Peskov ümid edir Siyasət

Peskov ümid edir

“Putin və Trampın telefon danışıqları yayımlanmayacaq”

“Ümid edirik ki, Rusiya-ABŞ münasibətlərdə iş ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışıqlarının yayımlanmasına qədər gedib çıxmaz”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
ABŞ Prezidenti D. Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığının mətninin yayımlanmasına toxunan D. Peskov qeyd edib ki, buna bənzər halın ABŞ və Rusiya arasında yaşanmayacağına ümid edirlər: “Bütün bunlar ABŞ-ın daxili işidir və biz bu işə qarışmaq istəmirik. Adətən belə telefon danışıqları məxfi xarakter daşıyır və bir qayda olaraq yayımlanmır”.
Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutmuş telefon danışığının mətnini yayımlayıb.
Xatırladaq ki, D. Trampla V. Zelenski arasında telefon danışığı iyul ayının 25-də baş tutub. Bundan sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib. Artıq ABŞ Nümayəndələr Palatası Prezident D. Trampa qarşı impiçment proseduruna başlayır. İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir. Bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.