Səfir: Brest qalasının müdafiəsində iştirak etmiş azərbaycanlıların tam siyahısı muzeydə qeyd olunmalıdır -FOTO Siyasət

Səfir: Brest qalasının müdafiəsində iştirak etmiş azərbaycanlıların tam siyahısı muzeydə qeyd olunmalıdır -FOTO

İkinci Dünya müharibəsi qurbanlarının ümumxalq xatirə günü münasibətilə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və diplomatlar Brest Qalasında yerləşən abidənin önünə gül çələngi qoyub və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfirlikdən bildiriblər ki, tədbirdə səfirliyin müşaviri Nizami Rüstəmov, hərbi attaşe Elşən Rəhimov və səfirliyin ikinci katibi Ceyhun Məmmədov da iştirak ediblər.
Səfir Lətif Qəndilov, eyni zamanda, Brest qalasının muzeyinin rəhbərliyi ilə görüşüb. O, səfirlik tərəfindən Brest qalasının müdafiəsində iştirak edən azərbaycanlıların siyahısını rəsmi məktubla təqdim etdiklərini xatırladaraq, ədalətin bərpa olunması üçün onların adlarının Brest qalasının müdafiəçilərinin siyahısına salınmasının vacibliyini vurğulayıb və bu məqsədlə görülən işlərlə maraqlanıb.
Muzeyin rəhbərliyi bu istiqamətdə araşdırmaların aparıldığını bildirib və nəticə olduğu təqdirdə səfirliyin məlumatlandırılacağını qeyd edib. Səfir isə öz növbəsində, məsələnin çox ləng getdiyini söyləyib və bu istiqamətdə daha aktiv işləmələrini xahiş edib.
Səfirlik 2021-ci ildə İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar azərbaycanlı qəhrəmanların adlarının da Brest qalasının müdafiəçiləri siyahısına salınması üçün fəaliyyətini davam etdirir.