"Əldə olunan razılaşma müvəqqəti xarakter daşıyır" Gündəm

"Əldə olunan razılaşma müvəqqəti xarakter daşıyır"

Hazırda ABŞ və İran arasında rəsmi olaraq hansısa imzalanmış sənəd yoxdur. ABŞ prezidenti Tramp isə bəyan edib ki, "razılaşma əldə olunub" və yaxın günlərdə əlavə olaraq danışıqlara başlanılacaq. İran rəsmiləri isə hələlik Trampın bu açıqlamasını təsdiqləyən heç bir açıqlama verməyiblər.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"İranın boğazda gəmilərə mane olmaması və neft tankerlərinin təhlükəsiz hərəkətinə və kecidinə təminat verməsi, ABŞ üçün əsas şərtdir. Bu baxımdan Trampın genişmiqyaslı hərbi əməliyyatlara başlamaqla bağlı qərarı, Körfəz ölkələri və İranın müraciətindən sonra təxirə salındı, deməsi, əlbəttə ki ABŞ-nin bu istiqamətdə əldə etdiyi uğuru hesab etmək olar. İrəlidəki günlərdə danışıqlar aparılacaq və nüvə proqramı ilə bağlı razılaşma gözlədiyini bildirən Tramp, İranın nüvə silahı əldə etməyəcəyinə dair daha sərt öhdəlik götürməsini mütləq ki, tələb edəcək" - politoloq deyib.

O, qeyd edib ki, əvəzində isə müəyyən sanksiyaların yumşaldılması variantı müzakirə edilə bilər: "Əlbəttə, hesab edirəm ki bu istiqamətdə mövcud bəyanatda səslənən detallarla bağlı razılığa gəliblər ehtimalı var. Amma, bütün bunlara rəğmən hər hansı bir razılaşmanın detalları barədə heç bir məlumat yoxdur. Bu səbəbdən də əldə olunan razılaşma hesab edirəm ki, müvəqqəti xarakter daşıyır və Körfəz ölkələri həm iqtisadi baxımdan, həm də genişmiqyaslı müharibənin regiona yayılmasından daha çox ehtiyat edirlər və bu səbəbdən də diplomatik həll variantlarına səy göstərirlər.

Trampın bu açıqlamasından sonra neft bazarında qiymətlərin aşağı düşməsi müşahidə olunur və onu da qeyd etmək istəyirəm ki, razılaşma hələ siyasi bəyanatlar mərhələsindədir və uğurlu olacağına hər kəs inanmaq istəyir. Uğursuz olacağı təqdirdə hərbi qarşıdurmanın yenidən başlaması ehtimalı var və hesab edirəm ki, Trampın dediyi kimi yaxın günlərdə yeni danışıqlar prosesinə başlamaq planı da məhz bu istiqamətdə işlərin əhəmiyyətli dərəcədə dəyişəcəyindən xəbər verir və hesab edirəm ki, bu razılaşma əvvəlki razılaşmalar kimi effektsiz olmaması üçün vasitəçi ölkələrin kifayət qədər təşəbbüs göstərmələri vacibdir".

Cavid