“Qlobal dəyişikliklər iqtisadiyyata necə təsir edir?” Gündəm

“Qlobal dəyişikliklər iqtisadiyyata necə təsir edir?”

“Neftin ucuzlaşması iqtisadiyyatın çökəcəyi anlamına gəlmir”

İqtisadçı ekspert Günay Hüseynova qlobal bazarlardakı dəyişikliklərin, xüsusilə neft qiymətlərinin ucuzlaşması və qızıl bazarındakı hərəkətliliyin iqtisadi proseslərə təsiri ilə bağlı xalqcebhesi.az-a açıqlama verib.

Ekspert bildirib ki, neft qiymətlərində eniş və qızıl bazarında dəyişkənlik iqtisadiyyatda mütəmadi müşahidə olunan proseslərdəndir:
“Bu gün mediada neftin ucuzlaşması ilə bağlı yayılan xəbərlər o demək deyil ki, ölkə iqtisadiyyatı çökəcək və ya həyəcan təbili çalınmalıdır. Eyni zamanda qızılın qiymətində baş verən dəyişikliklər də rekord həcmdə satışların olacağı və ya iqtisadiyyatda ani, gözlənilməz dəyişikliklərin baş verəcəyi anlamına gəlmir”.

G.Hüseynovanın sözlərinə görə, iqtisadi proseslərlə bağlı düzgün proqnoz vermək üçün qısamüddətli dəyişikliklər deyil, daha uzunmüddətli dinamika nəzərə alınmalıdır:
“İqtisadiyyatda hər hansı hadisənin orta və uzun müddətli hərəkətliliyini görmədən proqnoz vermək tamamilə yanlışdır. Hətta neft qiymətlərinin kəskin yüksəldiyi dövrlərdə belə dəqiq proqnoz vermək çətin olur. Çünki bir gecədə tətbiq edilən sanksiya və ya geosiyasi qərar bütün planları dəyişə bilər”.
Ekspert qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin istehlakçılara və ev təsərrüfatlarının büdcəsinə təsirini qiymətləndirmək üçün zaman amilinin vacib olduğunu qeyd edib:
“Bu təsirləri müəyyən etmək üçün ilk növbədə həmin dəyişkənliyi uzunmüddətli müşahidə etmək lazımdır. Ən azı 3-6 aylıq dövr ərzində əməkhaqqı artımları, sosial ödənişlər, eləcə də dövlət büdcəsinin gəlir və xərcləri təhlil edilməlidir. Qlobal iqtisadi dalğalanmaların ölkə iqtisadiyyatına təsiri qaçılmazdır.
Təbii ki, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər təsirsiz ötüşmür. Lakin əsas məsələ dalğalanmaların nəzərdə tutulan səviyyədən, yəni normadan artıq olmasıdır. Belə hallarda büdcədən ayrıla biləcək vəsaitlərin həcminə təsir göstərə bilər”.

Günel Elxan