“Paşinyanı məsuliyyətə cəlb edəcəyik” Siyasət

“Paşinyanı məsuliyyətə cəlb edəcəyik”

"Azərbaycan topaqları birmənalı olaraq, Ermənistan qoşunları tərəfindən işğal edilib".
Bunu millət vəkili Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfərindən, orada Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsindən danışan söyləyib. Deputat sual ünvanlayıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmədiyini iddia edirsə, niyə 30 ilə yaxındır, bu ölkənin hərbi birləşmələri Azərbvaycan torpaqlarında yerləşdirilib:
"Yaxud, Nikol Paşinyanın oğlu Qarabağda guya hərbi xidmət keçmək adı ilə niyə ictimaiyyətə təqdim olundu? Onlar hansı haqla Azərbaycanın sərhədlərini pozub, ərazilərimizə daxil olurlar? Hətta Qarabağımızda müxtəlif tədbirlər də keçirirlər. Nikol Paşinyan beynəlxalq qanunlara və Azərbaycan qanunvericiliyinə zidd olaraq, dəfələrlə ölkəmizin sərhədlərini pozub. Vaxt gələcək, Paşinyan Robert Koçaryanı istintaqa çəkdiyi kimi, biz də koçaryanlar, sarkisyanlarla birlikdə Paşinyanın özünü məsuliyyətə cəlb edəcəyik".
E. Məmmədov diqqətə çatdırıb ki, Dağlıq Qarabağda yaradılan qondarma separatçı qurum, yalançı və Ermənistanın əlində oyuncaq olan vasitədir:
"Hələ 1988-ci ildə Qarabağ hadisələri başlayandan onlar "birləşmə" şüarı ilə separatçılığa, qarşıdurmalara can atırdılar. Bu, onların xəstə fikirlərinin "Böyük Ermənistan" xülyasının tərkib hissəsidir. Azərbaycanın işğal olunmuş ərazilərini də öz ərazilərinə qatmaqla istəklərini reallaşdırmağa çalışırlar.
Heç bir qərar, heç bir qətnamə indiyə qədər münaqişəsinin nizamlanmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək etməyib. Bundan sonra da faydası olacağını düşünmürəm. Həmsədrlərin fəaliyyəti, beynəlxalq təşkilatların tövsiyələri Azərbaycanın başını qatmaq, ermənilərin vaxt udmasına kömək etmək məqsədi daşıyır. Hesab edirəm ki, buna son qoymağın vaxtı çoxdan çatıb. Paşinyanlara, sarkisyanlara, koçaryanlara həddini bildirməyin, ərazi bütövlüyümüzü bərpa etməyin yeganə yolu Azərbaycan ordusunun gücündən istifadə etməkdir".