“Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür” Siyasət

“Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”

Xələf Xələfov: "Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır"

Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Şurasının 39-cu sessiyasında çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, artıq 30 ildir Ermənistandan olan azərbaycanlı qaçqınların və Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin əsas hüquq və azadlıqları pozulub. Bu da BMT sistemi və onun insan hüquqları üzrə mexanizmi üçün ciddi çağırışdır:
"Bununla əlaqədar olaraq, Azərbaycan İnsan Hüquqları Şurasını, həmçinin onun xüsusi mexanizmlərini, insan hüquqları üzrə ali komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinin tələb etdiyi kimi, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına yönəlmiş səmərəli addımlar atmağa çağırır".
Xələf Xələfov əlavə edib ki, öz növbəsində, Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üzrə işləri davam etdirir:
"Qeyd etmək istərdim ki, ümumilikdə son 25 il ərzində sosial baxımdan belə həssas qrupların sosial müdafiəsinə 8 milyard dollardan çox vəsait ayrılıb. Erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 150 ev, məktəb binaları, bağça, tibb müəssisələri və digər sosial infrastruktur obyektləri tikilərək istismara verilib".
Nazir müavini bildirib ki, Ermənistan BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əhəmiyyət verməməyə davam edir:
"Təəssüf ki, Ermənistanın yeni rəhbərliyinin son açıqlamaları sülh prosesini zərbə altına qoyur və bu açıqlamalar regionu yeni təhdidlərlə üz-üzə qoyaraq Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə yönəlib. Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulması ilə bağlı məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan rəhbərliyini öz sələflərinin səhvlərini təkrarlamamağa və münaqişənin həlli prosesində işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi, suverenliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmətə əsaslanan konstruktiv mövqe tutmağa çağırırıq".
Qeyd edək ki, Ermənistan rəhbərliyinin son davranışları ilə bağlı Azərbaycan XİN-in Mətbuat xidməti də açıqlama yayıb. Açıqlamada deyilir: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq".
Açıqlamada deyilir ki, Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır: "Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür".