“Beynəlxalq təşkilatlar erməni özbaşınalığına göz yumurlar” Siyasət

“Beynəlxalq təşkilatlar erməni özbaşınalığına göz yumurlar”

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə girovluqda olan Dilqəm Əsgərovun doğum günü ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan İctimai Birliyin rəhbəri İradə Polad deyib ki, sentyabrın 30-da Dilqəm Əsgərovun ad günü idi: "Xatırladım ki, 2014-cü ildə Dilqəm Əsgərov, Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən əsir götürülüblər. Onlarla bağlı qanunsuz məhkəmə təşkil olunub və həbs ediliblər. 2016-cı il noyabrın 23-də Dilqəm Əsgərov və Sahbaz Quliyevin hüquqlarını müdafiə komitəsi yaradılıb. Azərbaycan rəsmiləri bu məsələni müxtəlif səviyyələrdə qaldırır, amma hələ ki, bir nəticə yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya bu məsələdə heç bir fəallıq göstərmir. Ermənistan baş naziri Paşinyan bu günlərdə Kəlbəcərdə olub. Demokratiyadan danışan biri beynəlxalq hüququ ayaqlar altına atır. Bütün beynəlxalq təşkilatlar erməni özbaşınalığına göz yumurlar. Beynəlxalq hüquq nə vaxt işləyir?"
Tədbirdə iştirak edən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasının və Şahbaz Quliyevin doğmalarının qəbirlərini ziyarət edərkən işğalçılar tərəfindən saxlanıldığını qeyd edib. Bildirib ki, xeyli vaxtdır atasından məktub almır: "Mən atamdan məlumat ala bilmirəm. Aidiyyatı qurumlardan, təşkilatlardan soruşanda mənə deyirlər ki, atan məktub yazmaq istəmir. Mən bu cəfəngiyyata inanmıram. Dünyanın müxtəlif yerlərində atamın girovluğu ilə bağlı çıxışlar edirəm. Bir övlad kimi, onun qanunsuz həbsdən qurtulması üçün əlimdən gələni edirəm. Öz torpağına gedən, öz ölkəsinin ərazisində olan adam həbs olunur. Bu qədər absurd bir durum yaşamaqdayıq".
Jurnalist Aqil Camal da çıxışında D.Əsgərovun və Ş.Quliyevin əsir götürülməsi məsələsinin daim diqqətdə saxlanıldığını deyib. Bildirib ki, onların dəyişdirilməsi üçün dəfələrlə müraciət edilib, amma Ermənistan tərəfi bu müraciətləri qəbul etməyib: "Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarına gedir, öz ölkəsinin ərazisindədir, amma terrorçuların hücumuna məruz qalır, həbs olunur. Bu məsələni bütün görüşlərdə diqqətdə saxlamalıyıq. Məsələn, Rusiya prezidenti Putin Bakıya gəldi. Bilirik ki, Rusiyanın separatçı rejimə təsir rıçaqları var".
Digər çıxış edənlər də Ermənistanın Azərbaycan torpaqlarını BMT qətnamələrinə baxmayaraq, hələ də işğalda saxladığını, D.Əsgərov və Ş.Quliyevin qanunsuz olaraq həbs edildiklərini bildiriblər.
Tədbirin sonunda bu barədə ingiliscə hazırlanmış qısa film nümayiş etdirilib.