“Türkiyədə seçkilərin nəticələrinin bütün cəmiyyət və siyasi qüvvələr tərəfindən qəbul olunması...” Siyasət

“Türkiyədə seçkilərin nəticələrinin bütün cəmiyyət və siyasi qüvvələr tərəfindən qəbul olunması...”

Aydın Quliyev: "Onun dövlətçilik maraqlarına və demokratik normalara uyğunluğu ilə izah olunmalıdır"

Natiq Nuri: "Türkiyənin güclənməsi Azərbaycanın geosiyasi maraqlarına uyğundur"

Türkiyədə prezident seçkiləri hakim partiyanın qələbəsi ilə başa çatıb. AKP sədri Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Seçkidən öncə Ərdoğanın səs itirəcəyi ilə bağlı verilən müxtəlif proqnizlar özünü doğrultmayıb və Prezident Ərdoğan ilk turda qalib gəlib.
Ekspertlər nəticəni dəyərləndiriblər.
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, qardaş ölkə Türkiyə iyunun 24-də özünün dövlətçilik və demokratiya tarixinin ən kritik, ən mübahisəli və ən həyəcanlı seçki prosesini uğurla həyata keçirə bildi. Baş redaktor bildirib ki, eyni vaxtda dövlətin idarəçilik formasını dəyişmək, xalqın səlahiyyət verdiyi prezident institutu yaratmaq, yeni parlament seçmək, həm də bu ağır prosesi demokratik seçki standartlarına zərər vurmadan, insan hüquq və azadlıqlarını məhdudlaşdırmadan, bütün iddialı siyasi qüvvələrin bərabər rəqabət imkanları ilə iştirakını təmin etməklə aparmaq asan məsələ deyildi: "Üstəlik, bu qədər ağır daxili prosesi çox mürəkkəb regional və qlobal şərtlər daxilində aparmaq, dünya ölkələrində yaşayan bütün Türkiyə vətəndaşlarını seçki prosesinə qatmaq, razılaşaq ki, hakim Ədalət və İnkişaf Partiyasının və şəxsən Ərdoğanın böyük siyasi zəka və dəqiq təşkilatçılıqla ortaya qoyduğu tarixi nəticədir. Cənab Ərdoğan ideologiyaları fərqli olan siyasi qüvvələrin və cəmiyyətin həlledici hissəsinin maraqlarını demokratik prosesin içində dövlətçilik mənafeləri naminə birləşdirə bildi. Seçkilərin nəticələrinin bütün cəmiyyət və siyasi qüvvələr tərəfindən qəbul olunması onun dövlətçilik maraqlarına və demokratik normalara uyğunluğu ilə izah olunmalıdır. Türkiyədə hakim partiyanın özünün çoxillik siyasi hədəflərinə doğru daha inamla və daha güclü siyasi ictimai dəstəklə gedəcəyi dövr başladı".
A.Quliyev seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təbrik etməsini də yüksək qiymətləndirib: "27 illik yolda strateji birlik zirvəsinə yüksəlmiş Azərbaycan-Türkiyə qardaşlığının konkret təzahürləri olan neft-qaz layihələri sayəsində açılan yeni iş yerləri, qardaş ölkədə yüksələn sosial rifah göstəriciləri bu seçkinin nəticələrinə müsbət təsir göstərən faktorlardan oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ilk dövlət başçısı olaraq Ərdoğanı təbrik etməsi dərin regional və qlobal mesajları olan faktdır. Bu fakt həm də onu təsdiqləyir ki, iki qardaş ölkənin imza atdıqları birgə layihələr yalnız uğur potensiallı layihələrdir. Bu layihələrin hər iki ölkədəki daxili siyasi proseslərə həlledici pozitiv təsir göstərmək gücündə olması bir daha təsdiqləndi".
Ekspert qeyd edib ki, Türkiyə ən mürəkkəb geosiyasi coğrafiyada dünyaya şəffaf və demokratik seçki nümunəsi göstərdi: "Bu tip nümunələri göstərmək indiki mürəkkəb beynəlxalq şəraitdə az-az dövlətlərə qismət ola bilir".
