Starmer Britaniya Baş naziri vəzifəsindən istefa vermək qərarına gəlib Gündəm

Starmer Britaniya Baş naziri vəzifəsindən istefa vermək qərarına gəlib

Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyboristlər Partiyasının liderliyindən istefa verəcəyini elan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayır.

Əməkdaşlar və tərəfdarları qarşısında çıxış edən Starmer iki il əvvəl baş nazir seçilməsinin həyatındakı ən böyük nailiyyət olduğunu bildirib. O xatırladıb ki, həmin vaxt son 14 ildə ilk dəfə leyboristlər hökuməti hakimiyyətə gəlib və bu, onun sözlərinə görə, ölkə tarixində yeni səhifə açıb, milyonlarla britaniyalının həyatını dəyişmək imkanı yaradıb.

Starmer qeyd edib ki, bu hədəfə gedən yol "asan olmayıb". Onun sözlərinə görə, altı il əvvəl o, ağır siyasi, maliyyə və mənəvi vəziyyətdə olan Leyboristlər Partiyasına rəhbərlik etməyə başlayıb. O vurğulayıb ki, ümumi seçkilərdə qələbə qazanmağın qeyri-mümkünlüyü barədə proqnozlara baxmayaraq, partiya uğur qazanmağı bacarıb.

Baş nazir həmçinin bildirib ki, gediş barədə qərarı anlayışla və hörmətlə qəbul edir. Onun sözlərinə görə, Leyboristlər Partiyasının parlament fraksiyası növbəti ümumi seçkilərdə partiyaya rəhbərlik etmək üçün onu ən yaxşı namizəd hesab etmədiyini açıq şəkildə bildirib və o da bu qərarla razılaşıb.

Starmer qəbul etdiyi bütün qərarların "ölkənin rifahına" yönəldiyini bəyan edib. Bununla əlaqədar olaraq, o, Leyboristlər Partiyasının lideri vəzifəsini tərk edəcəyini bildirib. O, həmçinin öz qərarı barədə Kral III Çarlza da məlumat verib.

Öz fəaliyyətinin yekunlarından danışan Starmer "tənqidçilərin proqnozlarını alt-üst edə bildiyini" söyləyib. Onun sözlərinə görə, partiya antisemitizm probleminin öhdəsindən gəlməyi, özünün iqtisadi, müdafiə və xarici siyasət gündəliyinə olan etimadı bərpa etməyi, həmçinin fəaliyyətini bütün vətəndaşlar üçün bərabər imkanlara malik daha ədalətli bir ölkənin qurulmasına yönəltməyi bacarıb.

Məryəm Quliyeva