Ermənistan azərbaycanlılara təzminat ödəmir Siyasət

Ermənistan azərbaycanlılara təzminat ödəmir

Ötən ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzə qərar çıxarıb. Qərara əsasən, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.
Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Ermənistana təzminatın ödənilməsi ilə bağlı verilən 3 ay vaxt bitsə də, hələ kompensasiya onların hesabına yatırılmayıb.
Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev bildirib ki, Ermənistan tərəfi ilə yazışmalar gedir və qarşı tərəf hələki kompensasiyanı vermək istəmir.
"Vəkillərimiz və Azərbaycan dövləti bu məsələni diqqətdə saxlayır. Vəkillər Avropa Şurasının Nazirlər Komitəsinə yazıb. Məsələnin həll olunmaması mümkün deyil. Məhkəmənin qərarı var və icra olunmalıdır. Biz də gözləyirik. Ermənistan höküməti kompensasiyanı vaxtında ödəməsə, hər gecikən gün üçün üstünə faiz gəlir. Hələki faizlər yığılır və onlardan cavab yoxdur. Əsas odur ki, biz Ermənistanı udduq, sonrası artıq qəpik-quruşdur".
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana" qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropaİnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.