“Lavrov ermənidir və öz ermənilərini çox gözəl tanıyır” Siyasət

“Lavrov ermənidir və öz ermənilərini çox gözəl tanıyır”

Mübariz Əhmədoğlu: “Başa düşür ki, müharibəsiz məsələni həll edə bilməyəcək”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda mətbuat konfransında Ermənistanın “ev tapşırığının” güclü olduğu üzə çıxdı. Nəinki erməni jurnalistləri, hətta Rusiyadan gələn jurnalistlər də Dağlıq Qarabağ münaqişəsini aktuallıqda saxladılar. Lavrov bildirdi ki, danışıqların iştirakçılarının tərkibini tərəflər müəyyənləşdirməlidir. Başqa sözlə, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakına Bakı konsensus verməlidir. Bakının konsensusunu almaq üçün isə İrəvan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlara qatılması məsələsini aktuallaşdırmalıdır”. Bunu politoloq Mübariz Əhmədoğlu keçirdiyi “Qarabağ Saatı” konfransında bildirib: “Sergey Lavrov Dağlıq Qarabağın danışıqlardan tərəf olaraq uzaqlaşdırılmasının səbəbi kimi Robert Köçəryanı göstərdi. Bu, Lavrovu tanımaq üçün kifayət qədər vacib məqamdır. Lavrov üçün prezident Putinin mövqeyini unutmaq çətin deyil və ya Lavrov ciddi mövqe formalaşdırmağı prioritet hesab etməyən diplomatdır. Lavrov Paşinyana iqtibas etdi, amma Paşinyanın dediklərinin mahiyyətini dəyişdirdi. Dağlıq Qarabağın taleyini Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan həll etməlidir. Paşinyana görə isə Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları müəyyən etməli idi. Lavrov Dağlıq Qarabağ tənzimlənməsi üçün Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığını özünəməxsus şəkildə təqdim etdi. Birinci yerdə ərazi bütövlüyü prinsipini, ikinci yerdə xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipini, üçüncü yerdə güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələməmək prinsipini qoydu. ATƏT-in Minsk Qrupunun bütün sənədlərində birinci yerdə güc tətbiq etməmək prinsipi, ikinci yerdə ərazi bütövlüyü prinsipi, üçüncü yerdə xalqların öz müqəddəratını təyinetmə prinsipidir”. Politoloqun sözlərinə görə, Ermənistan üçün güc tətbiq etməmək prinsipinin birinci yerdə olması çox vacibdir: “Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığı Ermənistan üçün hədsiz dərəcədə siyasiləşmiş mövzu olub. İllər boyu Ermənistan heç vaxt ərazi bütövlüyü prinsipini ikinci yerdə göstərməyib, üçüncü yerdə göstərib. Hətta azərbaycanlılar da güc tətbiq etməmək prinsipinin yerini dəyişməyə cəsarət etməyiblər. Lavrovun belə yerdəyişməsi müharibənin yaxında olduğunu göstərir və Dağlıq Qarabağ münaqişəsi regionunda lokal müharibə hazırda Rusiyanın ən ciddi marağında olan məsələdir. Çünki Lavrov ermənidir və öz ermənilərini çox gözəl tanıyır. Başa düşür ki, müharibəsiz məsələni həll edə bilməyəcək”.