“Azərbaycan Prezidentinin Rusiyaya səfəri əlamətdar məqamlarla yadda qaldı” Siyasət

“Azərbaycan Prezidentinin Rusiyaya səfəri əlamətdar məqamlarla yadda qaldı”

Azər Badamov: "Səfər çərçivəsində Rusiyadan silah idxalı ilə bağlı yeni sazişin imzalanması xüsusi diqqət çəkir"

"Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir". Bu fikirləri politoloq Rüstəm Məmmədov deyib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi həm Azərbaycan, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. R.Məmmədov bildirib ki, Azərbaycan Ermənistandan başqa bütün ölkələrlə mehriban, dostluq, əməkdaşlıq əlaqələrinə malikdir".
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya səfərinə toxunan politoloq səfər çərçivəsində imzalanan sənədlərin ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığının daha da artacağını qeyd edib.
R.Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq ənənələrindən söz açaraq deyib ki, Rusiya Ermənistanı silahla təmin etsə də, Azərbaycan bütün sahələrdə olduğu kimi bu sahədə də düşmən ölkəni qabaqlayır: "Son dövrlər Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginliyinə fikir versək deyə bilərik ki, hazırda Azərbaycanla Rusiya arasında olan münasibətlərinin səviyyəsi daha üstündür. Düşmən ölkə ilə Ermənistan arasında münasibətlərinin pozulması da baş nazir Nikol Paşinyanın həyata keçirdiyi siyasətlə bağlıdır".
Politoloq əlavə edib ki, son dövrlər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində xoşməramlıdır: "Rusiya artıq Ermənistana təzyiq də etməkdədir. Belə olan halda, Ermənistanın tezliklə daha acınacaqlı vəziyyətə düşəcəyi qaçılmazdır. Azərbaycanın baş verənlərdən yalnız bir istəyi var ki, oda ərazi bütövlüyümüzün təminidir. Hesab edirik ki, baş verənlər nəticə etibarı ilə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək".
Siyasi ekspert Arzu Nağıyev isə bildirib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr bütün sahələri əhatə edir: "İstər iqtisadi, istər siyasi, mədəni və hərbi sahələrdə ikitərəfli tərəfdaşlıq əlaqələri var".
O qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə imzalanan çoxsaylı sənədlər də bunu deməyə əsas verir. Hər iki dövlət başçısının şəxsi münasibətləri də yüksək səviyyədə olduğu üçün bu proseslər dinamik inkişaf edir. Bir sıra sahələrdə münasibətlər artıq strateji əhəmiyyətlidir. Azərbaycan Rusiya hərbi-sənaye kompleksi ilə sıx əlaqəlidir və ən mühüm istehlakçılardan biridir.
A.Nağıyev bildirib ki, Azərbaycanın daxili və xarici siyasətində ən prioritet istiqamət məhz Dağlıq Qarabağ münaqişəsinin həlli olduğu üçün və Rusiya da ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistana təzyiq mexanizminə və bu problemin həllində mühüm rola malikdir. Siyasi ekspertin qənaətincə, bu istiqamətdə işlər davam etdirilməlidir. "Eyni zamanda, Azərbaycan tranzit bir dövlət kimi, ticarət və digər dəhlizlərə malik olduğuna görə, Rusiya üçün əhəmiyyət kəsb edir. Bununla yanaşı, hər iki ölkə birgə sərmayə qoyuluşu ilə mühüm iqtisadi layihələr həyata keçirə bilərlər", - deyə A. Nağıyev vurğulayıb. O qeyd edib ki, bu layihələr həm neft-qaz, həm də qeyri-neft sahələrinin inkişafına müsbət təkan verə bilər.
Millət vəkili Azər Badamov deyib ki, cənab prezidentin Rusiyaya sentyabr ayında baş tutan səfəri bir sıra əlamətdar məqamlarla yadda qaldı: "Hətta deyərdim ki, son 10 ilin ən məhsuldar səfərlərdən biridir. Səfər sırasında imzalanan çoxsaylı sənədlər onu deməyə əsas verir ki, Azərbaycanla Rusiyanın gələcək münasibətləri daha möhkəm, daha sıx tellərlə bir – birinə bağlı olacaq". Millət vəkili hesab edir ki, imzalanan sənədlər Bakı-Moskva münasibətlərinin daha da inkiafına xidmət göstərəcək: "Bu səfər sırasında 15 əsas sənəd imzalandı. Bu sənədlər hər bir sahəni – həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edir. İmzalanan sənədlər Bakı-Moskva münasibətlərinin daha da inkiafına xidmət göstərəcək. Həm şirkətlər, həm də hökümətlərarası sazişlər imzalandı. Bu sənədlər həm də ölkələr arasında kiçik və orta sahibkarlığın bir-birinə inteqrasiya olunmasında mühüm rol oyanayacaq. İnvestisiyaların qoyuluşu, turizm və humanitar sahələrlə bağlı bağlı sazişlər, idmanda əməkdaşlıq imkanları bu sənədlərdə öz əksini tapır. Bu səfərin yaddaqalan məqamlarından biri də Rusiya-Azərbaycan münasibətlərinin inkişafının əsas istiqamətlərinin fəaliyyət planı təsdiq edildi. Eyni zamanda iki ölkə arasındakı münasibətlərin 2024-cü ilə qədər inkişaf proqramı təsdiq olundu".
