“Koronovirusa bağlı vəziyyət mürəkkəbləşir” Siyasət

“Koronovirusa bağlı vəziyyət mürəkkəbləşir”

Məhəmməd Əsədullazadə: “Əhalinin virusa inanmaması, maska və sosial məsafəyə riayət etməməsi bu vəziyyətə gətirib çıxarıb”

“Koronovirusa bağlı çox təssüf ki, vəziyyət mürəkkəbləşir. Əhalinin virusa inanmaması, maska və sosial məsafəyə riayət etməməsi bu vəziyyətə gətirib çıxarıb. Hər gün 300 dən çox yoluxma olduğu halda, yenə də inamsızlıq var”. Bunu “Xalq Cəbhəsi”nə politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, artıq xəstəxanalarda yer olmadığına görə virusa tutulanlar rayon xəstəxanalarına göndərilir: “Yaxın çevrəmdə tutulanlar var. İctimai nəqliyyat, metro və kafe-restoranlar virusun yayıldığı məkandır. Operativ Qərargah ciddi tədbirlər görməlidir. Operativ Qərargah yalnız virusa yoluxanların sayını elan etməklə işini bitmiş hesab etməməlidir.
Avtobus, metrolarda və restoranlarda qaydalara əməl edilmir. Aprel ayının əvvəlində nəqliyyat və metrolarda tətbiq olunan qaydalar yenidən tətbiq edilərsə, maska vurmayanlar simvolik cərimələnsə virusun yayılmasını azalda bilərik. Yoxsa, həftə sonu sərt karantin vəziyyətə müsbət təsir etməyəcək.
Övladlarınızın sentyabrda təhsil ocaqlarına getməsini istəyirsinizsə virusa inanıb maksimum qaydalara əməl edin. İtaliyada, İspaniyada dövlət və xalq qaydalara əməl edərək virusu tam lokallaşdıra bildilər. Virusa inanın və tam özünüzü, ailənizi qoruyun”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədovun sözlərinə görə, bu gün koronavirusa qarşı mübarizədə məhz son 16 ildə Azərbaycan səhiyyəsinin inkişafı imkan verdi ki, biz insanları böyük bəladan qoruya bilək: “Ümumilikdə bu günə kimi 750-dən çox tibb müəsisəsi tikilib və yaxud əsaslı şəkildə təmir olunub. Elə bir bölgəmiz yoxdur ki, orada müasir tipli səhhiyə ocaqları mövcud olmasın. Bu gün bir sıra Avropa ölkələrində çarpayı çatışmamazlığı ucbatından xəstəxanalar xəstələri qəbul etmir. Azərbaycanda isə simptomsuz xəstələrin belə müayinə olunması üçün bütün zəruri tibbi avadanlıqlar və şərait mövcuddur”. Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi yüksək maddi-texniki bazası ilə yarana biləcək hər bir problemə qarşı hazır vəziyyətdə idi: “Burada dövlətin, səhiyyə sisteminin aparacağı qabaqlayıcı və müayinə tədbirləri ilə yanaşı insanların da məsuliyyəti önə çıxmalıdır. Çünki bu, həm də insanların sosial məsuliyyətindən asılı olan məsələdir. Çünki insanlar bütün hallarda öz sağlamlığını düşünərək məsuliyyətli olmalıdır. Dünya təbabət elmi bu virusun öyrənilməsi qarşısında acizdir. Doğrudur, bəzi ölkələr vaksinin hazırlanması ilə bağlı sifarişlər alıblar. Hətta Avropa Birliyi 400 milyon doza sifariş verib. Virusun öyrənilməsi dedikdə, söhbət təkcə DNT-sinin deyil, bütünlüklə, zülalın sürətlə mutasiya etməsi barəsində araşdırmalardan gedir. Yəni hazırlanacaq vaksinin virusa təsirli olub-olmayacağı da bəlli deyil. Hətta vaksinin keyfiyyəti məsələsi istiqamətində də bir söz söyləmək çətindir.
Burada əsas prinsip sosial məsuliyyət məsələsidir. İnsanlar bu prinsipə riayət etmədikcə artım günbəgün çoxalacaq. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi 3 sadə məsələyə əməl etməliyik. Məsafə saxlamaq, maskadan istifadə etmək və əllərimizi dezinfeksiyaedici məhlullarla təmizləməklə virusdan qorunmaq olar. Bu gün qarşıda dayanan real vəzifə məhz sosial məsuliyyət və gigiyenik qaydalara riayət etməkdir. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyə və protokollara uyğun olaraq ölkəmizdə analoji addımlar atılır”.