“Ermənistanda mediaya təzyiqlərin edilməsi Avropa üçün maraqlı deyil” Siyasət

“Ermənistanda mediaya təzyiqlərin edilməsi Avropa üçün maraqlı deyil”

Azər Badamov: "Onlar buna göz yumurlar"

"Avropa Parlamentinin Azərbaycanda baş vermiş hər hansı hadisəni şişirtməsi, Ermənistanda yaşanan kütləvi insan hüquqları pozuntusunu görməməsi ikili standartların bariz nümunəsidir". Bunu deputat Azər Badamov deyib. İrəvanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Yeqiazaryanın ölməsi ilə bağlı məsələyə münasibət bildirən A.Badamov qeyd edib ki, bu hadisə bir daha Avropa Parlamentinin, Avropa Şurasının və bütövlükdə Qərbin bəzi siyasətçilərinin, ayrı-ayrı institutlarının ayrı-ayrı ölkələrə münasibətinin eyni olmadığından xəbər verir: "Onlar xüsusi məqsədlərə nail olmaq üçün insan hüquqlarından bir alət kimi istifadə edirlər. O məqsədlərə nail olmaq üçün bu mövzunu ortaya atırlar. Fakt budur ki, bu gün Ermənistanda bir media orqanının rəhbəri və partiya sədrinin müavini həbsxanada dünyasını dəyişib. Ermənistanda mediaya böyük təzyiqlərin edilməsi Avropa üçün maraqlı deyil, onlar buna göz yumurlar. Çünki onlar onsuz da bilirlər ki, Ermənistanda sabitliyin pozulması nəticəsində onların umacağı,təzyiq edib nəyəsə nail olacaqları bir məqam yoxdur. Azərbaycanın isə zəngin yeraltı, yerüstü sərvətləri var, mühüm geosiyasi bölgədə yerləşir. Bizə olan təzyiqlərin kökündə də bu amil dayanır. Onlar bir müsəlman ölkəsi olaraq bizim uğurlarımızı, güclənməyimizi qəbul və həzm edə bilmirlər".