətinin istehsalı olan T-122 Sakarya, "T-300 Qasırğa" sistemləri, bu sistemin idarəolunan raketlərinin Türkiyə Silahlı Qüvvələrindən sonra ilk xarici alıcısı Azərbaycan oldu. Naxçıvanda ötən il keçirilən paradda nümayiş olundu. Bu sistem 130 kilometr hədəfi vura bilir. Həmçinin Cənubi-Afrika və Pakistanla da hərbi əməkdaşlıq var və inkişaf edir".
Onun sözlərinə görə, Avropa ölkələri Azərbaycana rəsmi və qeyri-rəsmi səviyyədə embarqo tətbiq ediblər: "ABŞ 907-ci düzəlişlə embarqo tətbiq edir və silah satmır. İngiltərə, Almaniya, Belçika, Fransa kimi ölkələr də embarqo tətbiq ediblər, yazılı tələb edəndə isə bunu göstərə bilmirlər. Belə desək, süni maneə yaradırlar. Lakin, Fransanın, İngiltərənin, Almaniyanın müəyyən hərbi təyinatlı məhsulları Ermənistan ordusunun silahlanmasında var. Bu necə ola bilər?. Bu ölkələrə məxsus snayper silahları rastımıza çıxdı. Ermənistan ordusunda həm Fransa istehsalı olan "Milan" tank əleyhinə raket kompleksləri, həm də Almaniya istehsalı olan optik cihazlar var. Buradan da görünür ki, Azərbaycana ikili yanaşma mövcuddur. Lakin Mərkəzi və Şərqi Avropanın bir çox ölkələri ilə hərbi-texniki əməkdaşlığımız mövcuddur. Çexiya, Slovakiya, Serbiya, Ruminya, Bolqarıstan kimi ölkələrlə yaxşı əməkdaşlığımız var. İtaliya ilə də əlaqələr qurulmağa başlayıb. İtaliyanın məşhur "Leonardo" korporasiyası Azərbaycanla da müəyyən layihələrə imza atıb. Düşünürəm ki, yaxın vaxtlarda "Leonardo"nun istehsalı olan "M-346" təyyarələrini aviasiya parkımızda görəcəyik. Eləcə də bu sözü İtaliya istehsalı olan digər avadanlıqlar barədə demək olar. Bolqarıstanla münasibət son illər yüksələn xətt üzrə gedir. Bolqarıstanın Azərbaycan Silahlı Qüvvələrinin tədarükündə müəyyən dərəcədə yer ala biləcəyini yaxın zamanlarda görəcəyik. Çünki Bolqarıstanın bizə olan münasibəti yaxşıdır. Həmçinin bu ölkə özünün hərbi-sənaye kompleksini yeniləməyə çalışır. Hansı ki, ehtiyac duyduğumuz müəyyən şeylər var ki, oradan ala bilərik. Qoruyucu gödəkçə, müəyyən döyüş sursatlarını əldə edə bilərik. NATO üzvü olan Kanada da artıq Azərbaycana müəyyən silah və texnika satır. Həmçinin bu gün güc orqanlarının istifadəsində Kanada istehsalı olan maşınlar görə bilərik. Amma Qərbi Avropa ölkələrinin əksəriyyətində dediyimiz kimi süni maneələr var. Onlar ehtiyat edirlər ki, Azərbaycan həmin silahların üzünü erməniyə çevirəcək. Azərbaycan torpaqları işğlan olunub və ələbəttə, bu silahlar düşmənə qarşı alınır".