Millət vəkili Hikmət Babaoğlu deyib ki, Türkiyə 24 iyun seçkiləri ilə ən yeni siyasi tarixinin mühüm bir mərhələsinə qədəm qoydu. Millət vəkili bildirib ki, bu mərhələdən sonra başlayan siyasi era qardaş ölkənin önümüzdəki yüzillikdə yerini və rolunu müəyyən edəcək: "Mən bu seçkini önümüzdəki yüz illik kontekstində təsadüfən qiymətləndirmirəm. Hazırda beynəlxalq münasibətlər tarixinin çox mürəkkəb bir dövrünü yaşamaqdayıq və Türkiyənin yerləşdiyi geostrateji bölgə də daxil olmaqla bütövlükdə Yaxın Şərq və Şimali Afrika təhlükəsizlik baxımından ən çox təhdidlərə məruz qalan bir siyasi coğrafiyadır. Bu təhdidlərin mənbəyi bir sıra imperialist mərkəzlərdir. Onlar həmin siyasi coğrafiya üzərində siyasi və demoqrafik mühəndislik edərək yeni hibrid müharibələr vasitəsilə öz maraqlarına xidmət edəcək yeni nizam yaradırlar".
H.Babaoğlu qeyd edib ki, belə kiritik mərhələdə Türkiyənin regionun ən güclü aktoru kimi davranışları həm öz siyasi gələcəyi, həm də bütövlükdə regionun gələcəyi üçün olduqca vacib idi: "Ya Türkiyə xalqı doğru qərar qəbul edərək dövlətçilik və regionda söz sahibi ola bilmə problemini həll edəcək, ya da müsəlman Şərqinin digər dövlətlərinin taleyini yaşamağa məhkum ediləcəkdi. Düşünürəm ki, Türkiyə xalqı bu siyasi reallığı obyektiv qiymətləndirməyi bacarmaqla ən doğru qərarı qəbul etdi. "Cümhur İttifaqı"nın qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından olduqca mühüm bir hadisədir. Qələbənin təmin olunmasında isə heç şübhəsiz ki, təcrübəli dövlət adamı, ciddi siyasi iradə nümayiş etdirməyi bacaran, Türkiyənin milli maraqları baxımından mühüm qərarlar qəbul edən Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti əhəmiyyətli rol oynadı. Ədalət naminə qeyd etmək lazımdır ki, bu prosesdə Milliyyətçi Hərəkat Partiyasının da əvvəldən prinsipial mövqe ortaya qoyması, əslində bu ittifaqın gələcəyini və bütövlükdə qardaş ölkənin uğurlu siyasi gələcəyini müəyyən etdi".
Onun sözlərinə görə, başqa bir məsələ ondan ibarətdir ki, Türkiyə bu seçkilərdən sonra yeni idarəetmə üsuluna keçəcək və prezident üsulu ilə idarə ediləcək: "Həm tarixi reallığı, həm də bugünkü siyasi prosesləri nəzərə alsaq deyə bilərik ki, bu mürəkkəb mərhələdə yeni idarə üsulunun tətbiqi həm milli mentalitet, həm də siyasi məqsədlərə çatmaq baxımından ən doğru olanıdır. Türkiyə kimi mürəkkəb bir coğrafiyada yerləşən və olduqca mürəkkəb demoqrafik və ideoloji daxili mikrostruktura malik bir ölkənin vahid bir mərkəzdən idarə olunması sosial sifariş kimi ortaya çıxmışdı və Türkiyə xalqı öz sifarişini demokratik seçkilər vasitəsilə təmin etdi.
Seçkilərdən sonra Türkiyə-Azərbaycan münasibətlərinin perspektivlərinə gəldikdə isə H.Babaoğlu bildirib ki, bu perspektivlər həmişə yüsək səviyyədə olub və bundan sonra daha da yüksələn xəttlə inkişaf edəcək: "Həm iki ölkə xalqının siyasi sifarişi, həm də qardaş ölkələrin liderlərinin dostluq və qardaşlıq münasibətləri, daima xalqlarımızın mənafeyi baxımından çıxış etmələri və bu maraqları uzlaşdırma bacarıqları Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb".
Millət vəkilinin fikrincə, Azərbaycan həmişə ən çətin məqamlarda Türkiyəni və onun dəstəyini yanında hiss edib: "Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev TANAP layihəsinin açılışında çıxış edərkən bir daha bildirdi ki, Türkiyənin gücü bizim gücümüzdür. 24 iyun seçkilərindən sonra Türkiyə daha da güclənəcək. Deməli, həm də Azərbaycan güclənəcək".
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə 24 İyun seçkiləri ilə yeni siyasi dönəmə daxil oldu: "Ölkədə idarə sistemi dəyişməklə, hərbiçilərin qəbul etdiyi konustitusiya və idarə sistemi tarixdə qaldı. Ölkə prezident respublikası olaraq ordu və parlament və məhkəmə üzərində prezidentin demək olar ki, tam hakimiyyəti quruldu.
