
“Bakı Təhlükəsizlik Forumu kimi beynəlxalq platformalara xüsusi önəm verməsi ölkənin təhlükəsizlik gündəliyində yalnız iştirakçı deyil, həm də dialoq və əməkdaşlıq imkanları yaradan tərəf kimi çıxış etmək siyasətini gücləndirir. Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində vurğuladığı kimi, Azərbaycanın prioritetləri beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsidir”.
Bu sözləri xalqcebhesi.az-a hərbi ekspert Anar Şuşalı deyib.
A.Şuşalı qeyd edib ki, bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, müasir təhlükəsizlik artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində həll olunan məsələ kimi qiymətləndirilmir: “Terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, eləcə də yeni texnologiyaların, o cümlədən süni intellektin terror fəaliyyətində sui-istifadəsi müxtəlif ölkələrin birgə fəaliyyətini tələb edən təhdidlər sırasında göstərilir. Məhz bu baxımdan Bakı Təhlükəsizlik Forumu Azərbaycanın təhlükəsizlik diplomatiyasında praktiki əməkdaşlıq alətlərindən biri kimi diqqət çəkir. Forumun əvvəlki mərhələlərində müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik qurumlarının rəhbərləri bir araya gəlib, regional və qlobal təhdidləri müzakirə edib, ikitərəfli və çoxtərəfli görüşlər keçiriblər. 2025-ci ildə keçirilən III Bakı Təhlükəsizlik Forumunda təxminən 90 ölkənin xüsusi xidmət orqanlarının yüksək səviyyəli nümayəndələri iştirak edib”.
Ekspertin fikirlərinə görə, Forumun institusional inkişafı da Azərbaycanın bu sahədə təşəbbüsünün miqyasını göstərən amillərdən biridir: “2025-ci ildə Forumun Əsasnaməsi və Bəyannaməsi qəbul edilib, onun fəaliyyətinin davamlılığını təmin etmək üçün Təşkilat Komitəsi və Katibliyin yaradılması istiqamətində addımlar atılıb. Həmin Forumun Bəyannaməsi və Prezidentin müraciəti sonradan BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi yayımlanıb. 2026-cı ilin iyununda isə Bakı Təhlükəsizlik Forumu Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən yüksək səviyyəli antiterror tədbiri çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunub. Forumun daimi Katibliyi yaradılıb və 100-dən çox ölkədən 150-dən artıq təhlükəsizlik və kəşfiyyat qurumunu əhatə edən əməkdaşlıq mexanizminin institusional inkişafı istiqamətində iş aparılır. Burada Azərbaycanın rolunun dəyişməsini bir neçə istiqamətdə müşahidə etmək mümkündür. Birincisi, Bakı təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkanlardan birinə çevrilir. İkincisi, Azərbaycan müxtəlif ölkələrin təhlükəsizlik qurumları arasında informasiya mübadiləsi və peşəkar əlaqələrin inkişafına şərait yaradan mexanizmlərin formalaşmasına töhfə verir. Üçüncüsü isə ölkə regional təhlükəsizlik gündəliyini daha geniş beynəlxalq təhlükəsizlik məsələləri ilə əlaqələndirən diplomatik platformalar yaradır”.
O eləcə də bildirib ki, bu proses Azərbaycanın enerji və nəqliyyat qovşağı kimi formalaşmış beynəlxalq mövqeyinə təhlükəsizlik diplomatiyası ölçüsünün də əlavə olunması kimi xarakterizə edilə bilər: “Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında Prezident İlham Əliyevin “Bakı artıq yalnız enerji və nəqliyyat qovşağı deyil, həm də qlobal təhlükəsizlik müzakirələrinin məkanıdır” fikrinin bu baxımdan əhəmiyyət daşıdığı qeyd olunur. Nəticə etibarilə, Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində rolunun yalnız mövcud proseslərə münasibət bildirməklə məhdudlaşmadığını, dialoq, etimad, informasiya mübadiləsi və institusional əməkdaşlıq üçün platformalar yaratmaq istiqamətində də təşəbbüslər irəli sürdüyünü göstərən nümunələrdən biridir. Forumun coğrafiyasının genişlənməsi və BMT çərçivəsində təqdim olunması isə bu platformanın beynəlxalq təhlükəsizlik gündəliyində görünürlüğünün artdığını göstərən konkret faktlardır”.
Röya İsrafilova