Könül Nurullayeva: Avropa İttifaqının ərazi bütövlüyü ilə bağlı vahid yanaşması Ermənistanı narahat edir Siyasət

Könül Nurullayeva: Avropa İttifaqının ərazi bütövlüyü ilə bağlı vahid yanaşması Ermənistanı narahat edir

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iyunun 18-də baş tutan videokonfransında Ermənistan rəhbərliyi konstruktiv dialoq mühitini pozmağa çalışdı. Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Nikol Paşinyanın özünəməxsus isterik davranışlarından və əsassız fikirlərindən aydın olurdu ki, o, Şərq Tərəfdaşlığı ölkələrinin zirvə konfransını hakimiyyətə gəldiyi vaxt Ermənistan küçələrində keçirdiyi mitinqlərlə səhv salır:
"Bu toplantıda Paşinyan nəinki beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etdi, hətta Avropa Məhkəməsi kimi nüfuzlu qurumun qəbul etdiyi hüquqi sənədləri təhrif etməyə çalışdı. Halbuki Paşinyanın dediklərinin əksinə olaraq, Avropa Məhkəməsi Ramil Səfərov işində Azərbaycan dövlətini baş vermiş hadisədə təqsirli bilməyib və sənəddə irqçiliklə bağlı hər hansı ittiham yoxdur. Bu hal fərdi əsasda baş vermiş davranış kimi qiymətləndirilib. Paşinyanın terrorçuluqla bağlı çıxışı isə Ermənistanın terrorçu mahiyyətilə birbaşa ziddiyyət təşkil edirdi. Buna görə də Prezident İlham Əliyev növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini əsaslı arqumentlərlə ifşa etdi. Dövlət başçımızın “Ermənistanın baş nazirinə terrorçuluq haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdular" deyərək, Parisin Orli hava limanında terror hadisəsi törədən Varujan Karapetyanın Ermənistana ekstradisiyasını və əfv edilməsini xatırlatması Paşinyanı növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında çıxılmaz vəziyyətə saldı.
Bu toplantıda baş verənlər bir daha göstərdi ki, Paşinyan kimi siyasi diletantların böyük siyasətdə yeri yoxdur.
Avropa Ittifaqi ilə əməkdaşlığa gəlincə, İttifaqa ianə mənbəyi kimi baxan Ermənistanla qlobal səviyyədə humanitar missiya yerinə yetirən Azərbaycanın fərqi aydın görünür.
Ermənistandan fərqli olaraq, videokonfransda da vurğulandığı kimi, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və İttifaqla münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir".
K.Nurullayeva vurğulayıb ki, bu gün Azərbaycan Avropa Birliyinə üzv 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb:
"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Burada ən vacib məqam Avropa İttifaqı üçün ərazi bütövlüyü və milli suverenliyin prioritet təşkil etməsidir.
Məlumdur ki, 2 il əvvəl -2018-ci ildə Brüsseldə paraflanmış Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədində tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.
Bu günlərdə Avropa Parlamentinin məruzəçiləri də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını açıq-aşkar bəyan edib. Eyni zamanda milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsi Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsas elementidir. Bu faktlar Avropa İttifaqının ərazi bütövlüyü məsələsinə münasibətdə vahid yanaşmaya doğru istiqamətləndiyini göstərir ki, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hüquqi bazanın möhkəmlənməsi baxımdan olduqca vacibdir".