“ABŞ və Çin arasında geosiyasi və texnoloji rəqabət davam edir” Gündəm

“ABŞ və Çin arasında geosiyasi və texnoloji rəqabət davam edir”

Bildirilir ki, Çin 10 ABŞ qurumunu ixrac nəzarəti siyahısına əlavə edərək onlara ikili təyinatlı məhsulların tədarükünü qadağan edib.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov deyib ki, Çinin bu addımı geosiyasi və texnoloji rəqabətin davam etdiyini göstərir: “Bu addım ABŞ-nin son illərdə Çin şirkətlərinə və texnologiya sektoruna tətbiq etdiyi məhdudiyyətlərə cavab xarakteri daşıyır. Bu qərar ABŞ və Çin münasibətlərində gərginliyi müəyyən qədər artırsa da, hazırkı mərhələdə onun genişmiqyaslı ticarət müharibəsinə çevriləcəyi ehtimalı aşağıdır. Hər iki ölkə yaxşı anlayır ki, dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət əlaqələrinin ciddi şəkildə pozulması qlobal iqtisadi artıma, təchizat zəncirlərinə və investisiya mühitinə mənfi təsir göstərə bilər. Bundan da pusquda gözləyən Hindistan, Vyetnam, Meksika, İndoneziya və digər böyük 8-lik ölkələri faydalana bilər”.

O əlavə edib ki, ticarət əlaqələrinə təsir baxımından isə nəticələr əsasən yüksək texnologiyalar, yarımkeçiricilər, müdafiə sənayesi, süni intellekt, aerokosmik sənaye və strateji materiallar sektorlarında hiss olunacaq: “Məhdudiyyətlər konkret şirkətlərə yönəldildiyi üçün qısamüddətli dövrdə ümumi ABŞ və Çin ticarət dövriyyəsində kəskin azalma gözləmək sadəlövhlük olardı. Lakin bu uzunmüddətli perspektivdə tərəflərin qarşılıqlı məhdudiyyətləri texnoloji ayrışmanı sürətləndirə bilər. Artıq müşahidə olunur ki, bir çox beynəlxalq şirkətlər istehsal və təchizat zəncirlərini təkcə Çin üzərində qurmaqdan uzaqlaşaraq Hindistan, Vyetnam, Meksika, İndoneziya və digər ölkələrə yönəldirlər. Bu tendensiya sözügedən qərardan sonra daha da güclənə bilər”.

A.İbrahimovun sözlərinə görə, ABŞ və Çin arasında ümumi ticarət həcmi hələ də yüz milyardlarla dollarla ölçülür və tərəflər bir-birinin əsas ticarət tərəfdaşlarından olaraq qalırlar: “Buna görə də yaxın perspektivdə tam iqtisadi ayrılma deyil, strateji sahələr üzrə seçici məhdudiyyətlərin genişlənməsi daha real görünür. Qısaca desəm, Çinin bu addımı ABŞ–Çin münasibətlərində siyasi və texnoloji gərginliyi artıran növbəti epizod kimi qiymətləndirilə bilər. Amma ümumilikdə bunun qlobal ticarətə təsiri daha çox yüksək texnologiyalar və strateji məhsullar seqmentində hiss olunacaq, ümumi ticarət əlaqələrinin isə yaxın müddətdə kəskin şəkildə zəifləməsini gözləmirəm. Azərbaycanın da daxil olduğu Orta Dəhliz ölkələri üçün isə ABŞ və Çin rəqabəti təchizat marşrutlarının şaxələndirilməsi fonunda yeni logistika və tranzit imkanları yarada bilər”.

Röya İsrafilova