11:29
735
“23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə qeyd etmək istərdim ki, dövlət qulluğu hər bir ölkənin idarəetmə sisteminin əsas sütunlarından biridir. Dövlət qulluqçuları dövlət siyasətinin həyata keçirilməsində, vətəndaşlarla dövlət arasında etibarlı əlaqələrin qurulmasında və ictimai xidmətlərin əlçatanlığının təmin edilməsində mühüm rol oynayırlar”.
Bunu xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı deyib.
A.Şuşalı qeyd edib ki, müasir dövrdə dövlət qulluğunun əsas missiyası yalnız inzibati funksiyaları yerinə yetirmək deyil, həm də vətəndaş məmnuniyyətini təmin etmək, şəffaflığı, hesabatlılığı və qanunun aliliyini qorumaqdır: “Peşəkar, məsuliyyətli və vətənpərvər dövlət qulluqçuları cəmiyyətin inkişafına, dövlət institutlarına inamın möhkəmlənməsinə və ölkənin davamlı tərəqqisinə əhəmiyyətli töhfə verirlər”.
O bildirib ki, xüsusilə postmünaqişə dövründə azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin yenidən qurulması, əhalinin doğma yurdlarına qayıdışının təşkili və ictimai xidmətlərin təmin edilməsi dövlət qulluqçularının üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu bir daha nümayiş etdirir: “Bu əlamətdar gündə bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar və dövlətimizə xidmət yolunda yeni nailiyyətlər arzulayıram”.
Röya İsrafilova