
“Prezident İlham Əliyevin Vyetnama səfərinin ikitərəfli müstəvidə əsas siyasi və iqtisadi əhəmiyyəti 2025-ci ildə təsis edilmiş strateji tərəfdaşlığın praktik məzmunla zənginləşdirilməsidir. Belə ki, Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın 7 may 2025-ci ildə Bakıya səfəri çərçivəsində Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi dövlətlərarası münasibətlərə yeni siyasi məzmun qazandırıb”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
R.Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərini Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının konkret iqtisadi nəticələrə çevrilməsi baxımından mühüm siyasi və diplomatik hadisə kimi qiymətləndirmək lazımdır: “Əməkdaşlığımızın mühüm üstünlüyü qarşılıqlı siyasi etimaddır. Vyetnam Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstək ifadə edib. Bu ortaq yanaşma beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız üçün də etibarlı əsas yaradır. Bu səfər eyni zamanda Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində həyata keçirdiyi müstəqil və çoxvektorlu xarici siyasətin davamıdır”.
“Əsas gözləntilərdən biri siyasi etimadın konkret layihələrə, yeni investisiyalara, artan ixrac imkanlarına və qarşılıqlı iqtisadi faydaya çevrilməsidir. Belə ki, Azərbaycanın Avropa ilə Asiya arasında strateji coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları ilə Vyetnamın Cənub-Şərqi Asiyadakı istehsal, ticarət və investisiya potensialı bir-birini tamamlayır. Bu baxımdan səfər təkcə iki ölkə arasında əlaqələrin genişlənməsi deyil, həm də Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında yeni iqtisadi və nəqliyyat bağlantılarının inkişafı üçün mühüm fürsətdir” - deyə deputat vurğulayıb.
O əlavə edib ki, səfər çərçivəsində əldə olunacaq razılaşmalar həmçinin ticarət və iqtisadi əməkdaşlığın praktik mexanizmlərinə çevrilməsinə töhfə verəcək: “2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi iqtisadi əlaqələrin inkişaf etdiyini göstərir. Lakin hesab edirəm ki, ölkələrimizin iqtisadi potensialı nəzərə alındıqda bu göstəricini daha da artırmaq üçün geniş imkanlar mövcuddur. Burada əsas istiqamətlərdən biri nəqliyyat və logistika əməkdaşlığıdır. Azərbaycan Orta Dəhliz vasitəsilə Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynayır. Vyetnam isə Cənub-Şərqi Asiyanın inkişaf edən istehsal və ixrac mərkəzlərindəndir. Bu iki üstünlüyün birləşdirilməsi qarşılıqlı ticarətin genişlənməsinə, yükdaşımaların artmasına və Azərbaycanın beynəlxalq tranzit mövqeyinin güclənməsinə xidmət edə bilər. 2026-cı ilin ilk doqquz ayında tranzit daşımalarının təxminən altı dəfə artması da bu istiqamətdə mövcud potensialı nümayiş etdirir”.
R.Nəbiyev həmçinin deyib ki, iqtisadi əməkdaşlıq investisiyaların cəlbinə və Azərbaycan məhsullarının Vyetnam bazarına çıxışı üçün də imkanları yaradacaq: “Bu istiqamətdə əsas məqsəd əməkdaşlığı ənənəvi enerji sektorundan kənara çıxararaq sənaye, bərpaolunan enerji, infrastruktur, kənd təsərrüfatı və qeyri-neft ixracı sahələrini də əhatə edəcək şəkildə genişləndirməkdir.
Artıq bunun üçün müəyyən praktiki əsaslar mövcuddur. SOCAR ilə PetroVietnam arasında əməkdaşlıq neft-qaz layihələri, texniki xidmətlər və mütəxəssis hazırlığı baxımından perspektivlidir. Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə marağı isə investisiya əməkdaşlığının genişlənməsi üçün mühüm göstəricidir. Azərbaycanın qida sənayesi, kənd təsərrüfatı və digər qeyri-neft məhsullarının Vyetnam bazarına çıxışı üçün də imkanlar mövcuddur. Bunun üçün biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, sərgilərdə iştirak, məhsulların sertifikatlaşdırılması, logistika xərclərinin azaldılması və birbaşa işgüzar əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Burada strateji məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil, onun strukturunu şaxələndirmək, Azərbaycan ixracının payını yüksəltmək və qarşılıqlı investisiyaları uzunmüddətli iqtisadi tərəfdaşlığın əsasına çevirməkdir”.
Röya İsrafilova