“İranın Ermənistana ucuz qaz hədiyyəsi....” Siyasət

“İranın Ermənistana ucuz qaz hədiyyəsi....”

Mübariz Əhmədoğlu: "Qazprom"u cavab reaksiyasına vadar etdi"

"Rusiya Federasiyası Nikol Paşinyanın təkidli tələblərinə cavab olaraq qazın qiymətinə noyabr ayında baxacağını bildirmişdi. Az keçmiş "Qazprom" (RF) Ermənistanda əhalinin az təminatlı hissəsinə qazın qiymətini ucuzlaşdırdı. "Qazprom"u başa düşmək olar. O, Ermənistanın daxili qaz bazarında İranın aktivləşməsinə reaksiya verməli idi. Başqa sözlə, İranın Ermənistana ucuz qaz hədiyyə etməsi "Qazprom"u cavab reaksiyasına vadar etdi". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Ermənistana ucuz qaz vermək təşəbbüsünü yalnız İran tərəfi aktuallaşdırıb: "İran əvvəlcə Ermənistana hər 1000 m3 165 dollara qaz satacağını açıqladı. Rusiyanın Ermənistana satdığı qazın qiyməti 150 dollardır. İranın təklif etdiyi 165 dollar start qiymətidir. Başqa sözlə, sövdələşmək və hətta 150 dollardan aşağı salmaq mümkündür. Ermənistanın qaz şəbəkəsinin tamamilə RF-ə məxsus olduğunu İranda bilirlər. Rəsmi Tehran başa düşür ki, İranın Ermənistana qaz satması sadə məsələ deyil və uzun vaxt aparacaq. Ermənistanın ruhdan düşməməsi üçün siyasi iradə nümayiş olunmalıdır. İran bunu da etdi. Ermənistana "Qaz əvəzinə elektrik enerjisi" layihəsi üzrə verdiyi qazın miqdarını gündə 1 milyon m3-dən 1 milyon 600 m3-dək artırdı. Son vaxtlar 1m3 qaz 3,2 kvt elektrik enerjisinə dəyişdirilirdisə, indi yenidən 1m3 3 kvt-yə dəyişdiriləcəkdir. Ermənistan hər gün əmin olacaq ki, İranın RF qazına nisbətən ucuz qiymətə Ermənistana qaz satmaq siyasi iradəsi qüvvədədir.
İran az da olsa bu sövdələşmədə itkiyə məruz qalır. İranda sosial-iqtisadi problemlər sirr deyil. Ona görə İranın Ermənistana indiki vaxtda maliyyə güzəştinə getməsi diqqətimizdən yayına bilməz. Hələ ki, N.Paşinyan hökumətinə heç bir dövlət, o cümlədən RF, ABŞ, Fransa və Aİ vəddən başqa konkret olaraq heç nə verməyiblər.
İran Ermənistanın 1-ci, 2-ci, 3-cü prezidentləri tərəfindən "xilaskar" titulunu qazanmışdı. Görünür, N.Paşinyandan da bu titulu almaq niyyətindədir. Çünki hələ ki, İran Ermənistana konkret iqtisadi divident verən yeganə dövlətdir.
Ermənistan işğalçı dövlətdir. Bunu ATƏT MQ həmsədrləri dəfələrlə rəsmi şəkildə bildiriblər. Sonuncu misal: RF Xİ naziri S.Lavrov BMT Baş Katibi ilə Moskvada keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsinə istinadən "ərazilərin azad olunmasından" danışdı.
BMT və digər beynəlxalq hüquq normalarına görə rəsmən Azərbaycana məxsus olan torpaqların 20 faizini isə Ermənistan işğal edib.İranın ən böyük məntiqsizliyi burasındadır: Özündən 1500 km aralıda müsəlman torpağını işğal edən dövləti öldürməyə cəhdlər edir, öz sərhədinə söykənən ərazidə müsəlman torpağını işğal edən dövləti isə məhv olmaqdan xilas edir. İranın belə siyasətini Qərbdə görürlər və təhlil edib başa düşürlər.
İranla Qərb arasında olan əsas problemin adı nüvə problemi olsa da əslində mahiyyətinə görə bu problem inam çatışmamazlığıdır. İran isə Qərbin ictimai-siyasi mühitinin düşüncə tərzini dəyişə bilməz. Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe Azərbaycan dövlətçiliyindən daha çox İran dövlətçiliyi üçün təhlükə mənbəyinə çevrildiyini indi konstatasiya etmək olar".