Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondu yaradılır Siyasət

Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondu yaradılır

Qüdrət Həsənquliyev: "Xüsusi dövlət proqramı qəbul olunarsa və investisiyalar ayrılarsa, Azərbaycan hətta balıq ixrac edən ölkəyə çevrilə bilər"

Milli Məclisin dünən keçirilən iclasında "Balıqçılıq haqqında" haqqında qanun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəni Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim edib.
Layihəyə edilən dəyişikliyə əsasən, bələdiyyə mülkiyyətində olan balıqcılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətində olmalıdır. Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur. Dəyişikliyə əsasən, Azərbaycanda balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıq ovlama bileti əsasında həyata keçiriləcək. Qanun layihəsində həmçinin Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur. Fondun yaradılmasında məqsəd balıq və digər su bioresurslarının artırılmasını, bərpasını, mühafizəsini, balıqçılığın elmi təminatını və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir. Layihəyə görə, fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılacaq və fəaliyyəti həmin orqan tərəfindən təsdiqlənən əsasnamə ilə tənzimlənəcək. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq təsərrüfatı meliorasiya işləri fondun vəaitləri və dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. Digər dətişikliyə əsasən, Azərbaycan Respublikasının qanunvericliiyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlər akvakultura (balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması, bərpası və rekreasiya üzrə fəaliyyət) ilə məşğul olan fiziki və hüquqi şəxslərə də şamil ediləcək.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirdi ki, qanuna edilən əlavə və dəyişikliklərin önəmli olduğunu vurğuladı: "Mən bu yaxınlarda "Euronews" telekanalı ilə bir veriliş izlədim. Orada qeyd olunurdu ki, Avropa özünün balığa olan ehtiyacının yalnız 30 faizini okeanlar və dənizlərin hesabına təmin edir. Avropanın balıq istehlakının qalan 70 faizi akvakultura deyilən su hövzələrində yetişdirilir. Mən o verilişdə onu da müşahidə elədim ki, əlavə xərclər çəkilməsin deyə birbaşa dənizin içərisində dəmir qəfəsləri xatırladan xüsusi qurğular quraşdırılır. Xəzər dənizinin sahilində yerləşməsinə baxmayaraq, Azərbaycana hər il min tonlarla balıq başqa ölkələrdən idxal olunur. Həzərə alsaq ki, ölkədə inkişaf səviyyəsi artır, insanlar çox faydalı qida növü kimi balıq məhsullarından artıq daha çox istifadə etməyə başlayıblar. Ona görə də mən düşünürəm ki, bu qanunu qəbul etməyimiz öz yerində, eyni zamanda xüsusi dövlət proqramı da qəbul olunmalıdır. Xəzər dənizinin içərisində dediyim kimi balıq yetişdirilməsi üçün xüsusi qurğular yerləşdirməklə - dediyim ki, bu halda suyun dəyişdirilməsinə də ehtiyac yoxdur və xərclər xeyli azaldılır - balıqlar yetişdirilə bilər. Yəni müasir təcrübə öyrənilməklə biz bu sahəyə xüsusi diqqət yetirməliyik. Hesab edirəm ki, bu məqsədlə xüsusi dövlət proqramı qəbul olunarsa və investisiyalar ayrılarsa, bir müddətdən sonra Azərbaycan nəinki balıq idxal etməyən, hətta balıq ixrac edən bir ölkəyə çevriləcək".