“Elə bilirsiniz kefimizdən Rusiyanı vasitəçi kimi qəbul etmişik?” Siyasət

“Elə bilirsiniz kefimizdən Rusiyanı vasitəçi kimi qəbul etmişik?”

Qüdrət Həsənquliyev: "Bilə-bilə ki, torpaqlarımızın işğal altında qalmağın əsas günahkarı Rusiyadır, bu gün bu dövlətlə dostluqdan danışırıq"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibə verib, onun birinci hissəsini təqdim edirik:
-Hər dəfə deputatlar müəyyən məsələləri qaldırırlar, təkliflər səsləndirirlər, amma spiker demək olar ki, əksər hallarda heç bir reaksiya bildirmədən sözü növbəti çıxışçıya verir. Sonradan ondan soruşulurmu ki, filan təklif filan yerə çatdırıldımı, nə cavab verildi?
-Yox, belə təmaslar olmur. Onu bizim müzakirə etmək imkanımız da yoxdur ki, niyə mənim fikirlərimə reaksiya verilmədi. Siz də görürsünüz ki, sədr istəyəndə reaksiya bildirir, istəməyəndə üstündən sükutla keçərək növbəti şəxsə söz verir.
-Ən azından təklifləri yazılı formada lazımi instansiyalara göndərirlərmi?
-Əvvəllər bəzi məqamlarda qaldırdığımız məsələlərlə bağlı Milli Məclisin Aparatının işçiləri tərəfindən bizə məlumat verilirdi ki, siz qaldırdığınız filan məsələ ilə bağlı müvafiq dövlət orqanına müraciət etmişik və cavab bundan ibarətdir. Bir müddət belə bir fəaliyyət oldu, amma sonra heç bu da olmadı. Mənim qaldırdığım məsələ təkcə Milli Məclis rəhbərliyinə aid olan məsələ deyil. Mən parlamentin ötən iclasındakı çıxışımda da söylədim ki, bu, siyasi hakimiyyətlə bağlı məsələdir. Burada prezidentin qəbul edəcəyi qərar önəmlidir. Mən yenə də o fikrimdə qalıram ki, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan şəxslər hansı formada ittiham edilib barələrində müvafiq cəzalar kəsilməsindən asılı olmayaraq, hətta araşdırılmadan bu şəxslər barəsində məhkəməyə qədərki həbs qətimkan tədbiri dəyişdirilməli, siyasi məhbus hesab olunan şəxslər azad olunmalıdır. Mən parlament tribunasından da bunu söylədim, mətbuatda da dilə gətirdim ki, bizim Qarabağ kimi böyük problemimiz var, biz beynəlxalq birliklə qarşıdurmaya getməməliyik, 5-10 nəfərə görə onlarla üz-üzə gəlməməliyik.
-YAP-çı deputat Siyavuş Novruzovsa fərqli düşünür. O ampluasına sadiqlik sərgiləyərək yenə beynəlxalq təşkilatları quru yuyub yaş sərib və hətta onların erməni lobbisinin yedəyində olduqlarını iddia edib. Hansı məntiqlə hakimiyyət beynəlxalq birliklə işləməkdən imtina siyasəti yürüdür?
