“Almaniya Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini yüksək dəyərləndirir” Siyasət

“Almaniya Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini yüksək dəyərləndirir”

Fikrət Yusifov: "Bu yol Şərqdən gələn yüklərin bütün Avropaya, o cümlədən, Almaniyaya daha tez çatdırılmasının etibarlı xəttidir"


Almaniya kansleri Angela Merkelin bölgəyə və Azərbaycana səfəri ilə bağlı həm Azərbaycan, həm də Avropa mediasında ekspert rəyləri yer alır. Ekspertlər səfərin iqtisadi əhəmiyyətini də yüksək dəyərləndirirlər.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov deyib ki, öz iqtisadi qüdrətinə görə, Almaniya dünyada ABŞ, Çin və Yaponiyadan sonra 3 trilyon 684 milyard dollarlıq Ümumi Daxili Məhsulla dördüncü ölkədir: "Ümumdünya Ticarət Təşkilatının və ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, 2017-ci ildə Almaniya 1 trilyon 576 milyard dollar həcmində ixrac etməklə, Amerika Birləşmiş Ştatlarını qabaqlayaraq, Çindən sonra dünya ikincisi olmuşdu".
İqtisadçının sözlərinə görə, Ümumi Daxili Məhsul və ixracın həcminə dair məlumatlar Almaniya iqtisadiyyatının nə qədər qüdrətli olduğunu aydın şəkildə göstərir: "Belə nəhəng resurslara malik bir ölkənin iqtisadiyyatı və maliyyə durumu ona Avropa Birliyində dayaq rolunu oynayan iki dövlətdən biri olmağa imkan verir. Bu gün AB-də bu rolu Fransa ilə birlikdə məhz Almaniya oynayır. İngiltərənin AB-dən çıxmasına qərar verildikdən sonra Almaniyanın üzərinə bu məsələdə daha böyük yük düşür. Almaniya Avropa Birliyində aparıcı söz sahibidir. AB-nin siyasi və iqtisadi kursunun müəyyən edilməsində onun səsi həlledicidir.
Almaniya-Azərbaycan münasibətləri inkişaf yolundadır. Bunu iqtisadi əlaqələrimizin səviyyəsi təsdiq edir. Heç də əbəs deyil ki, xanım Merkelin Bakıda verdiyi bəyanatlardan birində Azərbaycanın Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşı olması etiraf edildi".
Ekspert bəyan edib ki, yaxın illərə qədər iki ölkə arasında ticarət əlaqələri daha böyük idi: "Lakin sonradan bizim neft məhsullarımızın satış bazarında edilən bəzi korrektələr iki ölkə arasında ticarət dövriyyəsini bir xeyli azaltdı. Belə ki, əgər 2014-cü ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 2 milyard 67 milyon dollar idisə, 2017-ci ildə bu rəqəm 894 milyon dollara qədər azala bildi. Lakin buna baxmayaraq, yenə də Azərbaycan regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda Almaniyanın xarici ticarət palatası var. Bu gün ölkəmizdə 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hökumətin mühüm addımlar atdığı bir dönəmdə alman iş adamlarının Azərbaycana bu şəkildə üz tutması tədqirəlayiq bir haldır".
F.Yusifov bildirib ki, bu gün Azərbaycan tək Almaniya üçün deyil, dünyanın ABŞ, Çin, Rusiya, Türkiyə, İran və bir çox başqa ölkələri üçün də çox maraqlı bir investisiya məkanına çevrilib:
"Bunu şərtləndirən əsas məqamlardan biri Azərbaycanın əlverişli coğrafi mövqeyidirsə, digəri və bundan daha önəmlisi isə Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və münbit biznes mühitdir. Son illər ərzində biznes mühitin yaxşılaşdırılması və onun istənilən səviyyədən olan investorlar üçün tam əlverişli bir duruma gətirilməsi, dünyanın aparıcı maliyyə institutlarının və digər beynəlxalq təşkilatlarının diqqət mərkəzində dayanır. Hər bir investor isə normal biznes mühiti olan ölkədə yatrımlar etməyə çox maraqlıdır.
Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının, gələcəkdə isə Türkmən qazı daxil olmaqla başqa ölkələrdən nəql ediləcək qazın bu xətlə Avropaya çatdırılması Almaniyanın marağında olan mühüm bir məsələdir. AB-nin aparıcı ölkəsi kimi Almaniya bu qaz hesabına ilkin mərhəllədə Avropanın cənubunda yerləşən ölkələrin qaz təchizatının şaxələndirilməsini və onların Rusiya qazından asılılığının minimuma endirilməsini alqışlayır. Almaniya Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi- Qars dəmir yolunun istifadəyə verilməsini də yüksək dəyərləndirir. Bu yol Şərqdən gələn yüklərin bütün Avropaya, o cümlədən, Almaniyaya daha tez çatdırılmasının etibarlı xəttidir".
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, Almaniya Kansleri Angela Merkelin Azərbaycan səfəri iqtisadi baxımdan çox əhəmiyyətli idi. Ekspertin sözlərinə görə, xanım Merkelin səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıqla bağlı söylədikləri pozitiv fikirlər göstərdi ki, Azərbaycan Almaniya üçün regionda mühüm partnyordur: "Alman Kansleri çıxışında qeyd etdi ki, Almaniya Azərbaycanla istənilən sahədə əməkdaşlıq etməyə hazırdır. Bunun özü mühüm mesajdır və top artıq ölkəmizin tərəfindədir. Əgər belə davam etsə, növbəti dövrlərdə Azərbaycan bazarında alman investisiyasının həcminin genişlənməsi, ümumi siyasi və iqtisadi əlaqələrin tərəfdaş dinamikasının sürətlənməsini müşahidə edəcəyik".
Almaniyanın ölkəmiz üçün potensial investisiya ölkələrindən biri hesab olunduğunu deyən R. Həsənov söyləyib ki, Azərbaycanda rəqabətli istehsalın qurulması nəzərdə tutulduğu bir dövrdə alman investorlarının təcrübəsi, alman texnologiyasının Azərbaycan gəlməsi növbəti dövrlərdə ölkə iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əhəmiyyətli məsələlərdəndir.
Onun sözlərinə görə, indiyədək Azərbaycana burada fəaliyyət göstərən 150 alman şirkəti tərəfindən 500 milyona qədər investisiya qoyulub: "Azərbaycan bazarı Almaniya üçün investisiya sahəsində əlverişli bazardır. 25 illik tarixə malik olan Azərbaycan iqtisadiyyatında kifayət qədər geniş fəaliyyət sferaları var ki, bu almanları cəlb edə bilər. Almaniya ilə Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi eyni zamanda ölkəmizin Avropa ilə əlaqələrinə də müsbət təsirini göstərə bilər. Bu baxımdan ölkəmizin siyasi iqtisadi potensialı nəzərə alınaraq alman biznesmenləri ölkəmizdə optimal fəaliyyəti mühiti əldə etmiş ola bilərlər. Bu da nəticə etibarı ilə Almaniyanın ölkəmizə investisiyasının artmasına və genişlənməsinə gətirib çıxaracaq".
Bir neçə gündən sonra ölkəmizdə Azərbaycan-Almaniya III Biznes Forumunun keçiriləcəyini deyən ekspert əlavə edib ki, bu forum ölkəmizin tanıdılması, iqtisadi potensialımızın xarici investorların nəzərinə çatdırılması baxımından böyük əhəmiyyətə malik olacaq: "İnanıram ki, Azərbaycan bu forumda nailiyyətlər əldə etməklə yanaşı, xarici investisiya axının təmininə nail olacaq. Çünki, bu ölkəmiz üçün əhəmiyyətli məsələdir".