İsa Qəmbərin müşaviri İqbal Ağazadəni ələ saldı Siyasət

İsa Qəmbərin müşaviri İqbal Ağazadəni ələ saldı

Mustafa Hacıbəyli: "On il də deputat olsa, yəqin "fobiya" sözünün elə qorxu mənası daşıdığını biləcək"

Sərdar Cəlaloğlu: "Uğursuzluqlarını ört-basdır etməyin ən yaxşı yolunu başqalarını hədəfə almaqda görürlər"

Həbsdə olan "hüquq müdafiəçiləri"nin və siyasi məhbus hesab olunan şəxslərin "hüquqlarının müdafiəsi" uğrunda radikal düşərgədə başlamış qovğa və qarşılıqlı ittihamlar ara vermir. Belə ki, düşərgənin iki cinaha bölünməsi və hər cinahın ayrıca komitə yaratması təkcə iki əbədi düşmən olan İsa Qəmbərlə Əli Kərimlini deyil, onlarla müttəfiq olan partiyaları da üz-üzə gətirib.
Amma maraqlıdır ki, bu dəfə Müsavat Partiyasının başqan müşaviri Mustafa Hacıbəyli məhz Əli Kərimli ilə münaqişədə İsa Qəmbərin müdafiə edən Ümid Partiyasının sədri İqbal Ağazadəni məsxərəyə qoyub. Müşavir sosial şəbəkələrdə yazdığı statusunda Ümid Partiyasının sədrinin "savadsız olmasına" işarə edib: "İqbal Ağazadə siyasi savadını xeyli artırıb. O, əvvəllər "protest elektoratı" əvəzinə "proses elektoratı" deyirdi. Özünü çoxbilmiş sayan partiya sədri hətta opponetlərini maarifləndirmək istəyib, aləmi bir-birinə qatıb. Və bu dəfə başqa bir əndrabadi ifadə işlədib - qorxu fobiyası. Bir 10 il də deputat olsa, yəqin "fobiya" sözünün elə qorxu mənası daşıdığını biləcək".
Əli Kərimlinin siyasi ambisiyalarının girovuna çevrilən Milli Şura isə AXCP sədrinə qarşı sərt ittihamlar səsləndirən Sərdar Cəlaloğlunu hədəfə alıb. Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib ki, Sərdar Cəlaloğlunun bütün çıxışları müxalifətə qarşı yönəlib: "Belə halın baş verməsinə çox təəssüf edirik".
O bildirib ki, özünü demokrat hesab edən ADP sədri Sərdar Cəlaloğlunun nədənsə iqtidara qarşı heç bir çıxışı gözə dəymir: "Sərdar Cəlaloğlu müxalifətdə olan hər hansı bir tərpənişi ələ salır. Əslində belə etməli deyil. Əgər bu açıqlamalar Sərdar bəyə xeyir gətirirsə, qoy danışsın".
Bununla belə Vidadi Mirkamal Əli Kərimlinin mövqeyinə qarşı da mövqe sərgiləyib. O bildirib ki, KXCP və Müsavat partiyasının ideyası ilə yaradılan Birləşmiş Hüquq Müdafiə Komitəsinin gördükləri ümumi işin yalnız xeyrinə olacaq.
Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında Milli Şura sədri Cəmil Həsənlinin rəhbərlik etdiyi hüquq müdafiə komitəsinin işini ələ salmışdı. Sitat: "Yoxsa, gözüm atır ki, mən Cəmil Həsənli ilə birlikdə gedib kimisə müdafiə edim? Bəlkə Cəmil Həsənlinin imzası elə bir gücə malikdir ki, o, imza atandan sonra dərhal İntiqam Əliyevi buraxacaqlar? Sən özünü nə hesab edirsən axı? Onların işlərinə baxıram, gülməyim gəlir".
Sərdar Cəlaloğlu dünən də mediaya açıqlamasında düşərgədə baş verənlərdən danışıb. ADP sədri müxalifət daxilində qarşıdurmaların yaranmasını bəzi həmkarlarının məsələlərə real yanaşmaq qabiliyyətinin olmaması ilə izah edib: "Açığı, hansısa bir təşkilatla aramızda hər hansı gərginliyin yaranmasında maraqlı deyilik. Sadəcə toplantıların birində dedim ki, o adamlar niyə burada iştirak edib müdafiə aksiyasına qatılmırlar? Onlar isə mənim bu marağımı öz bildikləri kimi başa düşərək yersiz və əsassız kampaniyaya başlayıblar. Bizə qarşı olan hücumların səbəbi də mənə aydındır. Yəni 20 ildir ki, müxalifət daxilində gərginlik yaradan, qurulan birliklərin dağılmasına bais olan, düşərgənin bir araya gəlməsinə maneçilik törədənlər də, onların düşüncələri də dəyişməyib".
Sərdar Cəlaloğlu hesab edir ki, onların yanaşmasına görə, öz siyasi uğursuzluqlarını ört-basdır etməyin ən yaxşı yolu başqalarını hədəfə almaqdır: "Yəni müxalifət daxilində gedən didişmələrin əsas səbəbi siyasi nailiyyətsizlikdir. Təəssüf ki, müxalifətdəkilərin əksəriyyəti bu məsələlərə elmi cəhətdən yanaşa bilmirlər. Əslində, isə bütün bu uğursuzluqların elmi izahı olsa da, buna əhəmiyyət verən yoxdur".
S.Cəlaloğlu ADP ilə AXCP arasında gərginliyin davam etdiyi şəraitdə Ə.Kərimli ilə hər hansı təmasının olmadığını deyib: "Onunla heç bir təmasımız olmayıb. Ümumiyyətlə, hesab edirəm ki, belə bir təmasın nə mənə, nə ona, nə də başqa kiməsə faydası ola bilər".