Hərbi ekspert deyir ki, Azərbaycana açıq şəkildə üz tutan dövlətlərdən biri də Çindir: "Çinin məşhur CETC İnternational şirkəti bu gün Azərbaycan bazarına çıxmaq üçün aktiv işlər aparır. "ADEX-2016" sərgisində söhbət etdiyimiz CETC nümayəndələri Azərbaycana REM sistemləri ilə bağlı təkliflər verildiyini bildirmişdilər. Onlar bizə traposfer səviyyəsində müşahidə aparmağa imkan verən radar sistemini təklif etmişdilər. Bu da ballistik raketlərə qarşı müdafiə qalxanı yaratmağa imkan verir. Hansı ki, bu gün Ermənistanın əlində "Scud" ballistik raketləri var və onlar bununla Azərbaycanı təhdid edirlər. Bu baxımdan həmin sistem uğurlu ola bilər. Çinin özü də bu radarlardan istifadə edir. Eləcə də Türkmənistana da bu sistemdən satıb. Çindən radio elektron mübarizə sistemləri, artilleriya və dəniz texnologiyaları alına bilər. Çinin hərbi sənayeyə yanaşması fərqlidir. Çin şirkətləri həmçinin barter yolu ilə məhsul satışının tərəfdarı olduqlarını deyirlər. Məsələn, təklif edirlər ki, bu işi görə bilərik və əvəzində xam neft, qaz ala bilərlər. Türkmənistan Çinlə hərbi məhsulların alqı-satqısında bu üsuldan istifadə edir. Digər tərəfdən, düşünürəm ki, hərbi-texniki sferada əməkdaşlığı gücləndirməklə, Azərbaycan Çinin Ermənistanla əlaqələrinə də müəyyən təsir göstərə bilər. Çin 1999-2000-ci illərdə Ermənistana WM-80 yaylım atəşli reaktiv sistem satmışdı. Bu sistem 80-90 kilometr məsafəyə malikdir. Ermənistan müdafiə nazirinin Çinə sonuncu səfərində belə bir söhbətlər ortaya çıxdı ki, onlardan "Red Arrow" ("Qırmızı Ox") deyilən tank əleyhinə raket kompleksləri satın almaq niyyətindədirlər. Bu, "Spike" raketlərinin Çin versiyası, daha doğrusu klonudur. Azərbaycan Çinlə əməkdaşlığı gücləndirməklə Pekini Ermənistandan uzaqlaşdıra bilər".
Ekspert vurğulayıb ki, ermənilər aprel döyüşlərindən sonra silah və texnika parklarının yenilənməsi layihələrini ortaya çıxardılar: "Bu layihələrin əksəriyyəti sözdə mövcuddur. Ermənistanın hərbi büdcəsinin kiçik olması, eləcə də digər ölkələrdən satınalma ilə bağlı onların "ağasının" qoyduğu məhdudiyyətlər var. Ermənistanda hərbi sərgi keçirildi. Orada qoyulan pilotsuz aparatlar və digərləri uşaq oyuncağından fərqli bir şey deyildi. Aprel döyüşlərində ermənilər uğursuzluqlarını sadalayanda bəyan etdilər ki, onların tanklarının əksəriyyətinin döyüş aparmasının mümkün olmadığı məlum olub. Statistik məlumatlar görə, aprel döyüşlərinə qədər Qarabağda sepratçı rejimin əlində 360 tank olub. Bu tankların 30-a yaxını apreldə məhv edildi. Ondan əvvəl də sıradan çıxanlar olub. Bizim mütəxəssislərlə birgə apardığımız analizə görə, onların tanklarının çoxunda istismar müddəti başa çatıb. Tankın əsaslı təmiri bu gün üçün 300-400 min dollar və daha çox vəsait tələb edir. Burada söhbət hələ yerli müəssisədə olan təmirdən gedir. Biz öz analizlərimizdə erməni tanklarının 90 faizinin döyüşə yarasız olduğunu müəyyənləşdirmişik. Ermənilərin öz orduları barədə yaratdıqları mif aprel döyüşlərinin ilk 40-45 dəqiqəsində darmadağın oldu. Talış kəndi istiqamətində ermənilər bizim tanka 2 "Faqot" raketi atmışdılar. Dinamik müdafiə tankı qorumuş, tank elə də ciddi olmayan zədələr almışdı. Amma Azərbaycan tərəfinin atdığı "Spike" raketlərinin hamısı hədəfi ekipaj qarışıq məhv etmişdi. Bunun görüntüləri də var. Həmçinin "Harop"un zərbələri də məlum idi. Bütün bunlarla yanaşı bu döyüş həm də, psixoloji üstünlüyü təmin etdi. Döyüşlərin ilk günündə Ermənistan tərəfi səfərbərlik elan etdi. Xankəndində toplanan gəncləri çəkib göstərirdilər. Səfərbərliyə cəlb olunanlar arasında gəncdən çox ailə üzvləri var idi. Bir adamın dalınca 4-5 nəfər gəlir. Həmin vaxtı Azərbaycanda da düşmənin nəzarətində olan işğal altındakı ərazilərimizdə polis postları qurulmuşdu. Separatçıların qurduğu hərbi postlar qaçan əhalini geri qaytarmağa çalışırdısa, bizdə hərbi postlar insanların cəbhəyə getməsinin qarşısını almaq üçün qurulmuşdu. Bizdə insanlar axın-axın döyüşmək üçün ön cəbhəyə üz tuturdular. Döyüşdən sonra cəbhə xəttinə səfərimiz oldu. Əsgərlər döyüşün davam etdirilməsini istəyirdilər".