11:38
812
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun 2026–2030-cu illər üzrə orta illik artımının azı 2 faiz, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac həcminin orta illik artımının isə 6 faiz olması nəzərdə tutulur.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Onun sözlərinə görə, bitkiçilik üzrə əsas hədəflər ixtisaslaşmış rayonlarda buğda və pambığın orta məhsuldarlığının hektardan 50 sentnerə çatdırılmasını, buğda istehsalının ölkə üzrə 20 faiz, pambıq istehsalının isə 17 faiz artırılmasını əhatə edir. Müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 2025-ci ildəki 130 min hektardan 2030-cu ilədək təxminən 300 min hektara çatdırılması planlaşdırılır. İntensiv meyvə bağlarının sahəsinin 50 min hektardan 70 min hektara, istixana komplekslərinin sahəsinin isə 1500 hektardan 2000 hektara çatdırılması hədəflənir.
“Heyvandarlıq sahəsində yüksək məhsuldar cins iribuynuzlu heyvanların ümumi sürüdə payının 2,5 faizdən təxminən 10 faizə çatdırılması, kəsilmiş çəkidə mal əti istehsalının azı 20 faiz, süd istehsalının azı 10 faiz artırılması hədəflənir. Quş əti istehsalının azı 30 faiz, yumurta istehsalının isə təxminən 27 faiz artırılması, yeni quşçuluq damlarının və müasir kəsimxanaların yaradılması nəzərdə tutulur.
Akvakultura sahəsində istehsal həcminin 3,4 min tondan təxminən 7,7 min tona çatdırılması, bu sahədə bir aqroparkın yaradılması və inkişaf zonalarının müəyyənləşdirilməsi planlaşdırılır”, - nazir qeyd edib.
O əlavə edib ki, Dövlət Proqramı üzrə tələb olunan ümumi investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir. Bunun 2,2 milyard manatının dövlət dəstəyi, 3,7 milyard manatının isə özəl sektor investisiyası hesabına təmin olunması nəzərdə tutulur. Proqram çərçivəsində yaradılacaq infrastruktur və institusional əsasların təsirinin 2030-cu ildən sonrakı dövrdə də davam edəcəyi gözlənilir.
11:23
777
11:13
896
10:10
938