Milli Məclisdə 2019-cu ilin büdcə zərfi müzakirə olunub Siyasət

Milli Məclisdə 2019-cu ilin büdcə zərfi müzakirə olunub

Samir Şərifov: "Büdcənin sabitliyi və orta müddətli dayanıqlığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir"


Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirilib. İclasda "2019-cu il dövlət büdcəsi haqqında", "2019-cu il üçün yaşayış minimumu haqqında", "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirəyə çıxarılıb.
İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, komitə sədrləri və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihə parlamentin plenar iclasına çıxarılacaq.
Xatırladaq ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib ki, Azərbaycan Konstitusiyasına edilən dəyişiklikərə görə, dövlət büdcəsi 3 oxunuşda müzakirə ediləcək: "Daha sonra onun qəbulu haqqında Milli Məclis qərar çıxaracaq". Ölkəmizdə uğurlu işlərin davam etdirildiyini deyən komitə sədri söyləyib ki, son 5 ildə görülən işlər mühüm rəqəmlərlə xarakterizə olunur. Z. Səmədzadə qeyd edib ki, dünyada gedən qlobal proseslərə baxmayaraq, Azərbayan iqtisadiyyatı davamılılığını nümayiş etdirir: "Bu uğurun arxasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasəti dayanır. Dövlət büdcəsi də bu nailiyyətlərin əldə olunmasında mühüm vasitədir. Hökumət, eləcə də büdcənin hazırlanmasında iştirak edən qurumlar və strukturların kifayət qədər məsuliyyətli yanaşması büdcə zərfindəki göstəricilərin ildən-ilə daha da yaxşılaşmasına səbəb olur".
Komitə sədri bildirib ki, ölkəmizdə büdcə sistemi haqqında sanballı qərar qəbul edilib: "Bu qərarın nəticələri haqqında qonaqlar ətraflı məlumat verəcəklər. Lakin deyə bilərəm ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında yeni büdcə sistemi ilə bağlı dəyişikliklər mühüm rol oynayacaq".
Ziyad Səmədzadə ölkədə vergi sistemində mühüm addımların atıldığını qeyd edib: "Məhz görülən işlərin nəticəsi olaraq, növbəti ilin büdcəsindəki parametrlər bir neçə istiqamət üzrə daha da yaxşılaşıb. Azərbaycanın nüfuzunu artıran əsas göstəricilərindən biri büdcədə şəffaflığını təmin edilməsi, kölgə iqtisadiyyatının azalmasıdır. Bütün bunlar 2019-un büdcəsindəm də yer alıb. Büdcə sistemində yeni meyarlar tətbiq edilib ki, bu meyarlar dövlət büdcəsinin keyfiyyət göstəricilərinin yaxşılaşmasına kömək edəcək".
Maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müəyyən sabitləşmə və hətta artma proseslərinin ölkəmizə müsbət iqtisadi təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır: "Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu isə bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması, digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır".
Maliyyə naziri qeyd edib ki, yuxarıda sadalanan makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır: "Bununla əlaqədar büdcənin sabitliyi və orta müddətli dayanıqlığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilən büdcə qaydasına uyğun olaraq hazırlanacaq".
Vergilər naziri Mikayıl Cabbarov deyib ki, Vergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsini proqnozlaşdırır:
"Qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük".
Nazir bildirib ki, vergidənyayınma miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər müəyyənləşib: "Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənmdirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmık üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub".
Əmək və əhalininin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır: "Bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək. Nəticədə də ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq". Nazir bildirib ki, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək: "Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin ana məqsədidir. Digər tərəfdən, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq".
S.Babayev deyib ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir: "Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə, ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq".
Milli Məclisin birinci vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, dövlət büdcəsi ölkənin iqtisadi Konstitusiyasıdır və onun müəyyən etdiyi parametrlər iqtisadi baxımdan necə yaşamağımızı təmin edəcək. Dövlət büdcəsi müzakirə olunan zaman bir neçə parametrə xüsusi diqqət etdiyini deyən komitə sədri bildirib ki, büdcənin sosial xarakter daşıması, beynəlxalq iqtisadi konyukturanı özündə necə əks etdirməsi, maliyyə sabitliyin təmin olunması mühüm amillərdir: "Bu baxımdan hesab edirəm ki, 2019-cu ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi sosial yönümlüdür. Büdcənin sosial yönümlü olması, ilk növbədə Konstitusiyamızdan irəli gəlir və dövlətimizin ali məqsədidir".
Z. Əsgərovun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 3 milyard 37 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin büdcəsindən 4.6 faiz çoxdur.
Komitə sədri qeyd edib ki, 2019-cu ilin büdcəsində hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xərclər 30 milyon manat səviyyəsinə çatacaq: "Hökumət bu dəfə də hərbi döyüşlərdə iştirak edən şəxslərin sosial vəziyyətinə xüsusi diqqət ayırıb". Çıxışı zamanı büdcənin neftdən asılılığının azaldılması ilə bağlı səslənən fikirlərə münasibətini bildirən Z. Əsgərov qeyd edib ki, Dövlət Neft Fondundan transferlərdən imtina etmək düzgün deyil: "Bu gün dünyada neftin 57 faizi yanacaq kimi istifadə olunur. Hazırda dünyada elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin istehsal olunduğunu nəzərə alsaq, 10-15 ildən sonra yanacağa olan tələbat 57 faiz azalacaq. O zaman neftin qiymətində azalmalar müşahidə olunacaq. Belə olan vaxtda niyə biz neftimizi dünya bazarına çıxarıb ondan əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı genişləndirməyək? Ölkəmizdə sosial layihələr işləyib hazırlanır, yol infrastrukturuna diqqət ayrılır. Bunu xalqımız üçün edirik. Bu, sosial vəziyyətin yaxşılaşdırılması deyilmi?".
O əlavə edib ki, 2019-ci ilin büdcəsində dünya iqtisadi konyukturası və çağırışlar nəzərə alınıb. "Bu büdcə Azərbaycanın gələcəyi, xüsusilə də 2019-cu il üçün etimadlı büdcədir. Elmi cəhətdən savadlı hazırlanıb. Büdcəmiz xalqımız üçün xeyirli olsun".
Qeyd edək ki, layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclasları keçiriləcək.


Əli