Azər Badamovun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Bakı-Moskva münasibətləri gələcəyə hesablanmış və daha effektiv şəkildə inteqrasiya olunan münasibətlərdir: "Çünki 2017-ci ildə şimal qonşumuzla ölkəmiz arasındakı ümumi ticarət dövriyyəsinin həcmi 35 faiz artaraq 2,5 milyard dolları ötüb. Rusiya Azərbaycana 1,5 milyard dollardan çox investisiya yatırıb. Təkcə Rusiyanın "RosParm" şirkəti dərman istehsalı müəssisələrinin yaradılmasına 75 milyonluq investisiya yönəldib. Sumqayıt Texnologiyalar Parkına 750 milyon dollar həcmində sərmayə qoyulur. Bunun nəticəsidir ki, bu gün inkişaf etməkdə olan dövlət olaraq Azərbaycana dünyanın bir çox ölkələri investisiya yatırmaqda maraqlı olduqlarını dilə gətirirlər. Həmçinin Rusiya bu istiqamətdə daha aktiv olduğunu göstərir. Hər qoyulan investisiya ölkəmizdə yeni istehsal sahələrinin yaradılmasına gətirib çıxarır. Bu həm də yeni-yeni iş yerlərinin yaradılması deməkdir".
Millət vəkilinin sözlərinə görə, səfər çərçivəsində Rusiyadan silah idxalı ilə bağlı yeni sazişin imzalanması xüsusi diqqət çəkir: "İndiyə kimi şimal qonşumuzdan ölkəmizə 5 milyard dollardan artıq həcmdə silah idxal olunub. Bu da təbiidir. Çünki Azərbaycan müharibə şəraitindədir. Baxmayaraq ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində addımlar atılır, bununla yanaşı, biz öz hərb potensialımızı gücləndirməliyik. Rusiya həm də dünyada ən böyük silah istehsalçısıdır. Bu gün Rusiyadan silah almaq bizim üçün vacibdir. Çünki biz məsələnin sülh yolu ilə nizamlanacağına inanıb arxayın oturmamalıyıq. Eyni zamanda ordumuzun təchizatını gücləndirməliyik. Müasir silahlarla təmin etməliyik ki, lazım olan anda qısa müddət ərzində az itki ilə işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad edə bilək".
Azər Badamov əlavə edib ki, hazırda Azərbaycan dünyada həyata keçirdiyi layihələrlə tanınır:
"Nəqliyyat dəhlizlərinin tikilib istifadəyə verilməsi, boru xəttlərinin şaxələndirilməsi, istehsal olunan enerji resurslarının Avropa bazarlarına çatdırılması istiqamətində icra olunan layihələr, yaxud Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsi ilə Avropa ilə Asiyanın birləşdirilməsi, Ələt Ticarət Limanının istifadəyə verilməsi, həmin liman ərazisində azad iqtisadi zonanın yaradılması istiqamətində nəzərdə tutulmuş addımlar, həyata keçirilən proqramlar buna misal ola bilər. Azərbaycanda son illərdə həyata keçirilən layihələri saymaqla qurtarmaq mümkün deyil. Bu layihələrdə dünyanın inkişaf etmiş ölkələri də iştirak etmək əzmindədir. Həmçinin Rusiya da bu ölkələrin içərisində xüsusi mövqeyə malikdir. Rusiya bizim şimal qonşumuzdur. Bu ölkə ilə bizim münasibətlərimiz tarixi köklərə söykənir. Biz 70 il sovetlər birliyi dönəmində bu ölkənin insanları ilə bir yerdə yaşamışıq. Bu gün bizim əlaqələrimiz iki müstəqil ölkə arasında qurulan münasibətlər fonunda inkişaf edir. Moskva və Bakı bir-birinin maraqlarına hörmətlə yanaşır. Ona görə də də iki ölkə arasındakı bu münasibətlər gələcəkdə də inkişaf edəcək".
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri, internet-media eksperti Səbuhi Abbasov bildirib ki, biz tarixən Rusiya ilə sıx münasibətdə olmuşuq: "Bu münasibət tək siyasi müstəvidə deyil, eyni zamanda mədəni-sosial bağlarla inkişaf edir. Rusiya və Azərbaycan strateji tərəfdaşlıq səviyyəsində daima regional və beynəlxalq müstəvidə bir-birilərini müdafiə ediblər. Eyni zamanda, Azərbaycan Rusiya mədəniyyətinin ölkəmizdə inkişafı üçün bütün mümkün addımları atıb. Bu gün Azərbaycanda onlarla rusdilli məktəblər, ali təhsil ocaqları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bakıdakı rus icması ölkəmizdən hər cür dəstəyi alır. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq biz hər zaman rus mədəniyyətinin inkişafı naminə gərgin fəaliyyət göstərmişik. Hesab edirəm ən böyük və ən qüdrətli qonşu dövlət kimi Rusiya ilə əlaqələrimizi qoruyub saxlamalıyıq. Prezident İlham Əliyev də görüşdə Rusiya ilə münasibətlərə necə önəm verdiyini qeyd etdi. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin də Azərbaycanla möhkəm dostluq, qardaşlıq münasibətləri olduğunu dedi. Şübhəsiz ki, Rusiya və bu kimi supergüc dövlətlərlə ən ali səviyyədə münasibətlərin qorunması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin bariz nümunəsidir".