-Hesab etmirəm ki, beynəlxalq təşkilatlarla işləməkdən imtina edilib. Beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətindən tələbləri var, yəni Avropa Parlamentinin məlum qətnaməsi var və Avropa Şurasının qəbul etdiyi son qərarda da Azərbaycanla bağlı bir müddəa salınıb ki, siyasi məhbus hesab olunan şəxslər azad olunmalıdır. Mən hesab edirəm ki, Azərbaycan bu çağırışlara cavab verməlidir və həmin şəxsləri azad etməlidir. Bu isə beynəlxalq birliklə yeni əməkdaşlıq üçün yol açacaq. Xatırlayırsınızsa mənim çıxışımdan sonra Bahar Muradova da söz alaraq bildirdi ki, hətta Azərbaycan bu addımı atsa belə, onlar yeni bəhanələr tapacaqlar və Azərbaycana bu təzyiqlər davam edəcək. Azərbaycan da çalışmalıdır ki, onlar yeni bəhanələr tapmasınlar. Eyni zamanda hesab edirəm ki, Siyavuş Novruzov da haqlıdır. Beynəlxalq təşkilatlar heç də həmişə ədalətli mövqe sərgiləmirlər. Biz bunu Dağlıq Qarabağ probleminin çözümü cəhdlərində çox görmüşük. Bəziləri deyir ki, Avropa Birliyi Azərbaycana qarşı münasibətdə necə ikili standartlar yürüdə bilər ki, Avropa Parlamenti Dağlıq Qarabağı və ətraf rayonları işğal olunmuş ərazilər hesab edir. Avropa Parlamentinə belə bir qərarın qəbulu ona görə lazımdır ki, Azərbaycanla işləyə bilsin. Onsuz da Ermənistana heç bir təzyiq etmirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yada salan yoxdur. Mən parlamentdəki çıxışımda da dedim, biz Avropa Parlamentinin qətnaməsini necə səmimi qəbul edə bilərik ki, həmin siyasi məhbus edilən şəxslər azad edilməyəcəyi təqdirdə Azərbaycana Avropa Birliyi tərəfindən yardımın dayandırılmasına çağırış edilir. Tutaq ki, doğrudan da siyasi məhbus hesab edilən bir neçə nəfər var və bunlara görə Azərbaycana sanksiya tətbiq etməyə çağıran bu qurum 1 milyon insanı ev-eşiyindən didərgin salan, özləri də Dağlıq Qarabağı və ətraf 7 rayonun işğal olunduğunu etiraf etsələr belə bu işğalı həyata keçirən ölkəyə nəinki sanksiya, heç bir çağırış da etmirlər ki, işğala son qoysunlar. Amma bütün bu ikili yanaşmalara baxmayaraq mən yenə də o fikrimdə qalıram ki, bu acı reallığı bizim udmaqdan və qəbul etməkdən başqa yolumuz yoxdur. Ona görə ki, dünyanın xəritəsini bu gün Amerika və Qərb yenidən cızmağa başlayıb, onlar qərar qəbul edirlər ki, gələcək xəritədə kimlərə hansı rol veriləcək. Rusiya kimi nüvə silahına malik bir ucu Avropada, o biri ucu Asiyada olan, bir tərəfində gün doğanda o bir tərəfində gün batan nəhəng bir ölkə bu qədər sanksiyalara məruz qalsa da Putinin və Lavrovun çıxışlarında əməkdaşlıq çağırışları tükənmək bilmir. Yəni çalışırlar ki, heç olmasa bu sanksiyaları bir az yumşaltsınlar və Avropa Birliyi ilə Amerikanı bir-birindən ayırmaq cəhdləri edilir. Yəni hətta Rusiya belə bu iki gücün birliyinə müqavimət göstərmək imkanında olmadığını büruzə verir. Amma bizdə baxın görün nələr baş verir? Obama Azərbaycanla bağlı çıxış edir, Avropa Parlamenti isə qətnamə qəbul edir. Yəni faktiki surətdə Avropa Birliyi və Amerika birlikdə Azərbaycanın üstünə gəlir. Bizdə də Rusiyanın gücü yoxdur ki, ən azından müqavimət göstərək və bu iki gücü bir-birindən ayıraq. Mən də bütün bunları nəzərə alaraq parlamentin sonuncu iclasında bu çıxışı etdim. Halbuki zalda əhval-ruhiyyə tamam fərqli idi və hamı Avropa Parlamentinə qarşı etiraza köklənmişdi, deputatların biri o birindən daha kəskin çıxış etməyə çalışırdı. Belə bir ab-havada mən söylədim ki, qarşıdurmadan çəkinmək lazımdır. Dedim ki, biz necə bu gün Rusiyanı vasitəçi kimi qəbul etmək zorundayıq? Biz buna məcburuq. Siz elə bilirsiniz biz kefimizdən Rusiyanı vasitəçi kimi qəbul etmişik? Biz bilə-bilə ki, torpaqlarımızın işğal altında qalmağın əsas günahkarı Rusiyadır, bu gün bu dövlətlə dostluqdan, əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsindən danışırıq. Yəni bu acı reallığı qəbul etdiyimiz kimi Qərblə dil tapmaq məsələsində acı reallığı da qəbul etmək zorundayıq.
