
Ötən ildə Naxçıvanda kənd təsərrüfatı məhsulları üzrə ÜDM-nin həcmi 217 milyon AZN olmuşdur ki, bu da Naxçıvan Müxtar Respublikası (NMR) üzrə ÜDM-nin 12,7 faizini təşkil edib.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Onun sözlərinə görə, istehsal edilən kənd təsərrüfatı məhsullarının strukturuna baxdıqda görmək olar ki, bitkiçilik – 55,5%, heyvandarlıq 44,5% təşkil edir.
“2025-ci ildə Naxçıvanda birillik bitkilərin əkin sahələri və çoxillik əkmələrin ümumi sahəsi təxminən 43 min hektar olmuşdur. Bu sahələrin 84,9 faizini birillik bitkilərin əkin sahələri, 13,2 faizini meyvə və giləmeyvə bağları, 1,8 faizini üzüm bağları və 0.1 faizini çəkillik sahələri təşkil etmişdir.
Birillik bitkilərin əkin sahəsi 36,5 min hektar olmuş və ölkə üzrə müvafiq sahələrin 2,3 faizini təşkil etmişdir. Bu sahələrin 50,8 faizi dənli və dənli paxlalı bitkilərin, 41,1 faizi yem bitkilərinin, 4,8 faizi tərəvəzin, 1 faizi bostan bitkilərinin, qalan 2,3 faizi isə digər bitkilərin payına düşmüşüb”, - nazir qeyd edib.
Məcnun Məmmədob vurğulayıb ki, dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 18,6 min hektar təşkil etmişdir. Bu sahənin 50,1 faizi arpa — 9,3 min hektar, 44,6 faizi buğda — 8,3 min hektar, 4,5 faizi dən üçün qarğıdalı — 834,3 hektar, 0,8 faizi isə digər dənli və dənli paxlalı bitkilərin payına düşmüşdür. NMR-də dənli və dənli paxlalı bitkilərin əkin sahəsi ölkə üzrə müvafiq əkin sahələrinin 1,9 faizini təşkil etmişdir.
2025-ci ildə meyvə və giləmeyvə bağlarının sahəsi 5,7 min hektar olmuşdur. Bu, ölkə üzrə meyvə və giləmeyvə bağlarının ümumi sahəsinin 2,4 faizinə bərabərdir. NMR-də 44,6 min ton dənli və dənli paxlalı bitki məhsulu istehsal edilmişdir. Bunun 43,7 faizini arpa — 19,5 min ton, 40,7 faizini buğda — 18,1 min ton, 14,9 faizini dən üçün qarğıdalı — 6,7 min ton, 0,7 faizini isə digər dənli və dənli paxlalı məhsullar təşkil etmişdir. Muxtar respublikanın taxıl istehsalında ölkə üzrə payı 1,3 faiz olub.
Nazir onu da əlavə edib ki, eyni dövrdə 32,3 min ton meyvə və giləmeyvə, 21,1 min ton kartof və 27,1 min ton tərəvəz istehsal edilmişdir. Bu göstəricilər ölkə üzrə müvafiq istehsalın meyvə və giləmeyvə üzrə 2,3 faizini, kartof üzrə 2,3 faizini, tərəvəz üzrə isə 1,5 faizini təşkil edib.
“2026-cı il yanvarın 1-i vəziyyətinə NMR-də 56,6 min baş iribuynuzlu mal-qara və 353,3 min baş qoyun-keçi mövcud olub. Onların ölkə üzrə müvafiq göstəricilərdə payı 2,3 faiz və 5,2 faiz təşkil etmişdir. 2025-ci ildə muxtar respublikada 21,2 min ton diri çəkidə ət və 60,7 min ton süd istehsal olub. Ət istehsalı üzrə muxtar respublikanın ölkə üzrə payı 3,2 faiz, süd istehsalı üzrə payı isə 2,6 faiz olub”, - nazir Məcnun Məmmədov bildirib.