AKP sədri Ərdoğan 16 illik hakimiyyəti dövründən fərqli olaraq, bundan sonra Türkiyəni yeni mərhələyə aparacaq, yeni siyasi idarə sistemini quraraq ölkənin idarəsində tək başına qərarlar verəcək, məhdud hakimiyyət modeli ilə həm daxili, həm də xarici siyasəti özü müəyyən edəcək. Prezidentin bu siyasətinə yeni konustitusiya imkan tanıyır.
Türkiyə xalqı seçkidə böyük çoxluqla iştirak etdi və AKP-nin apardığı siyasəti dəstəklədi. Məğlub olmasına baxmayaraq seçkilərdə Türkiyə müxalifəti toparlandı və böyük güc ortaya qoymuş oldu. Artıq, Ərdoğan müxalifətin gücünün fərqindədir. Və, parlamentdə müxalifətin güclü fraksiyası var, müəyyən dərəcə uzlaşma siyasəti aparacaq.
ABŞ və Qərb dövlətləri bu mərhələdən sonra, Türkiyə ilə əlaqələrində problemlərə yol açacaq siyasət aparmayacaqlar. Çalışacaqlar ki, Türkiyə ilə əməkdaşlığı davam etdirsinlər. Ərdoğanın siyasi xətti Qərbi məmnun etməsə də Türkiyəni özlərindən uzaqlaşdıracaq planları reallaşdırmayacaqlar. Türkiyə Suriya və İraqda anti-terror əməliyyatları uğurla davam etdirəcək. Menbic və Qandildə Türkiyənin söz sahibi olması, PKK terror təşkilatının darmadağın edilməsinə aparacaq siyasət davam edəcək.
Ərdoğanın Qərblə heç də yüksək səviyyədə əlaqələr qurması gözlənilmir. Çünki, xarakterik olaraq müstəqil siyasətə meyilli olaraq çalışcaq ki, ABŞ və Qərb dövlətləri bununla hesablaşsın. Rusiya ilə Türkiyə arasında imzalanan S-400 raketləri və Atom Elektrik Stansiyanın tikintisi ilə bağlı müqavilələr yerinə yetiriləcək. Ərdoğan və Putin dostluğu iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdıracaq.
Qeyd edim ki, Ərdoğan seçki kampaniyasına başlayanda Qarabağ konfliktinin həllini də hədəf götürmüşdü. Rusiya ilə əlaqələrini inkişaf etdirəcəksə, demək Qarabağ münaqişəsinin həllini masaya gətirəcək. Rəsmi Bakı Ankara ilə bu istiqamətdə təmasları saxlamalı, Putin, Ərdoğan və İlham Əliyevin iştirakı ilə münaqişənin həlli üçün görüşün küçirilməsinə nail olunmalıdır. Türkiyə rəhbərliyinin buna gedəcəyi şübhəsizdir və regionda dəyişən şərtlər, Ermənistanın yeni rəhbərliyinin yeni anti-rusiya siyasəti Moskvanın da belə bir görüşə etiraz etməyəcəyi şübhəsizdir. Türkiyə yeni dönəmə qədəm qoyur, Azərbaycanla Türkiyə arasında rəsmi hərbi müttəfiq müqaviləsinin imzalanmasının zamanıdır".
Politoloq Natiq Miri diqqətə çatdırıb ki, Türkiyədəki seçkilər sadəcə AKP və Ərdoğanın qalib gəlməsi anlamına gəlmir: "Seçki Türkiyə ilə yanaşı, bütövlükdə türk və islam dünyası üçün strateji əhəmiyyət daşıyır. Bəzi ölkələrdə, hətta bizdə də bu seçkilər barədə yanlış fikirlər səsləndirilirdi. Əksəriyyət məsələyə AKP və Ərdoğan kontekstində baxırdı. Düşünürəm ki, Türkiyə bu imtahandan üzüağ çıxdı".
Onun fikrincə, seçkinin qalibi Türkiyə xalqı, türk dünyası, islam ümmətidir: "Güclü Türkiyənin varlığı Azərbaycan kimi digər türk dövlətlərinin də güclənməsi anlamına gəlir. İslam bayrağını daşıyan güclü Türkiyənin varlığı islam ümmətinin parçalanmış vəziyyətini aradan qaldıra, xaç yürüşlərinə qarşı birləşdirə bilər".
N. Miri düşünür ki, Türkiyənin güclənməsi Azərbaycanın geosiyasi maraqlarına uyğundur: "Ərdoğanın prioritet siyasətində Dağlıq Qarabağ probleminin həlli məsələsi də var. Türkiyə xalqının mövqeyi və Ərdoğanın qələbəsinin nəticələrini, təzahürünü yaxın zamanlarda görməyə başlayacağıq".

Əli