-Cəmiyyətə belə bir fikir də hakim kəsilib ki, Azərbaycan iqtidarının beynəlxalq təşkilatlarla dil tapa bilməməsində diplomatiyamızın səriştəsizliyi həlledici rol oynayır. Yeri gəlmişkən, bir neçə ay öncə Siz Elmar Məmmədyarovu bu iqtidarın ən zəif kadrı hesab etmişdiniz...
-Bu barədə bir dəfə sizin saytınızda demişdim, ona görə də dediklərim təkrarçılıq kimi anlaşıla bilər. Mən bu barədə Milli Məclisdə də demişəm ki, bizim xarici siyasətin həyata keçirilıməsində ağırlıq mərkəzi Xarici İşlər Nazirliyindən parlamentə keçib. Mən bunu əslində müsbət hal kimi söyləməmişdim. Reallıq ondadır ki, beynəlxalq təşkilatlarla işi hal-hazırda Xarici işlər Naziriliyi görmək əvəzinə bizim ayrı-ayrı millət vəkilləri, deputat qrupları görürlər. Mən demirəm ki, biz bu işi görməməliyik. Amma bizdən öncə hansı ölkədə hansı iş aparılmasını XİN və onun səfirlikləri müəyyənləşdirməlidir. Həmin ölkələrdə oturan diplomatlar bilməlidir ki, işlədikləri ölkədə Azərbaycana münasibət necədir və medianı diqqətlə izləməklə oradakı ictimai rəyi bilməlidrilər. Məsələn, necə ki, biz Azərbaycanda hansı parlamentarinin gördüyü işin nədən ibarət olduğunu bilirik, eləcə də onlar çalışdıqları ölkədə kiminlə əlaqələr qurmaq lazım olduğunu müəyyənləşdirməli, lazım olduqda da Azərbaycanın millət vəkillərini həmin ölkəyə dəvət edərək onların görüşlərini təşkil etməlidirlər. Amma bunların heç birini görə bilmirik. Ona görə də hesab edirəm ki, 60 ölkədə fəaliyyət göstərən səfirliklərimizin fəaliyyəti kifayət qədər gücləndirilməlidir. Prezident ildə bir dəfə onları Bakıya dəvət edərək tapşırıqlar verir, amma onlarla normal iş qurulmur. Mənim təmasda olduğu səfirlər də var, bilirəm ki, onlarla mütəmadi iş aparılmır, belə deyək ki, vaxtlı-vaxtında o səfirlərə göstərişlər və təlimatlar verilmir, onlardan hesabatlar tələb olunmur. Yəni səfirliklərin hesabatlılığı olmalıdır ki, görülən iş ortalığa çıxsın. Mən əminəm ki, XİN və səfirliklər normal iş qura bilsələr qısa zamanda ən azı Dağlıq Qarabağ məsələsindəki reallıqları dünyaya olduğu kimi çatdıra bilərik.
-Milli Məclisdə cəmiyyətin arzuladığı və nəticə gözlədiyi sahələrlə bağlı demək olar ki, Sizdən başqa barmaqla sayılacaq deputatlar məsələ qaldırır. Bir müddət öncə AZAL ilə bağlı parlamentdə fikir bildirib onların qiymət siyasətini ifşa etmişdiniz. Amma heç bir nəticə olmadı. Əksinə, artıq müalicəyə İrana gedən kimi millət xaricə getmək üçün gedib Tiflisdən uçmağa məhkum edilib. Çünki AZAL-ın təklif etdiyi qiymətlər millət üçün sadəcə əlçatmazdır...

Ardı var...