Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri keçiriləcək Siyasət

Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri keçiriləcək

Naxçıvanda bir araya gələn müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyəti müzakirə ediblər

Dünən Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Eyni zamanda qərar qəbul edilib ki, müdafiə nazirləri bu formatda hər altı aydan bir görüşsünlər.
Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxışında bildirib ki, nazirlər üçtərəfli formatda ilk görüşü keçiriblər: "Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırdıq.
Üç dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulandı, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq.
Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul etdik.
3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunub".
Türkiyənin və Gürcüstanın müdafiə nazirləri dünən həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla da görüşüblər.
Ali Məclisin sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirib, son illər muxtar respublikanın bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırıb.
V.Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə və Gürcüstan arasında təhsil, səhiyyə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Qeyd olunub ki, strateji maraqlara uyğun olaraq hər üç ölkənin həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Naxçıvanın blokadada yaşadığını və düşmən dövlətlə sərhəddə yerləşdiyini bildirən Ali Məclisin sədri bütün bunlara baxmayaraq muxtar respublikada sosial-iqtisadi inkişafın davamlı xarakter aldığını qeyd edib. Bildirilib ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və birləşmələrinin döyüş qabiliyyəti gücləndirilir, Heydər Əliyev adına Hərbi Liseydə ordumuz üçün ixtisaslı kadrlar hazırlanır.
Ali Məclisin aədri Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşünün faydalı olacağına əminliyini bildirib, təşkilatçılara təşəkkür edib.
Görüşdə iştirak edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər üç ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb, Naxçıvan görüşünün hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.
Türkiyənin milli müdafiə naziri İ.Yılmaz qədim tarixə malik Naxçıvan şəhərində olmağından məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. İ.Yılmaz Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasında beynəlxalq Moskva və Qars müqavilələrinin əhəmiyyətini vurğulayıb, son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlərin siyasi, iqtisadi, təhsil və digər sahələrdə münasibətlərin inkişafına töhfə verdiyini bildirib. İ.Yılmaz ölkəsinin dost və qardaş Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb, hərbi əməkdaşlıq sahəsində qarşılıqlı səylərin göstərildiyini qeyd edib.
Gürcüstanın müdafiə naziri İ. Alasaniya deyib ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşü hər üç ölkə arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin davam etdirilməsində və regionda sülhə nail olunmasında hərbi sahədə əməkdaşlığın mühüm rolu var.
Söhbət zamanı hər üç ölkə arasındakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin səfiri İsmayıl Alper Coşqun, Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler, Naxçıvandakı baş konsulu Əli Rza Akıncı, Gürcüstanın ölkəmizdəki səfirinin müavini İrakli Svanidze və Azərbaycandakı hərbi attaşesi Şalva Turaşvili də iştirak ediblər.