Gənclər Kitabxanasında Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlanıb Mədəniyyət

Gənclər Kitabxanasında Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Xaqani Şirvaninin zəngin ədəbi irsindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat bazası Azərbaycan klassik irsinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və Xaqani Şirvani yaradıcılığına marağın artırılması məqsədilə hazırlanılıb. Resurs tədqiqatçılar, tələbələr, müəllimlər və geniş oxucu auditoriyası üçün etibarlı informasiya mənbəyidir.

Elektron bazada Xaqani Şirvaninin həyat və yaradıcılığına dair ümumi məlumat, Azərbaycan xalqının ədəbiyyat və mədəniyyət tarixində tutduğu mühüm yer və ədəbi-fəlsəfi irsinin əhəmiyyəti haqqında bölmələr təqdim edilir.

Məlumat bazasında “Rəsmi sənədlər”, “Xronologiya”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslərin söylədikləri” kimi bölmələr yer alır. Bu bölmələrdə Xaqani Şirvaninin ömür yolu, yaradıcılıq xüsusiyyətləri, dövrünün ictimai-mədəni mühiti, ədəbi baxışları və şəxsiyyəti haqqında geniş məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin “Xaqani Şirvani– saraylara baş əyməyən, elmlə şərəflənib şöhrətə çatan şair”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovun “Xaqani Şirvani - Allahı və doğruluğu sevən türk şairi”, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Xaqani Şirvani”, Əməkdar jurnalist İradə Əliyevanın “Poeziyanın intibah günəşi” və Aynur Turanın “Söz mülkünün xaqanı - Xaqani Şirvani” kimi məqalələrin tam mətni yer alır.

Elektron resursda Xaqani Şirvaninin müəllifi olduğu və türk, rus, fars dillərində nəşr olunan kitabları, əlyazmaları, haqqında qələmə alınan nəşrlər və dövrü mətbuat nümunələri, izomateriallar, notlar təqdim edilir.

Bu bölmələr vasitəsilə istifadəçilər Xaqani Şirvaninin əsərləri, onun haqqında yazılmış elmi və publisistik mənbələr, audiovizual materiallar, fotoşəkillər və digər məlumatlarla tanış ola bilirlər.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.